BTMT ilə uğurla yekun vurdu

1 Yanvar 2021 09:25 (UTC+04:00)
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi 2020-ci ildə dünyada və xüsusilə ölkənin xarici siyasətində baş verən proseslərlə bağlı öz fəaliyyət istiqamətinə uyğun aktiv işini davam etdirib. Bu il dünyada hökm sürən COVİD-19 pandemiyası, həmçinin Azərbaycanda Ermənistan-Azərbaycan münaqişəsi, iki ölkə sərhədində iyunun 12-də Ermənistanın törətdiyi təxribat və ardınca sentyabrın 27-də başlayan 44 günlük müharibə nəticəsində tarixi qələbə baxımından əlamətdar il olub. Sadalanan bu hadisələr, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, pandemiya dövründə iqtisadi məsələlər və beynəlxalq münasibətlər, Azərbaycanın iştirak etdiyi nəqliyyat və enerji layihələri Mərkəzin icra etdiyi müxtəlif fəaliyyətlərdə əsas mövzular təşkil edib. BMTM planlaşdırıldığı kimi bu il də fəaliyyətini xarici tərəfdaşlarla əlaqələr, beynəlxalq münasibətlərin inkişafı, yerli və xarici media ilə əlaqələr, xarici elmi nəşr və media portallarında məqalələrin dərc olunması, ölkənin siyasi həyatında baş vermiş və digər aktual proseslərə dair tədbir və vebinarların təşkili, regionda və dünyada baş vermiş hadisələrlə bağlı arayış və təhlillərin hazırlanması və nəşrlərin işıq üzü görməsi istiqamətində təşkil olunub. Beynəlxalq əməkdaşlıq baxımından bu müddət ərzində BMTM, ABŞ-ın Yaxın Şərq ölkələri üzrə İnstitutu, İtaliyanın Avropa-Körfəz ölkələri üzrə Məlumat Mərkəzi, Argentinanın Müasir Yaxın Şərq Araşdırmaları Mərkəzi və Beynəlxalq Münasibətlər üzrə Şurası, Çinin 3 aparıcı beyin mərkəzi və Ukraynanın Milli Strateji Araşdırmalar İnstitutu ilə olmaqla 8 anlaşma memorandumu imzalayıb. 2020-ci ilin əvvəlindən etibarən BMTM-in əməkdaşları və eləcə də Mərkəzin sifarişi və akademik dəstəyi ilə 9 çap məhsulu ingilis, fransız, rus və Azərbaycan dillərində nəşr edilib. Bu siyahıya tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın müəllifi olduğu "İrəvan şəhəri" adlı monoqrafiya, britaniyalı məşhur hüquqşünaslar Malkolm Şou və Naomi Hartın müəllifi olduğu ingilis dilində "Azərbaycanın işğal olunmuş ərazilərində müharibə cinayətləri və Ermənistan Respublikasının məsuliyyəti", BMTM-in təklifi əsasında Fransada COJEP təşkilatının fransız dilində hazırladığı "Fransadakı erməni diaspor və lobbi təşkilatları və onların Ermənistan və Dağlıq Qarabağa yardımları", Mərkəz əməkdaşlarının, o cümlədən bəzilərini xarici tərəfdaşlarla hazırladığı ingilis dilində "Ermənistan-Azərbaycan münaqişəsinin unudulmuş qurbanı: münaqişənin ətraf mühitə təsiri", ingilis dilində "Azərbaycan orta miqyaslı bir gücdürmü?", ingilis və rus dillərində "Muzdlu və xarici döyüşçülərin Ermənistan tərəfindən Azərbaycana qarşı istifadə edilməsi" adlı hesabat və məruzələr, Hatəm Cabbarlının müəllifi olduğu "Erməni dili dərsliyi" daxildir. Bu il həmçinin BMTM-in xarici və təhlükəsizlik siyasəti üzrə elmi nəşri olan Caucasus Strategic Perspectives (CSP) jurnalı fəaliyyətə başlayıb və ilk sayı nəşr edilib. BMTM-in xüsusi nəşri olan və "Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri" adlanan aylıq bülletenlər ingilis dilində hazırlanaraq, BMTM-in xarici və yerli tərəfdaşlarına elektron formatda göndərilib. 