Azərbaycanda keramik məhsulların bazarı böyüyür

27 Noyabr 2020 10:31 (UTC+04:00)

Azərbaycanda keramika məmulatlarına tələb ildən-ilə artır. Daxili tələbatın bazar dəyəri bir neçə yüz milyon manatla ölçülür. Bazarın böyüməsinə əhalinin sayının artması, insanların gəlir səviyyəsinin yüksəlməsi, eyni zamanda keramik məhsullardan daha çox sahələrində istifadə edilməsi və bu növ məhsulların uzunömürlü, davamlı olması ilə bağlıdır.

Keramika dedikdə bişmiş gildən hazırlanan məhsullar nəzərdə tutulur. Adi kərpic, kafel və metlaxlar, məscidlərin, tarixi abidələrin divarlarındakı xüsusi naxışlar, məişətdə istifadə edilən qablar, xalçalar formasında işlənən çaşıların hamısı keramikanın bir növüdür. Evdə istifadə etdiyimiz boşqab, fincan, nəlbəki də keramikadır. Həmçinin müxtəlif kiçik sexlərdə dulusçular tərəfindən hazırlanan bütün əl işləri ümumi keramika məhsulu hesab edilir. Bu sənətdə müəyyən formaya salınan gil bişib, daş halına düşür. Bişmiş keramika məhsulu minilliklərlə, on minilliklərlə qalsa da məhv olmur. Buna görə də keramik məhsullar sınmadığı halda məişşətdə illərdə, bəzən onillərlə istifadə edilir.

İnsanların sayının artması ilə əlaqədar daha çox keramika məhsuluna ehtiyac var. Bu səbəbdən də dünyanın bir çox ölkəsində böyük istehsal müəssisələri fəaliyyət göstərir və həmin istehsal zavodlarında külli miqdarda istehsal edilən keramika məhsullarından məişətdə istifadə olunur. Ölkəmizdə keramika məhsullarına tələbin böyük olmasına baxmayaraq bu növ məhsulların istehsalında axsama müşahidə edilir. Azərbaycanda əsasən tikinti materialları sahəsinə aid olan keramik məhsulların istehsalı təcrübəsi geniş yayılıb.

Son illərdə tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən və keramik məhsullar istehsal edən bir neçə müəssisə açılıb. Bunlardan üzlük daş istehsalı, keramik divar və döşəmə plitələri istehsalını, boru istehsalını, fasad bəzəklərinin istehsalını misal çəkmək olar. Ölkəmizdə bu tikinti məhsulları arasında keramik divar və döşəmə plitələri istehsalı daha məhşurdur, bazarda böyük paya sahibdir. 2018-ci ildə 2,42 milyon kvadrat metr ölçüdə kafel-metlax istehsal edilib. Bundan başqa Azərbycanda müxtəlif ölçüdə kərpiclər istehsal olunur. Demək olar ki, kərpıcə olan tələbin 90 faizdən çoxu yerli istehsal hesabına ödənilir. Keramik məmulatların istehsalı ilə bağlı digər sahələrdə isə sənaye əhəmiyyətli istehsal zəifdir. Xüsusən məişətdə istifadə məqsədilə keramik qab-qacaq istehsalı yoxdur. Yalnız əl işi olan keramik məhsullara rast gəlmək olur. Əl işi olan keramik məhsulların qiyməti kütləvi istehsaldan dəfələrlə baha başa gəldiyindən alıcının marağına səbəb olmur. Alıcı həmişə qiyməti sərfəli olan məhsulları aldığından kiçik emalatxanalarda istehsal edilən keramik məhsulların dövriyyəsi kiçilir.

Bununla əlaqədar olaraq Azərbaycan keramika məmulatlarına olan tələbatının böyük hissəsini idxal hesabına ödəyir. Statistika göstərir ki, ildən-ilə bu cür məmulatların idxalı sürətlə artır. Azərbaycan 2015-ci ildə 48,5 milyon dollar dəyərində keramika məmulatı idxal edib. 2017-ci ildə idxal dəyəri 61 milyon dollara, 2018-ci ildə 90 milyon dollara yüksəlib. 2019-cu ildə keramika məmulatlarının idxalı 100 milyon dolları ötüb. İdxal edilən əsas keramika məhsulları kafel-metlax, məişətdə istifadə edilən əşyalar (qab-qacaq), hamam-tualet ləvazimatları, tikinti materialları (üzlük materiallar) və s. təşkil edir. Keramika məmulatları əsasən Çin, Türkiyə, Almaniya, Çexiyadan idxal olunur. İdxal səbəbindən böyük məbləğdə valyuta xaricə axır.

Halbuki Azərbaycanda vaxtilə keramik məhsullar istehsal edən iri müəssisələr mövcud olub. Gəncə Çini Qablar Zavodu bu sahədə ən iri müəssisə idi. 1970-ci ildə fəaliyyətə başlayan müəssisədə çini-keramika məhsulları, əsasən qablar istehsal edilib. Zavod 25 ildən çox müddətdə faəliyyət göstərib, istehsal etdiyi Şərq dəstləri, çay, şərbət, gülab dəsti, çaydan, kasa, piyalə və s. məhsulları ilə məhşur olub. Müəssisə 1996-cı ildə fəaliyyətini tamamilə dayandırmaq məcburiyyətində qalıb. Çünki Sovetlər Birliyi dağılandan, sərhədlər açılandan sonra xaricdən Azərbaycana daha böyük çeşiddə və ucuz çini qablar idxalına başlanıldı. Həmin məhsullarla rəqabət apara bilməyən müəssisə öz məhsullarını sata bilmədi və nəticədə fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı.

1998-ci ildə Gəncə çini qablar zavodu özəlləşdirildi. Müəssisənin hazırkı hüquqi varisi "Gəncə çini qablar" ASC-dir. Özəlləşdirilmədən sonra da müəssisənin fəaliyyətini bərpa etmək mümkün olmadı. Zavodun yenidən istehsala başlanması ilə yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin edilməsi, qeyri-neft sektorunun inkişafında irəliləyişə nail olunması və xaricə valyuta axınının azaldılması baxımından önəmli olardı.

Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi İctimai Birliyinin rəhbəri İlkin Qarayev sənaye məqsədilə keramika məhsullarının istehsalının təşkili üçün bazarın dərin təhlilinin aparılmasının vacib olduğu qənaətindədir. O hazırda bir neçə müəssisənin fəaliyyət göstərdiyini və onların tikinti sektporu üçün məhsul istehsal etdiyini bildirdi. İ.Qarayev digər sahələrdə keramika məhsullarının istehsal müəssisələrinin olmadığını söylədi.

Onun fikrincə, bu sektor digər sahələrdən spesifik xüsusiyyətlərinə görə fərqlənir və burada rəqabət aparmaq üçün məhsul keyfiyyətli olmaqla yanaşı, qiyməti də əlverişli olmalıdır: “İstənilən halda sahə dəqiq təhlil edilməlidir, daxili bazarın tələbatı öyrənilməlidir və bu sahədə sənaye əhəmiyyətili istehsalı artırmaq üçün zərurət yaranarsa dövlət dəstəyi də göstərilməlidir”.

Onu da əlavə edək ki, hazırda ölkəmizdə Azərbaycan Rəssamlar İttifaqının nəzdində fəaliyyət göstərən müəssisədə keramika məhsulları istehsal edilir. Amma bu məhsullar baha başa gəldiyindən önların satışı zəifdir.

Vasif CƏFƏROV