Gələcəkdə yeni ixtisaslara tələb artacaq

1 Yanvar 2021 10:47 (UTC+04:00)

 

Kamran Əsədov: “Bu gün mövcud olan ixtisasların çoxu 20-30 ildən sonra mövcud olmayacaq”

Dünyada elm və texnologiyanın inkişafı yeni ixtisasların yaranmasına səbəb olur. Eyni zamanda mövcud olan bəzi ixtisaslara tələb azalır və onlar tədricən sıradan çıxır. Ali və orta ixtisas müəssisələri kadr hazırlayan zaman dünyada gedən dəyişiklikləri nəzərə almalıdır. Bütün sahələrdə olduğu kimi ixtisaslı kadr hazırlığı sahəsində də daim yeniliklər edilməlidir. 
Azərbaycanda da yeni ixtisaslar üzrə kadrlara tələb artır. Çünki Azərbaycan inkişaf etməkdə olan ölkədir və burada həyatın müxtəlif sahələrində yeni ixtisaslar üzrə kadrlara tələb var. Kadr hazırlığı zamanı mövcud tələblə yanaşı perspektivdə yeni tələblər də nəzərə alınmalıdır. Əks halda kadr çatışmamazlığı yaranır ki, bu da həmin sahələrdə olan geriliyin aradan qaldırılmasını çətinləşdirir. 
Təhsil sahəsi üzrə ekspert Kamran Əsədov hesab edir ki, Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində qəbul aparılan ixtisaslarının bir çoxu əmək bazarında ehtiyac duyulmayan ixtisaslardır. Onun qənaətincə, bu gün mövcud olan ixtisasların çoxu 20-30 ildən sonra mövcud olmayacaq: “Təəssüflər olsun ki, hələ də müəyyən ixtisaslar üzrə kadrlar hazırlanır, amma həmin kadrlar sonradan iş tapa bilmir. Məsələn, elektrik mühəndisi, cizhazqayırma kimi ixtisasa qəbul edilənlərə əmək bazarında ehtiyac yoxdur, bunlar ölü ixtisaslardır. Azərbaycanda ekologiya mühəndisi var, amma bu ixtisas üzrə iş yoxdur. Belə olan təqdirdə bu istiqamətlər üzrə kadrların hazırlanmasına nə ehtiyac var? Azərbaycanda gələcəkdə bir neçə ixtisaslar birləşdirilməlidir. Kompüter və riyaziyyat, memarlıq və mühəndislik ixtisasları birləşə bilər. 
Business insider jurnalları var. Burada istehsalatda və xidmət sektorunda daha çox ehtiyac duyulan kadrlarla bağlı məlumatlar əksini tapır. Bizdə kənd təsərrüfatı üzrə kadrlar hazırlanır, amma kənd təsərrüfatı üzrə menecer hazırlanmır. Bu gələcəyin ixtisaslarından biridir. Kənd təsərrüfatı üzrə yeni ixtisasların açılması, bu istiqamətlərdə kadrların hazırlanması vacibdir. Kənd təsərrüfatı Azərbaycanda inkişaf edən sahədir və gələcəkdə yetrəli kadrlar olmadıqda inkişafı dəstəkləmək, onun davamlılığını təmin etmək mümkün olmayacaq”.
K.Əsədov qeyd etdi ki, gələcəkdə ölkəmizdə daha çox tələbat yaranacaq ixtisaslar informasiya texnologiyaları ilə bağlı olacaq: “İnformasiya texnologiyasının inkişafı proqramçılara tələbi artırır və gələcəkdə daha çox artıracaq. İnformasiya texnologiyaları və informasiya təhlükəsizliyi ayrı bir işdir, proqramçılar ayrı bir peşədir. Onun işi proqram yazmaqdır, hansı ki, proqramlar olmadan elektron qurğuların işləməsi mümkün deyil. 