2020-ci ilin sentyabr, oktyabr və noyabr aylarında isə bülletenlərin müvafiq nömrələri nəşr edilib. Bu il ərzində BMTM tərəfindən 14 tədbir və vebinar keçirilib. İlin əvvəlində Mərkəz "Məcburi köçkün qadınların ədalət çağırışı: sülh və təhlükəsizlik məsələləri gündəmində onların ehtiyaclarının qarşılanması" adlı beynəlxalq konfrans təşkil edib. Daha sonra il boyu ikitərəfli münasibətlər baxımından "Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri", "Dağlıq Qarabağ və Türkiyə-Azərbaycan əlaqələrinin gələcəyi", ABŞ-ın Xəzər Siyasi Mərkəzi ilə birgə ABŞ-Azərbaycan münasibətlərinə və Ermənistan-Azərbaycan münasibətlərinə dair 2 vebinar, "Post-pandemiya dövründə Belarus-Azərbaycan münasibətlərinin inkişafı", Rusiyanın "Valday" Beynəlxalq Diskussiya Klubunun birgə təşkilatçılığı ilə "Qlobal energetika və beynəlxalq siyasi risklər" , həmçinin Covid-19 böhranı zamanı əlaqələr, enerji və nəqliyyat məsələləri, Qoşulmama Hərəkatına dair bir sıra vebinarlar təşkil olunub. Dünyadan bir sıra aparıcı ekspertləri və rəsmi şəxslər, o cümlədən OPEK-in baş katibi Mohammad Sanusi Barkindo aidiyyəti üzrə vebinarlarda iştirak edib. BMTM davamlı olaraq könüllü və təcrübəçilərin qəbulunu davam etdirir və növbəti ildə də pandemiyanın yaratdığı şəraitdən asılı olaraq bu istiqamətdə işlər davam etdiriləcək. Həmçinin 2020-ci ildə növbəti erməni dili kursları təşkil olunub və hazırda kurslar onlayn platformalar üzərindən həyata keçirilir. 2020-ci ilin yanvar-dekabr aylarında BMTM əməkdaşlarının "The National Interest", "Jamestown Foundation", "Euractiv", "The London Post", "New Eastern Europe", "Geopolitical Monitor", "Nezavisimaya Gazeta", "Vesti Kavkaza", "Yeni Şafak", "Anadolu Agentliyi" kimi nüfuzlu nəşrlər daxil olmaqla Türkiyə, ABŞ, Kanada, Latın Amerikası, Avropa, Rusiyanın 30-dan çox media portalı və elmi saytlarında 160-a yaxın məqaləsi dərc olunub. Məqalələrdə xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinə, o cümlədən 12 iyul təxribatına və 27 sentyabrdan başlayaraq 44 günlük müharibə, Azərbaycanın əldə etdiyi qələbə və müharibə sonrası proseslərə diqqət ayrılıb. Həmçinin məqalələrdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə, energetika, nəqliyyat layihələrinə yer verilib. Azərbaycanın haqq işini dünyaya çatdırmaq və erməni diasporunun apardığı anti-Azərbaycan kampaniyasına adekvat cavab vermək məqsədi ilə BMTM əməkdaşları BBC, "Deutsche Welle", "TRT World", "Al Arabia", "Aljazeera", "Rustavi", "A Haber"("Anews"), "CNN Türk", ATR TV, "Anadolu Agentliyi", "Perviy kanal", TASS, digər nüfuzlu beynəlxalq media orqanlarına 50-yə yaxın çox müsahibələr verib. Eyni zamanda müsahibələr Azərbaycanın efir məkanında elektron və çap mediasında da davam edib. Mərkəz əməkdaşlarının bu müddət ərzində 500-ə yaxın yazılı və video müsahibələri, verilişlərdə iştirakı baş tutub. BMTM 2020-ci ildə sosial şəbəkələrdə də fəaliyyətini aktiv şəkildə davam etdirib. Həmçinin bütün sadalanan məlumatlar mərkəzin aircenter.az saytında yerləşdirilib. Mərkəz eyni şəkildə 2021-ci ildə də işini aktiv şəkildə davam etdirmək niyyətindədir. 44 günlük müharibə sonrası regionda baş verən proseslərin, COVİD-19 pandemiyasının və onun təsirlərinin, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin, qlobal nəqliyyat və energetika layihələri ilə bağlı işlərin davam edəcəyini nəzərə alaraq Mərkəz növbəti il üçün fəaliyyət planında bu mövzularla bağlı işlərə xüsusi yer ayıracaq. Həmçinin mərkəz digər aktual məsələlər, ikitərəfli əlaqələrin qurulması və dərinləşdirilməsi istiqamətində işləri davam etdirəcək.