AHİK Bəyanat yaydı

27 Noyabr 2020 13:54 (UTC+04:00)

AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASININ İCRAİYYƏ KOMİTƏSİNİN   
BƏYANATI

Noyabrın 25-də Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin  vasitəçilərindən olan Fransa Senatının bu ölkədə fəaliyyət göstərən türkofob, islamofob siyasi dairələrinin  və erməni lobbisinin təhriki ilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış və noyabr ayında (2020-ci il) mövcudluğuna son qoyulmuş «Dağlıq Qarabağ Respublikası»nın tanınmasını tövsiyə edən qətnamə qəbul etməsi ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi aşağıdakıları bəyan edir: 
Fransa rəhbərliyinin, bu Qərbi Avropa ölkəsinin dövlət orqanlarının  Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə tutduğu mövqe əslində tam mövqesizlikdir, hüquqtanımazlıqdır. Fransanın bu «mövqeyə»  istinadən etdiyi hərəkətlər ən elementar tənqidə belə tab gətirmir. Ona görə ki, Fransa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir, bu onun üzərinə tarixi, siyasi, mənəvi məsuliyyət qoyur.
Fransa Respublikası Senatında qondarma “artsax”ın tanınmasının mümkünlüyü haqqında sənədin müzakirəyə çıxarılması Azərbaycanın dünya birliyi, beynəlxalq ictimaiyyət tərəfindən, o cümlədən Fransanın özü tərəfindən tanınmış suverenliyinə, ərazi bütünlüyünə qarşı qəsddir. Bu, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış suveren hüquqlarına, birgəyaşayış normalarına qarşı çox kobud müdaxilə cəhdidir. Bu, Qafqazın iki dövləti arasında ədalətli sülh anlayışının elementar tələblərinə cavab vermir.     Müharibənin hərbi mərhələsinin başa çatdığı, siyasi-diplomatik mərhələnin başladığı, ədalətli nizamlanmaya inam yarandığı bir dövrdə Fransa 44 gün ərzində də erməniyönlü mövqe tutmuşdu. Fransa elan olunmamış Ermənistan - Azərbaycan müharibəsinə münasibətdə, demək olar, həmişə Ermənistanın yanında durub. Ona görə, heç olmazsa, müharibənin başa çatıb, siyasi çözümün başladığı dövrdəsə Fransa öz dövlət imicinin, vasitəçi mandatının qayğısına qalmağa borcludur.
Fransa Senatının qəbul etdiyi bu qətnamə Avropa İttifaqının və Avropa Parlamentinin, Avropa Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi sənədlərin, Fransa Respublikasının özünün də dəstəklədiyi, BMT-nin dörd qətnaməsinin tələblərinin hecə sayılmasıdır.
Qətnamədə Azərbayanın həyata keçirdiyi əks-hücum əməliyyatında Türkiyə Silahlı Qüvvələrinin və Yaxın Şərqdən cəlb olunan muzdluların iştirakı, dinc əhaliyə qarşı guya müharibə  cinayətləri barədəki iddia heç bir fakta əsaslanmır və böhtan xarakterlidir. Əksinə, bir sıra ölkələrin, o cümlədən Fransanın erməni millətindən olan vətəndaşlarının Dağlıq Qarabağda Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşmələri təkzib oluna bilməyən faktlarla öz təsdiqini tapmışdır. Bunu Ermənistan Respublikasının prezidenti də öz müsahibəsində etiraf etmişdir. Erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın əməliyyat zonasından xeyli uzaqda yerləşən yaşayış məntəqələrinin  qadağan olunmuş  silahlardan atəşə  tutulması nəticəsində 94 nəfər dinc əhalinin həlak olması əsl müharibə cinayətidir. 
Yaxşı olardı ki, Fransa Senatı müstəmləkəçilik dövründə bir sıra ölkələrdə həyata keçirdiyi soyqırımlara və ya bu gün Sakit okeanda, Hind okeanında və Karib dənizində yerləşən 11 ada dövlətində və Cənubi Amerikada yaşayan 3 milyona yaxın insanın şəxsiyyət vəsiqəsində milliyyətlərinin məcburi şəkildə «fransız»  yazılması faktlarına diqqət yetirsin. 
Fransa senatorları özləri üçün aydınlaşdırmalıdırlar ki, 1992-94-cü illərdə Azərbaycana qarşı Ermənistan tərəfindən aparılan işğalçılıq müharibəsində qaçqın və köçkün vəziyyətə düşmüş 700 mindən çox insanın taleyi, dinc əhaliyə qarşı törədilən  qətliamlar və XX əsrin dəhşətli faciəsi – Xocalı soyqırımı barədə 30 ilə yaxındır ki, nə üçün susurlar. 
Fransız elitası Qarabağda «erməni dini və tarixi abidələri»nin qorunmasının vacibliyini vurğulayarkən, 30 ilə yaxın bir dövrdə işğal altında olan Azərbaycanın tarixi abidələrini dağıdan, məscidləri mal-qara tövləsinə çevirən erməni vandallığından bir kəlmə də danışmır. Bu yaxınlarda ölkəmizdə səfərdə olan Fransa nümayəndə heyətinin üzvləri də gördülər ki, bədnam qonşularımızdan fərqli olaraq Bakıda, içərisində minlərlə qədim erməni dini kitabları olan, erməni kilsəsi Azərbaycan dövləti tərəfindən qorunur.
AHİK hesab edir ki, son dövrlərdə Fransa Respublikasının prezidenti və digər məsul şəxslərin səsləndirdikləri bəyanatlar və senat tərəfindən qəbul edilən qətnamə bu ölkənin vasitəçilik missiyasına kölgə salır.
Həmçinin Fransa Senatında qəbul edilmiş  bədnam qətnamədən fərqli olaraq 2020-ci ilin noyabrın 10-da Azərbaycan Respublikasının, Rusiya Federasiyasının prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları bəyanat 30 ildən artıq davam edən münaqişəyə son qoymuş, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yol açmışdır. Bu bəyanat uzun müddət ərzində əmək və sosial hüquqları pozulmuş insanların hüquqlarının bərpa edilməsinə şərait yaradır.
Biz, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi, bəyan edirik ki, Fransa Senatının Dağlıq Qarabağla əlaqədar qəbul etdiyi qətnamədə irəli sürülən tövsiyələr Fransa Respublikasının Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Minsk qrupundakı həmsədrlik vəzifəsi  ilə uzlaşmadığı  üçün onun həmsədrlikdən kənarlaşdırılması məsələsi  ATƏT qarşısında qaldırılmalı və Fransa ilə Azərbaycan arasında mövcud olan siyasi və mədəni, iqtisadi əlaqələrə yenidən baxılmalıdır.
   Azərbaycan Həmkarlar İttifaqları 
                                       Konfederasiyasının  İcraiyyə Komitəsi