Azərbaycandan xaricə valyuta axını

16 May 2012 14:23 (UTC+04:00)

Məlumdur ki, Azərbaycanda müəyyən məhsullara olan tələb hələ də idxal hesabına ödənilir. Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, 2011-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 36, 33 milyard dollar olub. İdxal 9,76 milyard dollar, ixrac isə 26,57 milyard dollar olub. Xarici ticarət saldosu müsbət 16,81 milyard dollar olub. İdxala gəldikdə isə 10 faiz artım olub. 2010-cu ildə qeydə alınan 6,6 milyard dollarlıq artım qeyd olunduğu kimi ötən il 9,76 milyard dollar təşkil edib.

İdxalın həcmininin artmasına səbəb kimi daha çox iki amil qeyd olunur: neft gəlirlərinin artması və milli valyutanın məzənnəsinin yüksək həddə hələ də qorunub saxlanılması.

Ekspertlər hesab edir ki, xaricdən iqtisadi asılılığı azaltmaq üçün ilk növbədə, manatın kursuna sərbəstlik vermək lazımdır. Mərkəzi Bankın maliyyə bazarına müdaxiləsi fonunda manatın kursunun sabit saxlanılması və bunun əvəzində xarici valyutaların kurslarının aşağı düşməsi idxaldan asılılığı artırır.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev hesab edir ki, indiki halda idxaldan asılılığı azaltmaq üçün müəyyən tədbirlər görmək lazımdır: "İndiki halda idxalın artmasına əsas səbəb manatın kursunun möhkəmlənməsidir".

Ekspert bildirdi ki, yaxın gələcəkdə Azərbaycanda idxalın həcmi daha da arta bilər: "Manatın kursu ilə bağlı yumşaq devalvasiya siyasəti yürüdülməyincə idxaldan asılılıq yüksək həddə olaraq qalacaq. Bu o deməkdir ki, qazandığımız pullar bu və ya digər yollarla xaricə axır".

Milli Məclisin keçmiş deputatı, iqtisadçı Nazim Məmmədov hesab edir ki, bəzi növ ərzaq, geyim, tikinti materialları və s. məhsullar Azərbaycana xaricdən gətirilir: "Bundan başqa Azərbaycanda investisiya layihələri artıqca müəyyən məhsulların, o cümlədən tikinti materialların alınmasına tələbat artır. Hesab edirəm ki, idxalın həcmini azaltmaq üçün hökumət daxili istehsalı stimullaşdırmalıdır. Sahibkarlara dəstək verilməli, onların maliyyə mənbələrinə çıxışı asanlaşdırılmalıdır".

Manatın kursunun idxala təsirinə gəlincə, N.Məmmədov qeyd etdi ki, Azərbaycanın xarici tədiyyə balansı müsbət olduğundan narahatlığa ehtiyac yoxdur: "Azərbaycana daha çox xarici valyuta idxal olunursa, bu istər-istəməz manatın kursunun möhkəmlənməsinə gətirib çıxarır. İdxalı stimullaşdırmaq üçün heç də manatın kursunu aşağı salmağa ehtiyac yoxdur. Sadəcə, daxili istehsalı artırmaq lazımdır".

R.Qaçayoğlu