Vətən göylərinin əbədi şahini şəhid baş leytenant, hərbi pilot Xalid Gözəlovun son uçuşu...

19 Dekabr 2020 11:04 (UTC+04:00)

Həsən Gözəlov:“Oğlum  İkinci Fəxri Xiyabanda, Milli Qəhrəman Polad Həşimovun dəfn edildiyi sırada dəfn edilib” 
“Müharibəyə getməyi barədə də nə mənə, nə də anasına bir söz deməmişdi”.
“Xalid ailəmizin bütün arzularını, sevincini, ruh yüksəkliyini özü ilə apardı, bizim ondan sonra üzümüz gülmür...”.
Şahinlərin göylərinə ayrı bir yaraşıq, ayrı bir əzəmət verib Azərbaycan! Şahinlərin düşmən üzərinə şığıyanda düşmənlərin pərən-pərən düşüb, yanıb kül olub Vətən! Şahinlərin düşmənlərini həmişə lərzəyə salıb, vajimələndirib. Sənin şahinlərindən biri də Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin baş leytinantı, hərbi polot Xalid Həsən oğlu Gözəlov olub Vətən! O Xalid Gözəlov ki, sənin dar günündə canını, qanını sənə öz doğma anasına qurban verib, şəhidlik zirvəsinə ucalıb. Şahinlər onsuz da həmişə göylərdədir, uca ənginliklərdədir. 
Vətən müharibəsinin ikinci günündə, şiddətli döyüşlər getdiyi zaman Xalid Gözəlov qəhrəmancasına şəhid olub. Xalid Gözəlov Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqlar göstərib və canını Vətən yolunda qurban verib. Şəhid Baş leytinant, hərbi pilot  Xalid Gözəlov II Fəxri Xiyabanda dəfn olunub. Vətənin qəhrəman oğlunun əbədi mənzili bu mübarək məkandadır, xalqımızın ziyarət yeridir... 
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Xalid Gözəlov ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 
Xalid Gözəlovun atası Həsən Gözəlov deyir ki, Xalid şəhid olandan indiyə qədər nə gecələri, nə gündüzləri var, elə gecə yoxdur ki, göz yaşı tökməsinlər. Hər gecə səhəri göz yaşı ilə açırlar. Ata və anasının bütün ümidlərinin, arzu və diləklərinin rəhni olan, onları hər addı ilə sevindirən Xalid indi şəhidlik məqamındadır. Ata-anası isə heç nə təsəlli tapmır, nə Xaldin xatirələri, nə şəkilləri, nə idmanda qazandığı mükafatları, medalları, nə də başqa nəsə onları ovuda bilmir. 
Xalid Həsən oğlu Gözəlov 1996-cı ilin 4 noyabrında Biləsuvar rayonun Aşağı Cürəli kəndində anadan olub, Gözəlovlar ailəsinin üç oğul payının ortancılı olub. Uşaqlıqdan idmanın güləş növü ilə məşğul olub, saysız mükafatlar, medallar qazanıb, çempionluq kürsüsünə ucalıb. “Xalid mənim ortancıl oğlum idi. Xalid orta məktəbi bitirdikdən sonra ali məktəbə imtahan verib Texniki Universitetə daxil oldu, ödənişsizə düşmüşdü. Amma orada oxumaq istəmədi. Biz nə qədər israr etsək də, dilə tutsaq da orada oxumağa könlü yox idi deyə Texniki Universitetə getmədi. Sonra yenidən sənədlərini Dövlət Sərhəd Xidmətinin Akademiyasına verdi. Xalid özü idmançı idi, güləşçi idi, çoxlu medalları, mükafatları var, necə dəfələrlə çempion olub, tanınır. Biləsuvarda güləş məktəbində məşğul olurdu. Bakıda oxuyanda da güləş məşqlərinə gedirdi, məşğul olurdu. Aviasiya Akademiyasına qəbul oldu, oranı bitirdi və bitirən kimi də bacarıqlı olduğuna görə ona pilot vəzifəsi verdilər, pilot işlədi. O, 3 il idi 4-cü ilə keçirdi ki, Dövlət Sərhəd Xidmətində pilot kimi xidmət edirdi.  
