Aləm Cənnətə Dönsə, Yaddan Çıxmaz Qarabağ!

27 Noyabr 2020 11:39 (UTC+04:00)

Qarabağ bizim cənnət məkanımız, igidlər yurdumuz, füsunkar təbiəti ilə göz oxşayan doğma diyarımızdır. Hər qarış torpağı bizim üçün əzizdir, qiymətlidir. Bu günə qədər Azərbaycan dövləti müstəqil olsa da tam deyildi. Hər gün Qarabağ kimi qanayan yarası olan bir dövlət necə tam ola bilərdi ki? Bu gün isə biz artıq tamamlanmış müstəqil bir dövlətik çünki, doğma torpağımız olan Qarabağ artıq azaddır. Mənfur düşmən bir-bir bütün torpaqlarımızı tərk etməyə məcbur olur. Haqq ədalət öz yerini tapır . 25 noyabr 2020-ci il bu gündə tariximizə qızıl hərflərlə yazıldı. 28 il öncə Azərbaycan da hakimiyyətdə olan rəhbərlərin siyasi səriştəsizliyi üzündən itirdiyimiz doğma torpağımız olan Kəlbəcər şəhəri bu gün Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində geri qaytarıldı. Kəlbəcər artıq azaddır! Kəlbəcər şəhəri coğrafi cəhətdən də bizim üçün çox mühüm əhəmiyyət kəsb edirdi. Bu səbəbdən də bu şəhərin azad olunması Azərbaycan dövlətinin siyasi gücünü bir daha bütün dünyaya sübut edir. Mənfur düşmən Kəlbəcər şəhərini tərk edərkən ağacları kökündən qoparıb, məktəbləri yandırıb, evləri dağıdaraq bir daha öz vəhşiliklərin nümayiş etdirdilər. Onlar Kəlbəcər şəhərindəki təbii sərvətlərimizi də talan ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Kəlbəcərin azad olunması xəbərini verərkən bütün dağıdılmış evlərin bərpası üçün, şəhərin yenidən abadlaşdırılması üçün artıq göstərişlər verdiyini açıqlayıb. Tezliklə Kəlbəcərdə həyat yenidən canlanacaqdır. Sadəcə Kəlbəcər yox bütün Qarabağ yenidən abadlaşacaqdır. " Aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ". Əziz Qarabağ, sən heç vaxt yaddan çıxmadın, hər bir azərbaycanlının qəlbin də yaşadın. Həsrət bitdi. Biz geri qayıtdıq!

Məmmədova Simranə,

Nəsimi rayon gənci