Gələcəkdə kompüter, informasiya texnologiyaları üzrə ixtisas çeşidlərinin sayı artırılmalıdır. Bizdə kompüter elmləri üzrə kadrlar hazırlayırıq, amma kompüter sistemlərinin tətbiq edilməsi, təkmilləşdirilməsi üçün kadrlar yoxdur. İnformasiyanın emalı, istehsalı ilə məşğul olacaq kadrlar hazırlanmır. 
Kompüter oyunlarının hazırlanması və dizaynı ixtisası ölkəmizdə yoxdur. Halbuki bu ixtisaslar bazarı sürətlə böyüyən seqmentlərdəndir. İnformasiya rəhbərliyi, daxili təhlükəsizlik, virtual təhlükəsizlik ixtisasları yoxdur. Nanotexnologiya üzrə kadrların hazırlanması da vacibdir”. 
Ekspert digər başqa sahələr üzrə də ixtisasların çeşidinin artırılmasının vacib olduğu qənaətindədir: “Bizdə satış təlimçiləri yoxdur. Menecerlər var, ancaq onların hansı istiqamət üzrə menecer olduğu bilinmir. Azərbaycanda sürücülük məktəbləri var, amma yük maşınının, xüsusi təyinatlı avtomobillərin sürücüsü ixtisası yoxdur. Bu ixtisaslara gələcəkdə tələb bir qədər də artacaq. Azərbaycanda tikinti mühəndisi var, lakin tikinti müfəttişi ixtisası yoxdur. 
Bizdə müalicə işi var, amma fizioterapist ixtisası yoxdur. Bundan başqa hər istiqamət üzrə ayrıca cərrah ixtisası olmalıdır – beyin, ürək və s. Kadrlar ilk mərhələdən bu ixtisaslar üzrə yetişdirilməlidir. Səhiyyə sahəsində menecerlərə ehtiyac var. Ailə həkimi ixtisası üzrə kadrlara ehtiyac var. Bu, ictimai səhiyyə sisteminin tərkib elementlərindən biridir
Müəllimlik ixtisasında çox məsələlər var ki, onu etmirik. Məktəblərdə tibbi müəllimə ehtiyac var. 
Politoloq ixtisasi üzrə kadr yetişdirilir. Amma müxtəlif sahələr üzrə siyasəti analiz edən kadrlar hazırlanmır. Analitik deyəndə yalnız siyasi politologiya düşünülür. Şirkətin qaydalarını öyrənən, insan resursları üzrə kadrlara ehtiyac var. 
Hüquqşünas ixtisası var, amma vəkillik ixtisası yoxdur. Bu ixtisas lazımdır. Bütün hüquqşünaslar vəkil olmur. Onun konseptual istiqamətləri var – ailə, cinayət, mülki və s. istiqamətlər üzrə vəkil işləri var. İxtisas seçimlərini artırmaq lazımdır.  
Biomedikal mühəndisliyi ixtisasına ehtiyac var. 2026-2028-ci illərdə bu ixtisas üzrə qəbullar həyata keçiriləcək. 
Jurnalistika var, amma yeni media ixtisası yoxdur. Yeni media ixtisası olmalıdır. Kaliforniya universitetlərinin birində buna yaxın ixtisaslara rast gəlmişəm.
Jurnalistika köhnə ixtisasdır. Dizayn, animasiya, proqramlaşdırma, qrafik dizaynı, eşitmə və virtual sənədlər üzrə ayrıca kadrlara ehtiyac artacaq”.
K.Əsədov bildirdi ki, kadr hazırlayan zaman ilk növbədə həmin kadrlara əmək bazarında ehtiyac olub-olmadığını bilmək lazımdır: “Bundan sonra həmin ixtisaslar üzrə kadrlar hazırlanmalıdır. Təhsilin məqsədi həyat üçün kadr hazırlamaqdır. Lazımsız ixtisaslar üzrə pul xərcləyib kadr hazırlamağa ehtiyac yoxdur”.

Vasif CƏFƏROV