Virusla mübarizə aparırıq, tək çarəmiz... - Həkim

2 Dekabr 2020 14:22 (UTC+04:00)

Bir ilə yaxındır ki, bu virusla mübarizə aparırıq. Amma tək çarəmiz xəstəliklə mübarizə qaydalarına əməl etməkdir.

Mövqe.az xəbər verir ki, bunu Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

"Çox qısa nəzər yetirsək, 2019-cu ilin dekabr ayında Çində COVID-19 virusu ortaya çıxaraq, bütün dünyaya yayıldı. Yalnız bütün dünya ölkələrinin birgə mübarizəsi ilə virusa qalib gəlmək olar. Doğrudur, bir çox ölkələrdə radikal tədbirlər görüldü. Daha əvvəl virus haqqında məlumatımız yox idi. Lakin qısa müddət ərzində xəstəliyin diaqnoztikasında istifadə olunan metodlar müəyyən uğurlara səbəb oldu. Bu virusla mübarizə digər infeksiyalarla müqayisədə çox çətindir. Aptekdə andibakterioloji dərmanlar çox olsa da, virusa qarşı dərman tapmaq çətindir. Biz virusa qalib gəlmək üçün hüceyrəni öldürməliyik. İndiyə qədər hər kəs nəsə tapdığını iddia etsə də, koronavirusa qarşı heç bir dərman preparatı yoxdur".

O qeyd edib ki, dünyanın çox sayda laboratoriyalarında bu virusa qarşı vaksin və dərman hazırlığı aparıldı: "Hazırda 11 vaksin ABŞ-da yerləşən qida və dərman təşkilatına təsdiq üçün müraciət edib. Əlimizdə təsdiqlənən vaksin yoxdur. Vaksin təsdiqlənsə belə, nə qədər effektiv olacağı məlum deyil. Vaksinin effektivliyi insanlarda nə qədər müddət özünü göstərəcək, bu barədə suallar çoxdur. Lakin virusa yoluxub, sağalan şəxslərdə COVID-19-a qarşı yaranan antitellər 3-4 ay yaşayır. Hazırda da vaksin üzərində işlər ciddi şəkildə araşdırılır"