Rütbəsi baş baş leytenant idi. Müharibəyə getməyi barədə də nə mənə, nə də anasına bir söz deməmişdi. Xalid məzuniyyətdə idi. Məzuniyyətdə olanda da son vaxtlar onu iki dəfə çağırdılar. Bir dəfə pandemiyaya görə çağırdılar, onları Xudat-Xaçmaz tərəfə apardılar ki, karantin rejiminə nəzarət etsinlər. Vəziyyət düzələndən sonra yenidən evə gəldi. Evə gələndə gördüm ki, ayağı axsayır, demə topuqdan ayağı çıxıbmış. Sınıqçıya apardım, ayağını saldırdım evə gəldi, üç-dörd gün yerdə yatdı. Sonra həkimə apardım, həkim ayağını rentgen etdi, dava dərman yazdı, dedi ki, ona gəzmək olmaz, nə qədər çox gəzsə bu onun ziyanınadır. Çünki topuq damarları zədələnmişdi, yerinə qan yığılmışdı. Paraşütdən nə vaxtsa tullananda zədə almışdı. Ayağının o vəziyyətində onu çağırdılar və axsaya-axsaya da getdi. Senytabrın 24-də gecə vaxtı ona zəng gəldi, başqa adamla yola salmadım Bakıya özüm apardım. Sentybarın 24-də apardım. Senytabrın 25-də gördüm ki, çox yorğundu, narahatdır. Dedim Xalid, nə olub, niyə beləsən? Cavab verdi ki, işlərimiz var, onunla əlaqədar yorğunam. Yenə də mənə heç nə demədi. Sentyabrın 26-sı axşam saat 10-da anasına zəng vurub salamlaşıb vəssalam. Anasına da heç nə deməyib. Yəqin deyib ki, anası səsindən hər şeyi başa düşər...hardansa səs-küylü yerdən zəng vurubmuş. Kiçik qardaşı ilə danışıb, nə sözü, nə vəsiyyəti olub ona deyib. Deyib ki, məndən narahat olmayın, elə yerdəyəm ola bilsin telefonuma 10 gün zəng çatmadı, ata-anamı incitmə, onları narahat etmə, onlara hayan ol, təskinlik ver, ata-anama de ki, 10 gündən sonra onlarla danışacağam, məndən nigaran qalmasınlar, darıxmasınlar. Sentyabrın 27-də də müharibə başladı... Bir gün sonra isə şəhid olması xəbəri gəldi. 27 sentyabrda müharibənin şiddətli vaxtında şəhid olub. Bizə Xalidin harada şəhid olduğu haqqında hələ məlumat verilməyib, görünür onlar məxfi tapşırıq yerinə yetiriblər. Mən internetdə baxdım gördüm ki, Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub, amma bizə rəsmi bir məlumat verilməyib. Getdim orada komandiri ilə də görüşdüm. Orada kiçik zabitlərdən tutmuş böyüklərə qədər hamısı boynumu qucaqlayıb ağlayırdılar, heç komandirin də adını soruşmaq ağlıma gəlmədi. Elə vəziyyətdə idik ki... İndi məni çağırmalıdırlar. Sərhəd Qoşunlarında Xalidə abidə ucaldacaqlar, amma bilmirəm hansı tərəfdə... Bir də ki, cənab Prezidentin Sərəncamına əsasən oğlum ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Yəqin ki, hansı rayonda döyüş əməliyyatı keçirib o rayonun da medalını verərlər”.
Həsən Gözəlov deyir ki, oğlunun müharibədə olduğunu bilməyiblər, onun şəhidlik xəbərini qəfil alıblar, dünyaları qaralıb, dünya başlarına çevirilib. “Xalidin şəhidlik xəbəri bizi elə sarsıdıb ki, heç nə ilə təsəlli tapa bilmirik. Hələ indiyə kimi heç kəs bizi sakitləşdirə, ovuda bilmir. Elə səhər yoxdur ki, onu gözü yaşlı açmayaq. Allah o xəbəri heç kəsə qismət etməsin, heç kəsin qapısını qara xəbər döyməsin, elə sarsıldıq, elə pis hala düşdük ki, indiyə qədər də özümüzə gəlməmişik”.
