Paşayeva şəhid Xudayarın qardaşı ilə görüşdü

4 Yanvar 2021 13:51 (UTC+04:00)

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Bərdə rayon sakini, Vətən müharibəsinin şəhidi Xudayar Müslüm oğlu Yusifzadənin qardaşı Məhəmməd Yusifzadə ilə görüşüb.

Mövqe.az xəbər verir ki, komitə sədri şəhidimiz Xudayar Yusifzadədən və onun Vətən sevdası ilə oxuduğu mahnıdan danışıb, əsgərlərimizin bu sevgisinin və qəhrəmanlığının sayəsində torpaqlarımızın işğaldan azad olunduğunu, xalqımızın 30 illik həsrətinə son qoyulduğunu bildirib.

“Xudayar Azərbaycan Respublikasının ali ordenlərindən olan “Azərbaycan Bayrağı”na layiq görülüb.

Qəhrəman şəhidimiz həmçinin “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Artıq məşhur “Vətən yaxşıdır” mahnısı müəllifinin xeyir-duası ilə “Xudayar təsnifi” adlanır”, - millət vəkili bildirib.

Q.Paşayeva şəhid ailəsini tarixi Zəfərimiz, eyni zamanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, M.Yusifzadəyə üzərində "Şuşa Azərbaycandır" yazılmış qol saatı hədiyyə edib.

Həmçinin,Mədəniyyət Komitəsi adından şəhidin anası Radə xanım Qurbanovaya ünvanlanmış məktubu və üzərində "Şuşa Azərbaycandır!" yazılmış qol saatını M.Yusifzadəyə təqdim edib.

M.Yusifzadə səmimi görüş üçün təşəkkür edib.