İkinci Qarabağ müharibəsi və informasiya

3 Yanvar 2021 10:11 (UTC+04:00)

İkinci Qarabağ müharibəsi və informasiya. Hansı səhvlərdən dərs çıxarmaq olar?

Gəncə

Oktyabr ayında Gəncə şəhərinə bir neçə dəfə ballistik raket atılıb. Birinci məlumatlar yerli sakinlər tərəfindən gəlirdi, sonra dövlət səlahiyyətləri açıqlamalar verdilər. Hər hücumda jurnalistlər hadisələri qeydə alırdılar. Bunu daha çox xaricilərin etməsi mənfi hal deyildi. Türk jurnalistlər orada mükəmməl iş nümayiş etmişdilər, lakin ərazidə avropalı və ya amerikalı jurnalistlərin fəaliyyəti olsaydı, daha məqsədəuyğun olardı. Hücumlarım səhəri xarici jurnalistlər başladı videolar çəkməyə, daha sonra başqa ölkələrin səfirləri hadisə yerlərinə gətirildi. Əsas məsələ yaddan çıxmışdı. Mütəxəssislər. Bütün xarici xəbərlərdə görmək olar ki, mətndə belə yazılıb: "Azərbaycan səlahiyyətləri deyir ki, hücum Ermənistan ərazisindən edilib". Birinci hücumu Xankəndi rejimi öz boynuna aldı, digərlərini isə təkzib etdi. Buna görə də xarici mənbələr əvvəlki mətni "Ermənistan" yox, "erməni qüvvələri" deyə dəyişdirdi. Əgər BMT-dən və ya xarici insan hüquqları təşkilatlarından mütəxəssislər əraziyə cəlb olunsaydı, bunlar baş verməzdi. Yalnız müharibə bitdikdən sonra "Human Rights Watch" tədqiqat apara bilmişdi. Digər qurumların mütəxəssisləri isə məcbur rəsmi yayımlanmış şəkillərə baxıb nəsə nəticə çıxara bilmişdi. 

İmamzadə kompleksi

Dörd oktyabrdakı hücumla bağlı açıqlama verərkən Hikmət Hacıyev demişdi ki, şəhərdə yerləşən İmamzadə kompleksi ziyan görüb. Bu zaman ilk ediləsi şey həmin kompleksə yerli jurnalistləri tökmək, daha sonra xarici mütəxəssisləri və jurnalistləri çağırmaq idi. Nə edildi? Heç nə. Bəli, heç nə. Şuşa şəhərindəki Qazançı kilsəsinə zərər dəyəndə nə olmuşdu, xatırlayırsınız? Bütün böyük Avropa və ABŞ media orqanları bu məsələ barədə vahiməli başlıqlı xəbərlər dərc etmişdi. Ermənistan Müdafiə Nazirliyi kilsəyə dəymiş ziyanı hər tərəfdən şəklini çəkib yayımlamışdı. Onlar daha sonra xarici jurnalistləri gətirmişdilər ora. Ermənilər kilsənin içində dramatik effekt yaratmaq üçün pozalar verirdilər. Yenə də bu "yazıq xristian erməni"yə qarşı "zəngin, qəddar, radikal müsəlman azərbaycanlı" imici yayılsın deyə. 

Fotomateriallar

Bildiyiniz kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi yayımladığı foto və video materialları müəllif hüquqları ilə qoruyur. Bu səbəblə də bu materiallardan "Vikipediya" kimi platformalarda istifadə etmək mümkün deyil. Bunu, AzərTAc kimi KİV-lər də edir, halbuki, maliyyələşdirilmə səbəbləri Azərbaycanameylli informasiya axınına kömək etməkdir. Azərbaycan Respublikası Prezident Administrasiyasının rəsmi saytı yayımladığı foto və video materialları "Creative Commons" lisenziyası ilə buraxır. Bu lisenziya həmin foto və video materialların azad istifadəsinə imkan yaradır. Bu metodu Rusiya, ABŞ, Ermənistan və hətta qondarma DQR müdafiə nazirlikləri belə tətbiq edir. Buna görə də qeyri-Azərbaycandilli "Vikipediya" bölmələrində görüntü aspektində Ermənistana meyllilik mövcuddur. Bu, çox problem yaradır. Yuxarıda qeyd etdiyim Qazançı kilsəsinin fotoları "Vikipediya"da var. Lakin Gəncədə törədilən faciə barədə sadəcə bir azad fayl mövcuddur, onu da "Voice of America" çəkib. 

Suriyalılar, PKK, ASALA, Nubar Ozanyan Batalyonu

Müharibə boyunca hər iki tərəfdən vuruşan xarici qüvvələrin olduğu iddia olunmuşdur. Bunlardan ən çox işıq üzü görən Türkiyə dəstəkli Suriya müxalifləri/üsyançılarının muzdlular kimi Azərbaycan tərəfində döyüşməsi idi. Bu iddialar müharibədən əvvəl qaldırılmışdı (pikap məsələsi), döyüşlər başlayanda isə artıq bu mövzu barədə Qərb mediasında məqalələr yayımlanmağa başlandı. Suriyalıların Qarabağda döyüşdüyünü nə təsdiq edəcəm, nə də ki, inkar. Sadəcə onu deyim ki, bu məsələ barədə konkret, təkzibolunmaz dəlil yoxdur. Fərdi və ya kütləvi şəkildə bu məqalələr barədə gileylənmək xeyir vermir. Erməni lobbisinin gücü var, bunu bilirik. Lakin satın alınan media orqanları yox, ora yazan jurnalistlərdir. Gərəkli olan şey cavab məqalələr dərc etdirməkdir. 

"Vikipediya"da suriyalıların məqalənin başındakı infoqutuda qeyd olunması Azərbaycan cəmiyyətində mənfi reaksiyaya səbəb olub. Bu da normaldır. 

Bəs yaxşı, PKK/YPG, ASALA və Nubar Ozanyan Batalyonu niyə qeyd olunmayıb. Suriyalılar barədə Qərbdə çoxlu məqalələr var. Həmçinin, Qarabağda vuruşan suriyalılar başlığı altında çoxlu fotolar və videolar yayımlanır. Eynisini bunlar üçün demək olmaz. Bunlar barədə mövcud materiallar Azərbaycan və Türkiyə dövlət səlahiyyətlərinin açıqlamaları, o cümlədən Dövlət Təhlükəsizlik Xidmətinin yayımladığı bir səsyazmadır. Suriyalılar əlavə edilib PKK-nın əlavə edilməsinin əsas səbəbi suriyalılar məsələsini Qərb mediasının təsdiqləməsidir. Bu media orqanlarının sayı bir deyil, iki deyil. 

Qərb mediası məlumatları "Vikipediya"ya əsasən yeniləmir, "Vikipediya" məlumatları Qərb mediasına əsasən yeniləyir.

Ayxan Zayıdzadə