Ulu Öndərin görmək istədiyi Azərbaycan bu günkü Azərbaycandır

12 Dekabr 2020 12:42 (UTC+04:00)

Bu gün müasir Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin anım günüdür. Artıq 17 ildir ki, Ulu Öndərimiz həyatda olmasa da, Azərbaycanın hər bir uğuru bu günlərimizin memarı kimi Onun adına yazılır, Azərbaycanın bütün bayramları Ulu Öndəri dərin ehtiramla anmaqla qeyd olunur. Müstəqil Azərbaycan dövlətinin yaranması, möhkəmlənməsi və inkişafı ulu öndər Heydər Əliyevin siyasi iradəsinin məhsuludur.Ölkəmizin siyasi, iqtisadi, mədəni inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Azərbaycan xalqının qəlbində əbədi məskən salmışdır.O əbədiyaşar ideyaları, dövlət quruculuğu sahəsində əvəzsiz xidmətləri, müdrik zəkası və uzaqgörən siyasəti ilə çağdaş tariximizin ən parlaq simasıdır.

Azərbaycanda vətəndaş qarşıdurması separatçılıq meyilləri, dövlətçiliyin itirilməsi təhlükəsi yarananda xalq ciddi təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə çağırıb. Ulu Öndər xalqın israrlı dəvətini qəbul edib, Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi aradan qalxıb.

Xalqın böyük əksəriyyətinin səsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndərin olduqca gərəkli siyasətinə əsasən qısa müddətdə beynəlxalq müqavilələr imzalanıb ki, bunlar da respublikanın iqtisadi inkişafına güclü təsir göstərib. Bu inkişaf digər sahələrin də inkişafına şərait yaradıb. Ordu quruculuğuna xüsusi diqqət yetirilib. Qısa müddətdə yerli müdafiə batalyonları buraxılıb, orduda vahid komandanlıq təmin edilib, hərbi vəzifələrə peşəkar zabitlər təyin olunub. Ordunun şəxsi heyətinin döyüş hazırlığı ilə bir sırada mənəvi-psixoloji hazırlığı da yüksəldilib. Bunlar da Azərbaycan Ordusunun nizami ordu kimi formalaşmasını təmin edib. Bu baxımdan qətiyyətlə deyə bilərik ki, ulu öndər Heydər Əliyev müasir Azərbaycanın dövlətçilik memarıdır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan kimi Heydər Əliyevin ön xətdə əsgər və zabitlərə tövsiyələri hərbi xidmətdə fərqlənənlərin bilavasitə səngərdə təltif edilməsi şəxsi heyətin mənəvi-psixoloji hazırlığında nəzərəçarpacaq yüksəliş yaradıb... Ulu Öndər fəxrlə deyirdi: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam". Bu kəlam hər bir azərbaycanlının həyat amalıdır. Bu kəlam tarixin əlli ilinin nəyə istinadən yaşanıldığının göstəricisidir.
Bu gün Azərbaycan güc dövlətinə çevrilib. Bu gün Ulu Öndərin davamçısı, Heydər Əliyev məktəbini keçmiş cənab Prezident bütün dünyaya diplomatiya dərsi keçir. Müzəffər Ordumuzun peşəkarlığını da 44 gün ərzində bütün dünya gördi. Şuşa qələbəsi ilə peşəkarlığı uzun müddət danışılacaq Ordumuzun bünövrəsi də Ümummilli Liderimizin bilavasitə gərgin əməyi nəticəsində qurulmuşdur. Çünki Ordusu güclü olan dövlətin təminatı da möhkəm olar. Ordumuzun gücünə bələd olan cənab Prezidentimiz möhtərəm İlham Əliyev 44 günlük Vətən Müharibəsini təsadüfən "Dəmir yumruq" adlandırmayıb. Şuşa Qələbəsini xalqa çatdıran gün cənab Prezident qeyd etdi ki, atasının – Ulu Öndərimizin məzarını ziyarət edib, vəsiyyətinə əməl etdiyini bildirib. Ulu öndərimiz Heydər Əliyevin ruhu şaddır. Hər bir atanın ən böyük arzusudur ki, övladları onların vəsiyyətlərinə əməl etsinlər.

Ulu Öndər Azərbaycanın beynəlxalq imicinin formalaşmasında, dünyanın aparıcı dövlətlərinin Azərbaycanla ikitərəfli, çoxtərəfli iqtisadi müqavilələr bağlamasında müqayisəyəgəlməz siyasi düha nümayiş etdirib...
Bu gün ölkəmiz həm siyasi, hərbi, iqtisadi, sənaye baxımından güclü bir dövlətə çevrilib. Ölkəmizə gələn qonaqlar Bakının gözəlliyinə, Bakəda aparılan abadlıq-quruculuq işlərinə valeh olduqlarını gizlədə bilmirlər. Heydər Əliyev məhz Azərbaycanı belə görmək istəyirdi. Onun arzuladığı, uzun illər mübarizə apardığı, yorulmadan çalışdığı, dünyanın aparıcı dövlətləri ilə saatlarla aparılan diplomatik danışıqların bəhrəsidir bugündü güclü dövlətimiz, müasir Bakımız. Dahi şəxsiyyətin davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyev həm hərb, həm iqtisadi, həm də siyasi müstəvidə atasının bütün arzularını, görmək istədiklərini həyata keçirib, müasir dövlətimizin memarının ruhunu şad edib.
Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla anırıq!

Məşhur Məmmədov,

Milli Məclisin deputatı