Fundamental problemlərin həlli yolunda uğurlu təşəbbüs

5 Dekabr 2020 13:22 (UTC+04:00)

Dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi - COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasında Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının Sədri İlham Əliyev videoformatda etdiyi çıxışda deyib: “Həmçinin narahatlıq hissi ilə onu da qeyd etmək istərdik ki, pandemiya ədalətli və bərabərhüquqlu dünya nizamına nail olmaq üçün mövcud fundamental problemlərin daha da artmasına səbəb olmuşdur”.
Dünyada hazırda mövcud olan başlıca problem beynəlxalq qurumların qəbul etdikləri qətnamələrin icrasına münasibətdə ikili yanaşma tərzinin hökm sürməsidir. Bir sıra hallarda qəbul edilən qərarlar avtomatik olaraq icraya yönəlir. Digər hallarda isə uzun illər ərzində icra olunmamış qalır. Nəticədə bəzi bölgələrdə hələ də münaqişə vəziyyəti davam etməkdədir. Digər hallarda, məsələn bölgəmizdə olduğu kimi, BMT-nin 4 qətnaməsini bu qurumun əvəzində məhz təcavüzə məruz qalan Azərbaycan özü icra etməli olub. Bütün bunlar mövcud problemlərə ədalətsiz yanaşmanın olmasından xəbər verir. Ədalətsiz yanaşma olduğu təqdirdə isə mövcud problemlər nəinki həllini tapmır, əksinə daha da kəskinləşir.   
Bu problemlər nədən ibarətdir? Onların aradan qaldırılmasında Prezident İlham Əliyevin təşəbbüsləri nədən ibarətdir?
Milli Məclisin deputatı Elman Nəsirov bildirdi ki, BMT kürsüsündən ədalətli, obyektiv dünyanın qurulmasına çağırış edən ölkə Azərbaycan və onun Prezidenti İlham Əliyevdir: “Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, müasir dünyamızda beynəlxalq hüquq işləmir.  Bunun əksinə olaraq güc yolu, gücün mövqeyi işləyir. Dünyada kim güclüdürsə, o haqlıdır məntiqi hakimdir.  BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasına selektiv yanaşma var.  Bir halda qətnamənin qəbulundan 24 saat keçməmiş onun tətbiqinə  başlanılır. Başqa bir halda, məsələn Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə 27 il idi ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra olunmurdu.  Bu qətnamələri Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Ordumuz həyata keçirdi.  Azərbaycan Prezidenti BMT Baş Assambleyasının COVİD-19-a həsr olunan iclasında vurğuladı ki, pandemiya dövrü  nəticə etibarı ilə beynəlxalq hüququn üzləşdiyi mövcud problemlər, yəni dövlətlərin bir-birinə ərazi iddiaları ilə çıxış etməsi, demokratiya, insan haqları və hüquqlarının müdafiəsi pərdəsi altında ayrı-ayrı ölkələrin daxili işlərinə qarışmaq kimi problemlər hazırda geniş vüsət alıb.   Bu isə acınacaqlı haldır. İndiki zamanda dövlətlərin pandemiya ilə üz-üzə qaldığı ağır bir dövrdə də bir çox hallarda anoloji yanaşmalar daha da genişlənib, formalaşmış şəraitdən istifadə tendensiyası artıb.  
Belə olan halda Azərbaycan Prezidenti ilk növbədə ədalətli dünyanın qurulması istiqamətində addımların atılmasına çağırış etdi.  İlk növbədə elə bir dünya ki, orada beynəlxalq hüquq işləsin. Beynəlxalq hüququn prinsiplərinə əməl edilsin. Bu zaman ayrı-ayrı dövlətlər öz geosiyasi maraqlarını həyata keçirmək üçün pandemiyanın yaratdığı çətinliklərdən sui-istifadə etməməlidir.  Kasıb, imkansız dövlətlərə vaksinin əlçatanlığının təmin edilməsinə dəstək verməlidirlər.  Azərbaycan Prezidenti çıxışında bu kimi məqamlara toxundu.  Azərbaycan Prezidenti burada həmçinin 120 üzvü olan Qoşulmama Hərəkatı adından çıxış edirdi.  Özü də qeyd etdi ki, bu çox böyük və şərəfli məsələdir. Eyni zamanda, BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün müəllifi də elə Azərbaycan Prezidentidir.  BMT kürsüsündən ədalətli, obyektiv dünyanın qurulmasına çağırışı edən də məhz Azərbaycan dövlət başçısıdır.  Bu baxımdan Azərbaycan Prezidentinin belə çağırışla çıxış etməyə həm də mənəvi haqqı çatır.  Çünki BMT Təhlükəsizlik Şurasının işləməyən qətnamələrini o,  işlək vəziyyətə gətirdi.  Yəqin ki, gələcəkdə sözügedən qurum hazırlayarkən 1993-cü ildə qəbul etdiyi 4 qətnamənin icra edildiyinə dair faktı da hesabatında qeyd edəcək.  Bunun edilməsi BMT Təhlükəsizlik Şurasına baş ucalığı gətirər, nüfuzunu artırar.  Amma bu qərarların icrasını təmin edən Azərbaycan dövləti, Ordumuz, dövlətin ali siyasi rəhbərliyi, bir qədər açıq desək, ölkə Prezidenti İlham Əliyevdir”.
R. SOLTANOV
 
 
--