Otellər və kirayə evlər durmadan bahalaşır

16 May 2012 14:13 (UTC+04:00)

6 gündən sonra başlanacaq "Eurovision" mahnı müsabiqəsilə bağlı dünya mediasında bu gün Azərbaycana kifayət qədər böyük diqqətin olduğu aydın müşahidə edilir. Bu fonda diqqət yetirilən məsələlərdən biri də otellərlə bağlıdır.

"Reuters" agentliyi yazır ki, Azərbaycanda otel qiymətləri bu günlərdə həddindən artıq bahalaşıb. Məsələ ilə bağlı BBS-nin məlumatına görə, üçulduzlu otellərdən birinin saytında iki qiymət siyahısı verilib. Birinci siyahı mayın 1-ə qədər, ikinçisi isə yalnız may ayı üçün nəzərdə tutulub. Birinciyə görə, adi vaxtda tək nəfərlik otaq 70 manatdırsa, hazırda qiymət 30 manat artıb. Eynilə, ikinəfərlik otaqlar bir gecə üçün 30 manat artaraq, 120 manat olub. Otel rəsmisi bununla bağlı bildirib:

"Qiymət artımını bütün otellər edib, amma bizim qiymətdə artım azdır". Otel rəsmiləri bildirir ki, onlarda qonaq baxımından narahatlıq yoxdur: "Yalnız 19-22 və 24 mayda bir otağımız boşdur". Beşulduzlu otellərin biri bildirib ki, onlarda 15-31 may tarixlərində boş yer qalmayıb:

"Birnəfərlik standart otaq 250, ikinəfərlik isə 250 manatdır. Lüks otaqlar isə 750-850 manatdır".

Bu oteldə qiymətlərin qalxdığını təsdiqləyib: "Bir ay sonra bu qiymətlər 105 və 287 manat olacaq"

Almaniyanın "Swoodoo" turizm bürosunun məlumatına görə, Bakıda elə otellər var ki, qiymətləri 6 dəfə qaldırıblar. Turizm üçün şəraiti məhdud olan ölkədə qiymətlərin bu artımı "Swoodoo" bürosunu təəccübləndirib. "Swoodoo"un təmsilçisi Kristian Saller bildirib ki, Bakıda otellərdə bir gecəlik orta qiymət mayın 22-27 arası 341 avro olacaq. Halbuki, bir neçə həftə əvvəl qiymət 140 avro idi. Bakıda otel təmsilçilərindən müsabiqəyə görə qiymətləri qaldırdıqlarını deyənlər də olub, bunu təkzib edənlər də.

Məsələn, "Old Gates" otelindən "Azadlıq" radiosuna deyiblər ki, adi günlərdə 100 manata verilən tək otağın qiyməti mayın 20-27-də 250 manata qalxıb. "Ambassador" oteldən isə bildiriblər ki, müsabiqə həftəsi ən ucuz otaq 250 manatdır. Bu rəqəm müsabiqədən əvvəlki həftə 200 manat olub. "Abu-Arena" oteli isə hər hansı bahalanmadan söhbət getmədiyini deyir.

"Swoodoo" ya görə, qonaqlar Bakıda otel üçün adi vaxtdakından 144 faiz çox ödəniş edəcək.

Ötən ay mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yerli mediaya deyib ki, Azərbaycanda keçiriləcək "Eurovision 2012" müsabiqəsi dövründə hotellərdə süni qiymət artımına yol verilməyəcək və otellərdən bu barədə zəmanət alıb: "Yəni hotellər adi vaxtda Azərbaycan vətəndaşlarına hansı qiymətlərlə xidmət göstərirlərsə, "Eurovision"a gələn qonaqlara da həmin qiymətlərlə xidmət göstəriləcək. Otellərlə yanaşı, kirayə evlər də bahadır və əvvəlki yay aylarında olduğu kimi onların qiyməti aşağı düşməyib. Ekspertlərin fikrincə, yay fəslində kirayə mənzillərdə qiymətlərin aşağı düşməməsinin proqnozlaşdırılmasında əsas faktor rolunda məhz "Eurovision" müsabiqəsi çıxış edir. Yay aylarında Azərbaycanın kirayə bazarında qiymətlərin azalması prosesi ancaq qısa müddətə alınan kirayə evlərdə baş verir. Uzun müddətə kirayəyə verilən mənzillərlə bağlı isə bu qiymət azalması özünü göstərmir. Yəni uzun müddətli kirayə mənzillərində mövsümi fərqlər olmur. Yalnız qısa və orta müddətə verilən kirayə mənzillərdə yayda qiymət endirimlərinin olması birmənalıdır. Cari ilin may-iyun aylarında Bakıda sözügedən mənzil bazarında qiymətlərin azalmayacağının proqnozlaşdırılması isə sözsüz ki, həmin dövrün möhtəşəm tədbiri olacaq "Eurovision"müsabiqəsilə bağlıdır. Bu vaxt istər-istəməz Bakıya gələn turistlərin sayında artımlar baş verir. Özü də həmin artım təkcə xaricdən gələn qonaqların hesabına olmayacaq. Bu prosesdə müsabiqə dövründə bölgələrdən gələn əhalinin sayının artması da öz sözünü deyəcək. Deməli, onlar da ev kirayə etməli olacaq. Belədə isə yay aylarında qısa müddətə ev kirayələmək istəyən insanların sayında çoxluq özünü göstərəcək. Bunun da nəticəsində qısamüddətli kirayə evlərdə də qiymət azalmalarının baş verməsinə imkan verilməyəcək. Çünki tələbin artması yay ayları olmasına baxmayaraq qiymətlərin azalmasına deyil, əksinə artmasına stimul verir. Tələb də yuxarıda qeyd etdiyim kimi həm xarici, həm də daxili amillərin nəticəsi olaraq artacaq. Bütün bunlara əsasən demək olar ki, may və iyun aylarında kirayə mənzillərin qiymətinin həmişə olduğu kimi düşməməsinin proqnozlaşdırılmasında əsas faktor rolunda məhz "Eurovision" çıxış edir.

ABŞ-ın "The Wall Street Journal" qəzeti isə diqqəti "London taksi"lərinə yönəldir. Qəzet yazır ki, "Eurovision" müsabiqəsi ərəfəsində Azərbaycan 1000 "London taksi"si alıb və 3 minədək taksinin sifarişi gözlənilir. Biznes dairələrinin nəşri yazır ki, keblərin alınması hökumətin təşəbbüsüdür. "The Wall Street Journal" bildirir ki, Azərbaycan "Eurovison" qonaqlarını valeh etmək üçün kebləri ənənəvi qara rəngdə sifariş etməyib: "London taksi"ləri sövdələşməyə maşınla yanaşı, müvafiq xidmət təklif edir".

Səməd CƏFƏROV