Bu gün “Dərs vaxtı” verilişinin 2000-ci buraxılışı efirə gedib

30 Noyabr 2020 11:39 (UTC+04:00)

Noyabrın 30-da Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” verilişinin 2000-ci buraxılışı efirə gedib.

Nazirlikdən Mövqe.az-a verilən məlumata görə, cari ilin 11 mart tarixindən start verilən proqram çərçivəsində indiyədək ümumilikdə 5300-ə yaxın teledərs efirə gedib. İlin sonuna kimi bu rəqəmin 6 minədək çatması gözlənilir. Qeyd edək ki, gün ərzində 36-38, bir ay ərzində isə 800-dək teledərs yayımlanır.

Həftəiçi 5 gün "Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramı ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Teledərslərin "Mədəniyyət" telekanalında yayım vaxtına uyğun dərs cədvəli hər gün Təhsil Nazirliyi tərəfindən təqdim edilir. Saat 14:00-dan etibarən isə teledərslər həmin cədvələ uyğun ardıcıllıqla "ARB Günəş" telekanalında təkrar yayımlanır.

"Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən, eyni zamanda videodərslər portalından da (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.