"Əgər Ali Baş Komandanımız ortaya iradə qoymasaydı, biz əsgərlər heç nə edə bilməzdik" - Qazi Elnur Əzizov

5 Dekabr 2020 19:43 (UTC+04:00)

Bu yaxınlarda Müdafiə Nazirliyi şəhidlərin, yaralıların, itkinlərin sayını rəsmi elan etdi. İtkilər, yaralılar qəlbimizi göynətsə də,  qazandığımız qələbə az da olsa yaralarımızın üstünə su səpir, qəlbimizi qürur hissi ilə doldurur...

Bu gün mən sizə Vətən Müharibəsi zamanı müqəddəs torpaqlarımız uğrunda yaralanan 1245 hərbi qulluqçudan biri – Zəfər qələbəsinə 5 gün qalmış Vətən yolunda bir gözündən ağır yaralanmış Qazi Elnur Əzizovu tanıdacam.

Elnur Elman oğlu Əzizov 2001-ci ilin 19 may tarixində Masallı rayonun Xıl kəndində anadan olub, sonra ailəsi Bakıya köçüb. Əzizovlar ailəsinin üç oğul övladının ikisi cəbhədə döyüşüb. Ailənin ortancılı olan Elnurun böyük qardaşı Elmin də hazırda ordu sıralarındadır, Qubadlıda ləyaqətlə Vətənə borcunu yerinə yetirir. Haşiyədən kənara çıxaraq qeyd edim ki, Elmin yüksək balla İqtisad Universitetinə qəbul olub. O, 2 dəfə televiziyada yayımlanan "Əlaçı" televiktorinasında qalib olub, hər dəfə noutbukla mükafatlandırılıb.  

Elnur 2016-cı ildə təhsil aldığı Nəsimi rayon Abdulla Rəhimov adına 247 saylı tam orta məktəbin 9-cu sinifini bitirib. Elnurun sinif rəhbəri olmuş 247 saylı tam orta məktəbin riyaziyyat müəllimi Faina Əkbərova da şagirdinə baş çəkməyə gəlmişdi. Elnur yadınızda necə bir şagird kimi qalıb? – sualına Faina müəllimə Elnurun sakit təbiətli, məsuluyyətli, nizam-intizamlı bir şagird olduğunu cavab verdi və əlavə etdi ki, təhsil aldığı dövrdə Elnur heç vaxt 2 və 3 rəqəmli ədədlərin vurulmasında kağız-qələmdən istifadə etməyib, həmişə ürəyində hesablayıb, birbaşa cavab verib. Tarixi o qədər də yaxşı oxumadığını bildirən müəlliməsi qürurla şagirdinin həyatda qəhrəmanlığı ilə tarix yazdığını bildirdi.  

9-cu sinifi bitirib Bakı Texniki Kollecinin "Yol hərəkətinin təşkili" fakültəsinə daxil olan Elnur, buranı bitirdikdən sonra  hərbi xidmətə gedib.

Qazimiz birinci Ağcabədidə, sonra ön cəbhədə Füzuli, Cəbrayıl, Qubadlı uğurunda gedən döyüşlərdə iştirak edib, son döyüşdüyü yer Laçın olub...

O, 3 ayın əsgəri olsa da, müharibə getdiyi ilk gündən könüllü olaraq ön cəbhədə olub. Hətta Elnura deyiblər ki, sən yeni əsgərsən, sənə irəli getmək olmaz, amma  irəli getmək istədiyini israr edib, özü ön cəbhəyə gedib. Elnurun döyüş yolu Füzulidən, Cəbrayıldan, Qubadlıdan, Laçından keçib, Füzulinin, Cəbrayılın, Qubadlının işğaldan azad edilməsində Elnur da, Elmin də iştirak edib. Elnur noybarın 4-də Laçın istiqamətində gedən ağır döyüşlərdə gözündən yaralanıb. Noyabrın 3-dən 9-na qədər Laçında qızğın döyüşlər olub...

Elnurun telefonda profilinə göz həkimi ilə qoyduğu foto da gözümdən yayınmır. Sual verirəm, məlum olur ki, Elnurun gözünün müalicəsi ilə məşğul olan Briz-L göz klinikasının həkimi dr Qurban İsmayılovdur. Həkimdən gördüyü qayğı, dünya işığının necə şirin nemət olduğunu anlamasıdır bəlkə də profil şəkli...

