Humanitar fəallıq dövlətimizin xarakterindən irəli gəlir

4 Dekabr 2020 22:16 (UTC+04:00)

Prezident İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyanın COVID-19-la bağlı xüsusi sessiyasının gündəliyi açıqlanıb. BMT-nin Azərbaycandakı Nümayəndəliyindən verilən məlumata görə, dekabrın 3-4-də BMT Baş Assambleyasının Prezidenti Volkan Bozkırın sədrliyi ilə baş tutacaq Assambleyanın 31-ci xüsusi sessiyasında dünya liderləri, BMT rəsmiləri və ekspertlər COVID-19 pandemiyasının əsas aspektlərini, peyvəndlərin paylanması və sosial-iqtisadi məsələləri müzakirə edəcəklər.
Qeyd edək ki, Azərbaycan Prezidenti 4 may 2020-ci il tarixində Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin Covid-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun baş tutan onlayn Zirvə Görüşündə  BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş 31-ci xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış edib. Hansı ki, həmin təşəbbüs BMT üzv ölkələrinin mütləq əksəriyyəti tərəfindən dəstəklənib.
Ona uyğun olaraq Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 3-4 dekabr tarixlərində COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunmuş 31-ci Xüsusi sessiyasının keçirilməsi ilə bağlı qərarı yekdilliklə qəbul edib.
Yüksək səviyyədə təşkil edilən bu müzakirələr COVİD-19-la mübarizəyə necə təsir edəcək?
Milli Məclisin deputatı Elman Nəsirov ümid etdiyini bildirdi ki, Azərbaycanın sözügedən təşəbbüsü COVİD-19-la mübarizəyə mühüm töhfə verəcək:  “Bir həqiqətdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə  ümumbəşəri bəlaya çevrişmiş COVİD-19 pandemiyasına qarşı mübarizənin səmərəliliyini artırmaq, prosesdə əlaqələndirməni həyata keçirmək üçün BMT Baş Məclisinin xüsusi sesiyasının çağırılması ideyası irəli sürüldü.  Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyindən həmin təşəbbüs həm də sözügedən qurumun adından təqdim edildi.  Nəticədə təşəbbüs geniş miqyasda böyük dəstək aldı.  Artıq BMT  Baş Assambleyasında həmin tədbirin gündəliyi müəyyən edilib. Bu addım ilk növbədə ölkəmizin beynəlxalq aləmdə nüfuzunun, onun siyasi çəkisinin artdığının ifadəsidir. Böyük beynəlxalq dəstəyə malik  olmasının nəticəsidir. Bu həmçinin,  ölkəmizin dünyada etibarlı tərəfdaş kimi tanınması deməkdir. Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan dünyada elə də böyük dövlət deyil, lakin sözümüzün mənası və çəkisi böyükdür.  Deməli, ölkəmizin dünya miqyasında sözünün məna və çəkisi böyük əhəmiyyət kəsb edir.  Pandemiya dünyada böyük təhlükə mənbəyinə çevrilib.  60 milyondan çox insan bu virusa yoluxub. Bəşəriyyət ciddi itkilərlə üzləşib”. 
Deputat qeyd etdi ki, belə olan halda ümumbəşəri bəlaya qarşı birgə, əlaqələndirilmiş mübarizənin təşkili böyük əhəmiyyətə malik məsələdir: “Azərbaycanın bu təşəbbüsünün reallaşması heç şübhəsiz ilk növbədə koronavirus bəlasına qarşı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)  təsdiqlədiyi, yayılması və tətbiqinə icazə verdiyi vaksinin reallaşdırılması baxımından əhəmiyyətlidir. Eyni zamanda ona əlçatanlığın təminatı baxımından əhəmiyətlidir.  Xüsusilə kasıb, maliyyə imkanları məhdud olan ölkələrin əhalisinə onun pulsuz verilməsinin təşkili baxımından əhəmiyyətlidir. İndiki reallıqda bildiyiniz kimi dünya ölkələri ciddi sosial-iqtisadi problemlərlə üz-üzə qalıb. Müəssisələr işləmir, insanlar iş yerlərini itirir. Bu reallıq fonunda keçirilən tədbir beynəlxalq güclərin COVİD-19-a qarşı mübarizə istiqamətində  fəaliyyətinin əlaqələndirilməsi,  prosesdə iqtisadi cəhətdən inkişaf edən ölkələrin fəal rolunun təmin edilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.
Hesab edirəm ki, bunun nəticəsində tarixdə Azərbaycanın adı Üçüncü Dünya Müharibəsilə müqayisə olunan pandemiya təhlükəsinin aradan qaldırılmasında  fəal və lokomotiv  rol oynayan bir ölkə kimi həmişəlik  yaddaşlara həkk olacaq.  Azərbaycanın siyasi rəhbərliyi, ölkə Prezidenti, xalqımız və dövlətimiz öz simasını ortaya qoydu. Hansı ki, bu sima beynəlxalq ictimai fikirdə xilaskar obrazı ilə yaddaşlarda qalacaq”.
R. SOLTANOV