Həsən Gözəlov deyir ki, Xalid nişanlı olmasa da, neçə il idi sevdiyi qız vardı, evlənib ailə həyatı qurmaq istəyirdi. Atanın ananın arzusu oğlunun toyunu görmək, onun bəy otağını qurmaq idi, lakin onun şəhid olması bu arzuları qaraya boyayıb, yarımçıq qoyub: “Xalid nişanlı deyildi, amma üç ildən çox idi ki, istəklisi vardı. Həm pandemiya ortaya girdi, həm də anam rəhmətə getmişdi, bu ilin noyabr ayının 24-ü ili idi. Dedim ki, həm anamın ili çıxsın, həm də bu xəstəlik, azar-bezar çəkilsin, sonra xeyir iş edərik. Böyük oğlum da nişanlıdır, fikrim var ki,  böyük oğlumun toyunu edib yerbəyer edək. Xalidin də istədiyi olduğunu bilirdim onu da nişanlayıb toyunu etmək istəyirdim. İkisinin də toyuna erkək dana bəsləmişdim, o da qalıb belə... Biz özümüz də pis vəziyyətdəyik...
Oğlum  İkinci Fəxri Xiyabanda, Milli Qəhrəman Polad Həşimovun dəfn edildiyi sırada dəfn edilib. 
Xalid çox mehriban uşaq idi. Uşaqlıqdan çox dözümlü, səbrli, təmkinli olub. Mən Xalidi özümə oğul yox, böyük qardaş bilirdim. Nə olurdu mən onunla məsləhətləşirdim. Çox ağıllı idi, uzaqgörən idi. Xalid şəhid olan günə qədər bizi incitməmişdi. Biz heç vaxt ona yol göstərməmişdik, özü hər şeyin qaydasını, təhrini bilirdi. Hətta yeri gələndə o bizə məsləhət verirdi, bir şey olanda deyirdi ata, tələsmə səbrli ol hər şey yaxşı olacaq. Mən bunu oğlum olduğu üçün demirəm. Bunu onu bütün tanıyanlar, iş yoldaşları, dostları da deyə bilər, hər kəs belə deyir... 
Xalid şəhid olanda 23 yaşı tamam olmamışdı, noyabrın 4-də 24 yaşını məzarının üstündə qeyd etdik. 
Xalid ailəmizin bütün arzularını, sevincini, ruh yüksəkliyini özü ilə apardı. Bizim ondan sonra üzümüz gülmür...”.
Vətən Müharibəsində torpaqlarımızın azad edilməsi uğurunda fədakarlıq göstərən, qəhrəmanlıqla şəhid olan Baş leytinat, hərbi pilot-Vətən göylərinin əbədi şahinlərindən biri Xalid Həsən oğlu Gözəlovun yarımçıq ömür kitabını vərəqlədik, bu kitabın hər səhifəsində şəhidimizin qəhrəmanlığı, cəzarəti, mərdliyi həkk olunub, yazılıb. Qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalmaq, o ucalığa qovuşmaq hər oğula qismət olmur. Tanrı bu adı Vətənin köynəyindən keçib yarasını sarıyan, ağlar gözlərini silən, dərdlərini sağaldan, qanını ana yurdun sinəsinə səpmək cəsarətində olan oğullara  nəsib edir. 
Xalid deyir ki, ata, ana, mən şəhid olub ruhumla göylərə çəkilmişəm, sizin təsəlliniz mənim göylərə çəkilən ruhumdur, ruhum həmişə göylərdən sizə baxır, mənim üçün darıxanda səmaya baxın, o səmaya ki, artıq onun yaxasını qara buludlar sarmayıb, günəş bəzəyir, azadlıq günəşi...
İradə SARIYEVA