Gəlir vergisinin azaldılması yenidən gündəmə gəlir

16 May 2012 14:17 (UTC+04:00)

Artıq xeyli müddətdir ki, Azərbaycanda vergi məcəlləsində dəyişikliklər edilməsi gündəmdədir. Hazırda bildiyimiz kimi əhalidən müxtəlif vergilər tutulur ki, toplanılan bu vəsaitlər də dövlət büdcəsinin formalaşmasında mühüm rol oynayır. Amma o da var ki, Azərbaycanda dövlət büdcəsinin formalaşmasında əsas faktor rolunda neftdən gələn gəlirlər çıxış edir. Əmək haqqından tutulan vergilər isə bu prosesdə elə də əhəmiyyətli rola malik deyil.

Azərbaycanda hazırda əmək haqqından gəlir vergisi və mənfəət vergisi daha geniş yayılıb. Mənfəət vergisinin həcmi indilikdə 18 faizdir. Əmək haqqından gəlir vergisi isə 14 faizdən 30 faizə qədərdir. 2 min manatdan yüksək maaş alanlardan 30 faizlik gəlir vergisi tutulur. Görəsən, ekspertlər nə düşünür, gəlir vergisinin faiz dərəcəsi azaldılmalıdırmı?

Ekspert Hafiz Babalı düşünür ki, əhalinin sərbəst vəsaitlərinin artması baxımından gəlir vergisinin azaldılması daha yaxşı olardı: "Vergi dərəcələrinin dəyişdirilməsi Amerika- Azərbaycan Ticarət Palatasının təklifidir. Bildiyimiz kimi Azərbaycanda işləyən xaricilər yüksək əmək haqqı alır və buna görə də onlardan 30 faizlik gəlir vergisi tutulur. Ona görə də Palata həmin vergi dərəcəsinin azaldılmasında maraqlıdır və bu səbəbdən də verdikləri təklif sırf xarici vətəndaşlara yönəlik addımdır. Buradan görmək olar ki, 30 faizlik vergi yükünün altına düşənlər əsasən xarici vətəndaşlardır. Onları barmaqla saymaq mümkün olmasa da, sayları məhduddur. Azərbaycanda 1 milyon 363 min muzdla işləyən varsa, onlardan cəmi 10-20 mini 30 faizlik gəlir vergisini ödəyən səviyyədə əmək haqqı alır. Amma orta statistik azərbaycanlı üçün 14 faizlik gəlir verdiyi dərəcəsi aşağı endirilməyəcəksə, bu proses heç bir önəm daşımayacaq. Həmin gəlir vergisi aşağı salınsa isə, insanların əlində qalan vəsaitlərin artması baş verəcək. Vaxtilə gəlir vergisinin ən aşağı dərəcəsi 12 faiz idi. Düşünürəm ki, indi də həmin faizə qayıtmaq mümkündür. Hazırda nəinki əmək haqqından 14 faiz gəlir vergisi tutulur. Eyni zamanda sosial müdafiə fonduna əmək haqqı fondunun 3 faizi qədər məbləğ ödənilir. Belədə əmək haqqından tutulan verginin həcminin 17 faizə çatdığını görərik. Belə vəziyyət isə işçi üçün bir qədər yük deməkdir. Amma əmək haqqından verginin azaldılması həm əmək haqqı prosesinin leqallaşdırılmasına, həm də insanların əlində qalan sərbəst vəsaitin bir qədər artmasına gətirib çıxarar. Gəlir vergisinin endirilməsinin neft gəlirlərinin artımı fonunda ölkə büdcəsinə hər hansı bir mənfi təsirinin olacağını da düşünmürəm. Əksinə vergitutma bazasının artması fonunda büdcəyə ödəmələrin həcmi çox güman sabit qalacaq. Onsuz da əmək haqqından ödəmələrin həcmi ilbəil artır. Belədə gəlir vergisinin strukturunda da payı stabil olaraq qalır".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov gəlir vergisinin 12 faizə endirilməli olduğunu söylədi: "Vergi dərəcəsində ediləcək dəyişikliklər daha çox dərəcənin azaldılması istiqamətində olmalıdır. Ona görə də birmənalı şəkildə vergi dərəcələrinə yenidən baxmaqla onların bir qisminin həcminin azaldılmasına ehtiyac var. Diqqət çəkən məqamlardan biri də gəlir vergisi dərəcəsinin azaldılmasıdır ki, bu sahədə də endirimlərə gedilməlidir. Azərbaycanda minimum gəlir vergisi 14, maksimum isə 30 faizdir. 2000 manatdan yuxarı olduqda 30 faizlik, aşağı olduqda isə 14 faizlik gəlir vergisi tutulur. Bu Avropa ölkələrilə müqayisədə aşağı olsa da, MDB ölkələrilə müqayisədə yüksəkdir. Məsələn, Rusiyada gəlir vergisinin orta rəqəmi 16, MDB-nin əksər ölkələri üçünsə 15 faizdir. Azərbaycanda vətəndaşların əksəriyyətinin 2 min manatdan az əmək haqqı aldığını nəzərə alsaq, bu baxımdan 14 faizlik gəlir vergisinin azaldılmasına ehtiyac yaranır. Gəlir vergisinin aşağı həddinin dəyişməsinə ehtiyac var, birinci mərhələdə bu göstəricinin 14-dən 12 faizə endirilməsini təklif edirdik. Belə olarsa, aztəminatlı əhalinin əlində daha çox vəsait qalar. Amma əlavə dəyər vergisinin də dərəcəsinə yenidən baxılmalı, 18-dən 16 faizə endirilməlidir. Prioritet sektorlar üçün aşağı dərəcəli əlavə dəyər vergisinin tətbiqinə keçilməlidir. Məsələn, Rumıniyada əlavə gəyər vergisi 17 faizlə ölçülsə də, turizm kimi sahədə cəmi 7 faiz civarındadır. Azərbaycanda da oxşar intervallı əlavə dəyər vergisinin tətbiqi vacibdir. İnformasiya texnologiyası, turizmdə aşağı dərəcəli ƏDV tətbiq edilməlidir. Eyni zamanda ABŞ-da olduğu kimi elektron ticarətin də ƏDV-dən azad olmasına ehtiyac var ki, bu üsulla hüsusi hesablaşmalar stimullaşdırılsın. Ona görə də Vergi Məcəlləsinə dəyişikliklər yalnız vergi dərəcəsinin aşağı salınması ilə deyil, eyni zamanda vergi dərəcələrinin intervallaşması, diferensiallaşması kimi kompleks tədbirləri də əhatə etməlidir".

Rüfət NADİROĞLU