Azərbaycan Dünyanın Ən İslahatçıl 10 Ölkəsindən Biridir

18 Dekabr 2020 17:25 (UTC+04:00)

Azərbaycan Respublikası cənab Prezident İlham Əliyevin rəhbərliyində öz uğurlu inkişaf yolunu davam etdirir. Ölkə rəhbəri tərəfindən atılan uğurlu addımlar və islahatlar nəticəsində ölkəmiz bütün sahələrdə uğurlar əldə edir. İqtisadi, abadlıq-quruculuq, ordu və sosial inkişaf dövlətimizin əsas prioritet istiqamətləri olub, bu sahələrdə mühüm tədbirlər planı həyata keçirilir. Təsadüfi deyil ki, bütün bu uğurlar dünya ölkələri və beynəlxalq qurumlar tərəfindən dəstəklənir.
Xüsusi ilə son bir il ərzində dünyanı tüğyan edərək cənginə almış COVİD-19 virusu bir çox ölkələrdə iqtisadi problemlər yaratmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı zamanında həyata keçirilən tədbirlər nəticəsində öz dayanıqlılığını qorumuş və bütün təhlükələr ölkə iqtisadiyyatından yan keçmişdir. Həyata keçirilən tədbirlər, islahatlar planı və iqtisadi uğurlar bir çox beynəlxalq qurum tərəfindən də qeyd olunur.
Bunun bariz nümunəsi 17 Dekabr 2020-ci il tarixində Dünya Bankının apardığı müstəqil araşdırma nəticəsində Doing Business 2020 Hesabatında Azərbaycanın mövqeyinin 6 pillə yaxşılaşdırılaraq 191 ölkə arasında 34-cü pillədən 28-ci pilləyə yüksəlməsidir. Bununla da ölkəmiz yenidən dünyanın ən islahatçı 10 ölkəsindən biri olaraq qeyd edilmişdir.
Xatırladaq ki, aparılan müstəqil araşdırmadan öncə müəyyən uyğunsuzluqlar aşkarlanmasından sonra 27 avqust 2020-ci il tarixində Dünya Bankı tərəfindən press reliz yayımlanmış və bildirilmişdir ki, bir sıra üzv ölkələrin Doing Business hesabatındakı məlumatlarının Bankın daxilində emal edilməsi prosesində uyğunsuzluqlar aşkarlanmış və bu uyğunsuzluqların mahiyyətinin müəyyən edilməsi istiqamətində müstəqil araşdırma aparılacağı qeyd edilmişdir.
Dünya Bankı 16 Dekabr 2020-ci ildə yeni press reliz açıqlamış və qeyd etmişdir ki, Dünya Bankının Daxili Audit strukturları 2016, 2017, 2018, 2019 və 2020-ci illər özrə məlumatların diaqnostikası aparılmış və bu diaqnostikanın nəticəsində ölkələrin nəticələri ilə bağlı məlumatlar yenilənmişdir. Qeyd etmək lazımdır ki, bu qiymətləndirmə Azərbaycan, Çin, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini əhatə etmişdir.
Araşdırmalar nəticəsində Azərbaycanda 3 istiqamətdə aparılmış islahatların (“elektrik təchizatı şəbəkələrinə qoşulma, “müqavilələrin icrası”, “sərhəddə ticarət” indikatorları üzrə) “Doing Business 2020” hesabatında lazımınca qiymətləndirilmədiyi və daha az balla qiymətləndirildiyi məlum olmuşdurş Bununla bağlı yenidən qiymətləndirilmədən sonra “Doing Business 2020” hesabatında Azərbaycanın əldə etdiyi bal 76,7 baldan 78,5 bala qədər artırılmış və bunun nəticəsində ölkəmizin qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 34-dən 28-ə yüksəlmişdir. Mövqeyimizin 1,8 bal artım ilə 6 pillə irəliləməsə nəticəsində Azərbaycan yenidən ən islahatçı 10 ölkədən biri kimi göstərilmişdir.
Emil Aslanlı
Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın  sədr müavini