İlham Əliyev Dilqəm Əsgərov və Şahbaz Quliyevi Vətənə qovuşdurdu...

16 Dekabr 2020 09:00 (UTC+04:00)
Bildiyimiz kimi Prezident İlham Əliyev Şahbaz Quliyev və Dilqəm Əsgərovun erməni girovluğundan azad edilərək Vətənə gətirilməsini təmin etdi. 
Azərbaycanlı əsirlər və erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov Vətənə gətiriliblər. 
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Trend-ə bildirilib ki, Rusiya Federasiyasının Prezidenti, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan, beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə və humanizm prinsiplərinə sadiq qalaraq Azərbaycan tərəfi müharibə vaxtı əsir götürülmüş erməni hərbçilərinin hüquqlarının təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələri ardıcıl olaraq yerinə yetirmişdir. Əsir düşmüş ermənilər barədə məlumatlar müntəzəm Beynəlxalq Qızıl Xaç Komitəsi və Rusiya Sülhməramlı Qüvvələrinə təqdim olunmuş, birtərəfli qaydada onların bir hissəsi azad edilmişdir. Azərbaycanda olduqları müddətdə həmin əsirlərə zəruri tibbi xidmət və ləyaqətli davranış göstərilmiş, onlara ailələri ilə əlaqə saxlamaq imkanı yaradılmış və digər hüquqları təmin edilmişdir.
Həmçinin müxtəlif səbəblərdən döyüşlər zamanı əsir düşmüş və ya girov götürülmüş Azərbaycan vətəndaşlarının vətənə qaytarılması məsələlərini daim diqqət mərkəzində saxlayaraq Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya Sülhməramlı Qüvvələri və digər beynəlxalq təşkilatlarla tərəfimizdən fasiləsiz olaraq danışıqlar aparılmış və bütün mümkün başqa tədbirlər həyata keçirilmişdir.
Beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunmuş və cari il dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılmışdır. Günorta saatlarında Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilmişdir. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar.
Azərbaycan tərəfi bundan sonra da humanizm prinsiplərini rəhbər tutaraq əsirlərin, girovların və meyitlərin dəyişdirilməsi üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəkdir.
Prezident İlham Əliyev böyük hərbi zəfərin ardınca neçə ildir ki, Ermənistanda girovluqda olan Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilərək Vətənə gətirilməsini təmin etdi. Dövlət başçısının bu qayğısı ölkəmizdə ictimai şüurun yüksəlməsinə hansı töhfələri verəcək? 
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının bildirdiyinə görə, bunu olduqca gözəl hadisə adlandırdı və bildirdi ki, uğur dalınca uğur gəlir:”Qələbə belədir, o bütün sahələrdə davam edir. Döyüş meydanında qalib gəldik, torpaqlarımızın böyük hissəsini işğaldan azad etdik və bu proses də davam edir. Bilirsiz ki, Dilqəm Əsgərovun və Şahbaz Quilyevin məsələsini ermənilər böyük bir problemə çevirmişdilər, heç bir halda onları girovluqdan azad etmək istəmirdilər. Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni girovluğundan azad edilməsi Azərbaycanın böyük uğuru kimi dəyərləndirilməlidir. Bu amil Azərbaycan cəmiyyətinə, insanların əhval-ruhiyyəsinə çox müsbət təsir göstərdi. Bunun əsas əhəmiyyəti ondan ibarətdir ki, dövlət, dövlət başçısı ölkə vətəndaşları haqqında düşünür. Həmişə də düşünüb. Bilirsiz ki, dəfələrlə Azərbaycan tərəfdən yüksək şəkildə, dövlət başçısı səviyyəsində onların girovluqdan azad edilməsi ilə bağlı cəhdlər edilmişdi, müraciətlər olunmuşdu. Rusiya rəhbərliyinə də, beynəlxalq təşkilatlara da müraciətlər edilmişdi. Hər tərəfdən Ermənistana deyilirdi ki, Şahbaz və Dilqəmi qaytarsın, amma ermənilər özlərini “qalib mövqe”də hiss edirdilər. Amma tamamilə darmadağın edilib məğlub olandan sonra bütün mövqelərini, o cümlədən də Diqəm və Şahbazla bağlı mövqelərini itirdilər. Ona görə də əsir və girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsi məsələsi orataya çıxanda Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi də Azərbaycan dövləti tərəfindən qoyuldu. Hər kəs də diqqət etdi ki, Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradov özü Dilqəmlə Şahbazı Bakıya gətirdi. Bu da diqqət çəkən məqamlardan biri oldu”.
Bu cür proseslərin davam etdirildiyini deyən A.Nağının sözlərinə görə,   Azərbaycanda hər bir vətəndaş haqqında dövlət düşünməli, onların qayğısına qalmalıdır. Onun bildirdiyinə görə, həm müharibədə iştirak edənlərlə, veteranlarla, qazilərlə, həm də şəhid ailələri ilə bağlı dövlət tərəfindən qayğı siyasəti davam etdirilir, bu bir qədər də gücləndirilməlidir. “Hər bir vətəndaşımız dövlətin qayğısını hiss etməlidir və edir də. Bu müsbət tendensiyadır. Vətəndaş dövlət tərəfindən unudulmadığını görür, dövlətin onun qayğısına qaldığını görür. Bu baxımdan, Prezidentin Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni əsirliyindən azad edilərək ölkəmizə gətirilməsini təmin etməsi çox müsbət hadisədir”, - deyə A.Nağı vurğuladı.
Leyla QARAXANLI