Azad edilmiş bölgələrdə yeni ali təhsil müəssisələri açılmalıdır

1 Dekabr 2020 10:36 (UTC+04:00)


İşğaldan qurtulmuş ərazilərdə təhsilin təşkili ən ümdə məsələlərdən biridir.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə vaxtilə 1107 ümumtəhsil müəssisəsi, 855 uşaq bağçası fəaliyyət göstərib.  Bu məktəblərdə 115 min şagird, 16 minə qədər müəllim çalışıb.  Düşmən tərəfindən həmin torpaqlarda 17 idman, 23 yaradıcılıq profilli olmaqla 40 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərib.
Ərazilərimizin düşmən tapdağından azad edilməsi fonunda əsas vəzifələrdən biri də heç şübhəsiz, həmin təhsil müəssisələrinin bərpasıdır.
Bu işdə hansı yolu seçmək lazımdır ki, nəticə daha sürətli və əhəmiyyətli olsun?
Təhsil eksperti Kamran Əsədovun fikrincə, işğaldan azad edilmiş ərazilərimizdə təhsilin təşkili iki istiqamətdə aparılmalıdır: “Bu işdə məsələyə iki istiqamətdə yanaşmalıyıq.  İşğaldan azad edilmiş ərazilərimizdə əvvəlki dövrlərdən fərqli olaraq daha çox intellektual ixtisaslı kadrlar yetişdirməliyik. Keçən əsrin əvvəllərində nə baş verdi ki, həmin ərazilərimizi müdafiə edə bilmədik? Baş verən həmin hadisə tək 1992-1993-cü illərdə baş vermədi. Bu, onillər ərzində formaşalan hadisənin nəticəsidir. Həmin dövrdə bu ərazilərimizdə ixtisaslı kadrlar sahəsində ciddi çatışmamazlıq hiss olunurdu. Müstəqilliyimizə qədər həmin ərazilərdə bütün rəhbər vəzifələrdə ermənilər təmsil olunurdu. Həmin vaxta qədər azərbaycanlılar isə ixtisaslı kadr olaraq daha çox kənd təsərrüfatı sahəsində və yaxud ona bərabar işlərdə çalışırdı. Hüquq mühafizə orqanlarında işləməyə, yaxud da hüquq ixtisasına yiyələnməkdə o qədər də maraqlı deyildilər.
Bu ixtisasların mütləq əksəriyyətini ermənilər tutmuşdu. İndiki halda işğaldan azad edilən ərazilərimizdə təhsil prosesinin təşkili əsasən iki istiqamətdə aparılmalıdır. Geri qayıdan, orada yaşayacaq əhalinin sayına müvafiq olaraq modul tipli orta ümumtəhsil müəssisələrinin salınması vacibdir”.
Digər tərəfdən isə, həmsöhbətimizə görə, sözügedən bölgədə yeni ali təhsil müəssisələri açılmalıdır: “Həmin ərazilərə əhalinin daha sürətlə məskunlaşmasına nail olmaq üçün bu bölgəmizdə yeni ali təhsil müəssisələri açılmalı, Bakıdakı bəzi universitetlər ora köçürülməli, yaxud da onun filialları açılmalıdır. Bu hal məskunlaşmaya birbaşa təsir göstərəcək mühüm amildir. Orada əhalinin sayının artımına nail olmaq üçün mütləq şəkildə universitetlər açmalıyıq. Həmçinin düşünürəm ki, Bakıdakı ali təhsil müəssisələrinin plan yerləri azaldılmalı və həmin bölgədə açılacaq universitetlərə daha çox plan yeri verməliyik. Bu baş verərsə, daha çox tələbə ora gedəcək. Həmin prosesdə öz növbəsində məskunlaşmaya ciddi təsir göstərəcək. İşğaldan azad edilmiş ərazilərimizdə müdafiənin təmini üçün əsasən Polis Akademiyasının, hərbi məktəblərin açılmasına ciddi ehtiyac vardır. Dövlət Təhlükəsizlik Xidməti, Sərhəd Xidməti, Fövqəladə Hallar, Daxili İşlər və Müdafiə nazirliklərinin akademiyaları açılmalıdır. Həmçinin, həmin ərazilərdə aqrar sektorun bərpası üçün kənd təsərrüfatı ixtisası üzrə kadr yetişdirən ali məktəblər də olmalıdır. Eyni zamanda, hüquq istisası üzrə kadr hazırlayan müəssisələr də açıqlmalıdır.  Yəni bu ərazilərdə daha çox hüquq-mühafizə üzrə kadrlrın yetişdirilməsinə diqqət yetirməliyik ki, keçən əsrin sonlarına doğru baş verən hadisələrlə bir daha üzləşməyək.  
Digər tərəfdən, ən vacib məqam minalardan təmizlənən ərazilərdə təhsil müəssisələri mütləq mənada açılmalıdır.  Bu həm insanların orada məskunlaşmasına, həm də məskunlaşan ərazinin təhsil hüququnun bərpasına imkan verəcək”. 
Həmsöhbətimiz düşünür ki, ilkin mərhələdə həmin ərazilərə işləməyə könüllü şəkildə müəllimlərin göndərilməsi məsələsi də aktualdır: “İndiki halda ölkənin müxtəlif ərazilərində məskunlaşan məcburi köçkün məktəblərində çalışanlar arasında yerli əhali təmsilçiləri üstünlük təşkil edir. Məsələn, Bakıda yaşayan çoxsaylı müəllim məcburi köçkün məktəblərində çalışır. Həmin məktəblər əvvəlki yerinə qayıtdıqda, onlar gedib orada işləyəcəkmi? Birmənalı şəkildə yox deyərdim.  Ona görə də indidən bu istiqamətdə böyük qayıdış planı hazırlanmalıdır”.
Rüfət NADİROĞLU