Siyasi partiyalarımız bəyanat yaydı, amma...

27 Noyabr 2020 09:07 (UTC+04:00)

"Fransa Senatı qəbul etdiyi üzdəniraq qətnamə ilə bir daha öz ölkəsinin ədalətsizliyin, haqsızlığın, separatizmin yanında olduğunu təsdiqlədi" Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı bəyanat yayıblar. "Məlum olduğu kimi, Fransa Senatı bu gün - noyabrın 25-də Dağlıq Qarabağdakı qondarma qurumu tanımağı tövsiyə edən qətnaməni müzakirəyə çıxarmağa hazırlaşır. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar olaraq təəssüflə bəyan edirik ki, Fransa Senatının bu hərəkəti bizim üçün gözlənilməz deyildi, belə bir addım atılacağını gözləyirdik. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən başlamış qərəzli mövqe Tovuz rayonunda Azərbaycan sərhədlərinin pozulması zamanı, xüsusən də İkinci Qarabağ müharibəsinin gedişində və müharibədən sonra özünü daha qabarıq büruzə verdi". Bəyantda həmçinin qeyd edilir ki, dünyada ikili standartlarla, eyni hadisəyə fərqli yanaşma ilə ədalət təmin edilə bilməz… "Azərbaycan ictimaiyyətinə Emmanuel Makronun da etnik lobbilər, konkret olaraq erməni lobbisi tərəfindən ələ alınması, öz fəaliyyətini erməni lobbisinin maraqları ilə uzlaşdırması haqqında məlumatlar bəllidir. Makronun Qarabağdakı "erməni dini və tarixi-mədəni abidələrinin" qorunması vacibliyindən danışdığı halda, İkinci Qarabağ müharibəsi zamanı ermənilərin hərbi cinayətləri nəticəsində 94 günahsız mülki şəxsin həlak olması barədə susması onun riyakarlığını bir daha göstərir. Emmanuel Makronun ermənilərə münasibətdə göstərdiyi canfəşanlığın arxasında duran əsl səbəbləri tarix göstərəcəkdir. Biz siyasi partiyalar olaraq bəyan edirik ki, indi daha konkret addımlar atmaq zamanı yetişmişdir. Fransa Senatının Dağlıq Qarabağla bağlı qətnaməsi qəbul olunacağı təqdirdə, açıq-aşkar işğalçını dəstəkləyən ölkə bundan sonra ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılmalı, Fransa ilə bütün siyasi-iqtisadi münasibətlərə yenidən baxılmalı, bütün mədəni layihələr dayandırılmalıdır" - deyə bəyantda vurğulanır. Bu bəyanat Fransa siyasətçilərinin qərarlarına təsir edə bilərmi? "Novoye vremya" qəzetinin baş redaktoru, siyasi şərhçi Şakir Ağayev bizimlə söhbətində təəssüflə hissilə bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı yaydığı bəyanat Fransa senatının verəcəyi təsirsiz qalıb:"Bu bəyanat dünən yayılıb. Dünən axşam da Fransa Senatı bu üzdən iraq qərarı qəbul edib. Görünür ki, bu bəyanat Fransa Senatının bu mənfur qərarı qəbul etməsinin qarşısını ala bilmədi. Əvvəlcədən də təsir etməyəcəyi gözlənilirdi, Fransa Senatı bu qərarı qəbul edəcək, etdi də. Təbii, Bu müraciəti etmək Azərbayanda fəlaiyyət göstərən siyasi partiyaların haqqıdır, borcudur. Təkcə siyasi partiyalar deyil, QHT-lər də, Azərbaycan ictimaiyyəti də Fransaya belə bir müraciət etməli idilər ki, Fransa Senatı bu mənfur qərarı qəbul etməsin, bu addımın qarşısı alınsın. Amma təbii ki, Fransa Senatı ermənipərəstlik nümayiş etdirərək bu bəyanatı nəzərə almadı. 30 il Ermənistanın Qarabağı və ətraf rayonları işğalda saxlamasını, ermənilərin ərazilərimizdə vandalizm aktları törətməsi faktlarını dəstəkləyən Fransa bu gün də bu çirkin mövqeyindən əl çəkmir. Bu gün Azərbaycan öz torpaqlarını azad edib və BMT-nin 4 məlum qətnaməsini həyata keçirib. Fransa buna qarşı çıxırsa açıq bilinir ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə mane olamaq bu ölkənin öz qarşısına qoyduğu məqsəd idi. Fransa Senatının qəbul etdiyi mənfur dəyər həmişə təriflədikləri Avropa dəyərinin nə olduğunu ortaya qoydu. Budur Avropanın dəyərləri-haqsızlıq, ədalətsiz, öz maraqlarını hər şeydən üstün tutmaq. Onlar üçün insan haqqları, demokratiya onların maraqlarının təmin edilməsi üçün ortaya atılmış bir şüardır. Fransa Senatının qəbul etdiyi üzdən iraq qətnamə də bir daha sübut etdi ki, bu ölkə üçün demokratiyanın, insan haqqlarının, haqq-ədalətin heç bir dəyəri yoxdur". Ş.Ağayev qeyd etdi ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi bitərəf mövqe tutmaq əvəzinə Minsk qrupunun digər həmsədr ölkəsi olan Rusiyanın Türkiyə ilə münaqişəni birgə həll etməsinə çox qısqanclıqla yanadı. Ş.Ağayevin sözlərinə görə, Fransa münaqişənin həlli prosesindən kənar qaldığı üçün bu cür ədalətsiz addımlar atır. Ş.Ağayevin fikrincə, Fransa münaqişənin həllini alqışlamaq, sülhü də möhkəmlətmək əvəzinə qızışdırıcı rol oynayır ki, münaqişə yenidən qızışsın və o da Cənubi Qafqaz bölgəsində itirdiyi mövqeyini bərpa etsin. "Ən pis cəhət odur ki, Fransa bir dövlət kimi özünün BMT-dəki səsinə hörmət etmədi. Fransa BMT Təhlüksəzilik Şurasının beş daimi üzvündən biridir və o 4 qətnamənin çıxarılmasına da səs verib. Bu dövlət dünən qəbul etdiyi mənfur qətnamə ilə öz səsinə qarşı çıxdı, səsinə hörmətsizlik etdi. Buna görə də, təbii ki, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar etməli olduqlarını etdilər və bu qərarın qəbul edilməsinin qarşısının alınması üçün bəyanat verdilər, amma Fransa Senatı qəbul etdiyi üzdən iraq qətnamə ilə bir daha öz ölkəsinin ədalətsizliyin, haqsızlığın, separatizmin yanında olduğunu təsdiqlədi. Azərbaycanın başqa qurumları da müraciət etmişdi. Bu müraciətləri, bəyanatları görməzdən gələn Fransa öz dəyərsizliyini ortaya qoydu. Fransa uzun illər Afrikada insan haqlarını tapdayıb, insanlara qarşı genosid siyasəti həyata keçirib, o dövlətlərin sərvətlərinə yiyələnmək üçün onları işğalda saxlayıb. Afrika dövlətlərdə qanlı qətlimalar törədən Fransanın nə dəyəri ola bilər? Bütün hamısı bundan ibarətdir" -deyə Ş.Ağayev vurğuladı.

Leyla QARAXANLI