Qurban həkimlə söhbət əsnasında təəssüflə bildirir ki, gözdən yaralı hərbçilər çoxdur. Onların hər birinin dövlət qayğısı ilə əhatə olunduğunu, müalicələrinin müntəzəm dövlət hesabına aparıldığını qeyd edən dr Qurban İsmayılov bildirdi ki, hazırda yüksək səviyyədə hazırlanmış göz protezləri var, hansı ki, əsl gözdən seçilmir. Gözdən yaralı hərbçilərimiz hamısı o protezlərlə təmin olunacaqlar.  

Göz müalicəsi ağır, incə bir prosesdir. Gözündən ağır yaralanmış Elnurun da həkimlərin gərgin əməyi nəticəsində tezliklə sağlamlığına qovuşacağına inanırıq.

Elnur müharibədə atıcı olub. Deyir ki, ağır döyüşlər əsasən gecələr olurdu və biz düşmənlə atışırdıq. Biz düşməni mühasirəyə də almışıq, maşınlarını partlatmışıq da, əsir də götürmüşük, müharibədə çox şeylər olub. Hər birimizin əsas məqsədi o olub ki, tezliklə düşməni torpaqlarımızdan qovub çıxaraq, son damla qanımıza qədər torpaqlarımız uğurunda döyüşək. Adam cəbhədə ancaq bu barədə düşünür. Sevinirəm ki, əsgərlər, zabitlər hamımız qardaş olmuşuq, bir-birimizə kömək olmuşuq, bir-birimizi ölümdən xilas etmişik. Bəzən özümüzü unudub dostumuzu, döyüş yoldaşlarımızı düşünmüşük, yaralı, şəhid yoldaşlarımızın vəziyyətinə kədərlənmişik, amma onların intiqamını düşməndən birə-beş almışıq. Sevinirəm ki, hamı bir nəfər kimi Vətənin səsini eşidib torpaqlarımızın müdafiəsinə gedib, bir nəfər də olsun fəraimiz, ordudan yayınanımız olmayıb. Torpaqlarımızın hamısı bir-birindən gözəldi, əzizdi, fərq qoymaq olmur. Adam o torpaqlarımıza baxanda deyir ki, lənətə gəlmiş ermənilər Azərbaycanın ən gözəl yerlərini işğal ediblər. İndi artıq o torpaqlar düşməndən azad edilib. Cənab Prezident deyir ki, bu müharibənin qəhrəmanı Azərbaycan əsgəri və Azərbaycan zabitidir. Biz öz torpaqlarımızı cənab Prezidentin, Müzəffər Ali Baş Komandanımızın sayəsində işğaldan azad etmişik. Əgər Ali Baş Komandanımız ortaya iradə qoymasaydı, biz əsgər heç nə edə bilməzdik. Bu müharibənin qəhrəmanı Ali Baş Komandanımızdır, Ali Baş Komandanımızın hər bir əmrinə "baş üstə" demişik, irəli gedib düşməni əzmişik, biz onun əmrinə hər zaman hazır olmuşuq, bu gün də hazırıq. Təəssüflənirəm ki, döyüş yoldaşlarımız arasında şəhid olanlar da oldu, onlar qələbəni görmədilər. Amma inanıram ki, onların ruhları çox sevinir, onların ruhları qalibdir. Hər bir şəhid döyüşçü yoldaşımın xatirəsi mənim üçün əzizdir.

Qəhrəman Qazimiz gələcək planlarından da danışdı. Bildirdi ki, hələ həkimlərin nəzarəti altında müalicəsini davam etdirir və müalicəsi çox vaxt aparan, səbr tələb edən bir prosesdir. Diplomunu alandan və sağlamlığına qovuşduqdan sonra yol polisində xidmət etmək istədiyini deyən Elnur onu da dedi ki, sağalacağına, yaralı gözünün işığının geri qayıdacağına inanır… "Tam sağalandan sonra inişallah Şuşanı görməyə gedəcəyəm. Ən böyük arzum Şuşanı görməkdir", - deyir Elnur.

İnsan üçün ən şirin nemət olan gözünü Vətən yolunda qurban verdiyinə əsla təəssüflənmir, deyir, əksinə, fəxr edirəm ki, Vətənin müdafiəsində mənim də iştirakım olub, döyüşüb Vətənə olan borcumu yerinə yetirmişəm. Əsas odur düşmənin başını əzənlərdən biri olmuşam.

Elnurun ayağı minaya düşüb yoldaşları onu xilas edib, maşında gedərkən Elnurun başını düşmən snayperi nişan alıb, Allaha şükür ki, təsadüf nəticəsində xilas olub. Dediyinə görə o, dörd-beş dəfə bu cür qanlı hadisələrlə, ölüm təhlükəsilə üzləşib.

