Turizmin gəliri azalsa da, ona olan maraq artır

19 Dekabr 2020 08:30 (UTC+04:00)


Bahadur Bilalov: “Bu sayaq tədbirlər turizm axınına motivasiya yaradacaq”
Musa Quliyev: “Xeyriyyə yarmarkalarının turizm sektorunun inkişafında rolu və əhəmiyyəti böyükdür”.
 
Kənan Quluzadə: ““Turizm nöqteyi-nəzərdən xeyriyyə yarmarkaları hansısa auditoriyada həm tədbirə, həm də onu keçirən, burada iştirak edən ölkələrə marağın artmasına səbəb olur”
 
Azərbaycan Çində keçirilən ənənəvi “Sevgi sərhəd tanımır” adlı xeyriyyə yarmarkasında təmsil olunur. Təşkilatçılar COVID-19 pandemiyasının yaratdığı vəziyyəti nəzərə alaraq, bu il sözügedən tədbiri əvvəlki illərdə olduğu kimi insanların kütləvi şəkildə iştirak etdiyi xeyriyyə bazarı kimi deyil, iştirakçı ölkələrin məhsullarının elektron ticarət platformalarında satışının həyata keçirilməsi yolu ilə reallaşdırmağa qərar veriblər. Bu satışlardan əldə olunan vəsait xeyriyyə fonduna köçürüləcək.
Bu kimi tədbirlər ölkəmizə hansı dividentləri gətirir və turizm sektoruna birbaşa təsir gücünə malikdirmi?
Turizm eksperti Bahadur Bilalov bildirdi ki, xeyriyyə yarmarkaları turizm sektorunun inkişafına təkan verən tədbirlərdəndir: “İstənilən tədbirlər ölkənin tanıdılmasında mühüm rol oynayır. Xeyriyyə marafonları da təbii ki, bu tipli tədbirlər sırasında yer alır.  Keçirilən bu və ya digər xeyriyyə tədbirləri ilə ölkə haqqında digər dövlətlərdə yaşayanlar məlumat əldə edirlər.  Ümid edirik ki, keçirilən xeyriyyə marafonlarında iştirakımız pandemiya bitəndən sonra xarici ölkələrdən Azərbaycana turizm səfərlərinin genişlənməsinə təkan verın hal olacaq. Bu sayaq tədbirlər turizm axınına motivasiya yaradan tədbirlərdəndir”.
Milli Məclisin deputatı Musa Quliyev də düşünür ki, xeyriyyə yarmarkalarında iştirak dövlətimizə dividentlər gətirir: “Xeyriyyə yarmarkalarında Azərbaycanın iştirakı, burada ölkəmizin geniş şəkildə təmsil olunması turizm sektoru ilə yanaşı bir sıra digər sahələrdə də dövlətimizə dividentlər gətirir.  Azərbaycan ilk növbədə belə tədbirlərdə özünün maddi-mədəni nemət və sərvətlərilə təmsil olunur.  Burada öz mətbəxini, ənənəvi yaradıcılıq sahələrini, musiqisini, toxuculuq sahəsindəki nailiyyətlərini və s. mədəni incilərini təmsil etmək imkanı əldə edir. Nəticədə əcnəbilər həm Azərbaycan mədəniyyətilə yaxından tanış olurlar, həm də bu mədəniyyəti yaradan ölkəni yerində ziyarət etmək niyyətinə düşüb, bu niyyətlərini həyata keçirirlər. Bu mənada  xeyriyyə yarmarkalarının turizm sektorunun inkişafında rolu və əhəmiyyəti böyükdür. Belə tədbirlər humanitar əlaqələrin genişlənməsinə də ciddi təkan verir. Müxtəlif mədəniyyətə malik insanların bir-birinə yaxınlaşmasında belə sərgi və yarmarkaların mühüm rolu vardır.  Azərbaycanı mədəni, inkişaf etmiş, böyük tarixə malik və insansevər ölkə  kimi nə qədər çox ölkə tanıyarsa, bu bir o qədər ölkəmizin siyasi-diplomatik və digər sahələrdə uğurlarına gətirib çıxaracaq.  Bu tədbirlər həmçinin iştirakçı insanlarda biznes marağına da səbəb olar. Bu sayaq tədbirlər xalqlar və ölkələrarası münasibətlərin inkişafına da mühüm töhfə verən hadisədir”.  
Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə də qeyd etdi ki, bu sayaq tədbirlər turizm sektoruna marağın artmasına stimul verir: “Turizm nöqteyi-nəzərdən xeyriyyə yarmarkaları hansısa auditoriyada həm tədbirə, həm də onu keçirən, burada iştirak edən ölkələrə marağın artmasına səbəb olur.  Belə tədbirlər daxili tədbirdirsə, regionlardan digər regiona axını təmin etməklə, daxili turizmin inkişafına müəyyən stimul verir.  Bu tipli beynəlxalq tədbirlərdə iştirak isə öz növbəsində xarici, gəlmə turizmə birbaşa təsir göstərə bilir. Belə tədbirlər habelə sosial məsuliyyət və sosial yanaşma məsələsi olaraq da hansısa problemlərin həllinə yönələrək onun da həllinə nail olur”.
R. SOLTANOV