... Əvvəllər o gözündən ağır yaralandığını anası Rəmziyə xanımdan gizlədirmiş, ona bildirmək istəmirmiş. O, yaralandığı gündən bilirmiş ki, onun bir gözü görməyəcək, artıq öz vəziyyətini qəbul edir. Anasının bildirdiyinə görə Şuşa işğaldan azad edilən gün Elnur özünə əsəbləşmişdi, özünü qınayırdı ki, niyə mən Şuşaya gedib çıxa bilmədim, niyə Şuşanın işğaldan azad olunmasında iştirak etmək mənə qismət olmadı.... Şuşa döyüşlərində iştirak edə bilmədiyi üçün xəstəxanada çox ağlayıb. Sonra yoldaşları onu birtəhər sakitləşdirmişdi ki, bizim də qismətimiz belədir, hamımız Şuşanın işğaldan azad olunmasında iştirak etmək istəyirdik, biz iştirak edə bilməsək də qəhrəman əsgər yoldaşlarımız Şuşanı işğaldan azad edib, müqəddəs şəhərimizə üç rəngli bayrağımızı sancıb.

Anasına xəstəxanadan zəng edib deyib ki, mən Şuşanı görə bilmədim, Şuşanın işğaldan azad olunmasında iştirakım olmadı, şəxsən mən də orada olmaq istəyirdim...

Rəmziyə xanım da nikbindir, Vətən müdafiəsinə yollanan hər iki oğlu ilə fəxr edir. Deyir ki, Elnur hələ diplomunu almayıb, diplomunu aldıqdan sonra sağlamlığı imkan verərsə, öz ixtisası üzrə işləyər, yol polisində xidmət edər, olmasa başqa bir işin qulpundan yapışar, əsas odur ki, canı sağdır və evə müzəffər, qalib əsgər kimi qayıdıb, torpaqlarımız işğaldan azad olunub. Bizim də arzumuz o olub ki, torpaqlarımız düşmən işğalından azad olunsun. Allaha şükür ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə igidlərimiz bu sevinci, bu qüruru bizə yaşatdı, arzumuz gözümüzdə qalmadı. Mən fəxr edirəm ki, mənim belə igid, cəsur oğlum var, Qazi anası olduğum üçün böyük qürur hissi keçirirəm, sevincimin həddi-hüdudu yoxdur. İnanıram ki, həkimlərimiz də oğlumun gözünün işığını yenidən özünə qaytaracaqlar. Fəxr edirəm ki, oğlum Elnur qəlib əsgərdir. Böyük oğlum Elmin isə hələ də ordudadı, Qubadlıda xidmət edir. Biz Nəsimi rayonu Mir Cəlal küçəsində yaşayırıq. İnanın ki, Elnur evə gələndə onu bütün məhəlləmiz, bütün camaat necə alqışla, necə böyük qürur hissi ilə qarşıladılar...

"Fəxr edirəm ki, Vətənin müdafiəsində mənim də iştirakım olub. Mənim ən böyük arzum torpaqlarımızın düşmən tapdağından azad edilməsi olub, bu günü hər gün gözləmişəm, Ali Baş Komandanımız sağ olsun bu fürsəti, bu şansı bizə verdi. Bircə ona heyfslənirəm ki, Şuşanın və Zəngilanın işğaldan azad olunmasında iştirak edə bilmədim, Laçında yaralandım və məni Bakıya gətirdilər. Ancaq mənim ən böyük arzum Şuşa uğurunda gedən döyüşlərdə də iştirak etmək, Şuşanı görmək, Şuşaya bayraq sancmaq idi", - deyən Qazimizə can sağlığı arzulayıram. İnanıram ki, Elnur dövlət qayğısı ilə əhatə olunacaq, Nəsimi RİH aparatı Qazimizi diqqətsiz qoymayacaqlar.

Dövlətdən istəyin nədir? – sualıma gözü-könlü tox, təvazökar Qazimiz cavab verdi ki, yalnız can sağlığı istəyir. Əlavə etdi ki, bilirəm müharibə təzə bitib, baş qarışıqdı, inşallah bütün Qazilərə və yaralılara vaxt ayırarlar əlaqədar təşkilatlar.

Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyil, Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır.

Vətən yolunda, müqəddəs torpaq yolunda sağlamlıqlarını itirən Qazilərimizə hamımız minnətdarıq. Haqları ödənməz. Qazilərimizi unutmayaq, həmişə diqqətdə saxlayaq. Bu, hər birimizin həm vəzifə, həm də vətəndaşlıq borcudur.

Elnurə Abuşova