Qərb Ermənistandan əl çəkməyəcək, Rusiya isə qapazlarını gücləndirəcək

7 Yanvar 2021 11:40 (UTC+04:00)

Müharibə edib, tam məğlubiyyətə uğramaq kiçik məsələ deyil. Normal dövlətlərdə bu, böyük faciədir və bundan sonra mütləq buraxılmış səhvlərin təkrar olunmaması üçün səylər göstərilir. Lakin müstəqil olmayan və başqalarının diktəsi ilə oturub-duran dövlətlərdə bu taleyüklü məsələ heç də həmişə ciddiyə alınmır. Necə ki, Ermənistanın 44 günlük müharibədən sonra düşdüyü ağır vəziyyətə rəğmən yürütdüyü siyasət bütün tarixi və beynəlxalq normalarla ziddiyət təşkil edir.

Soruşula bilər ki, nə üçün əlində heç bir siyasi və iqtisadi, hətta mənəvi resurs olmayan Ermənistanın siyasi hakimiyyəti bu dərəcədə höcətlik göstərir. Sual kimi onun cavabı da aydındır: Ermənistanın adı müstəqil, özü kölə dövlətdir. Bu ölkənin hakimiyyətinin hər hansı bir özünəməxsus siyasəti yoxdur və ola da bilməz. Çünki, Ermənistan supergüclər tərəfindən yaradılmış və onların mənafeyinə xidmət edən “dövlət”dir. Buna görə də bir neçə gün əvvəl Ermənistanın XİN rəhbəri Ara Ayvazyanın həyasızcasına Azərbaycan ərazisində yaşayan ermənilərlə görüşməsi və onların guya hakimiyət strukturları ilə danışıqlar aparması heç bir çərçivəyə sığmır. Əvəzində isə səfil dövlətin beynəlxalq vəziyyətinin ağırlaşmasına xidmət edir və ermənilər buna gedirlər.

A.Ayvazyanın qeyri-qanuni hərəkətləri Azərbaycan tərəfindən ciddi şəkildə tənqid olunub və bunun əməli nəticələri də özünü göstərəcək. Lakin Ermənistanın bu cür destabilizasiyaya xidmət edən hərəkəti Azərbaycana qarşımı yönəlib? Təbii ki, birmənalı çəkildə yox. Bu işin əsas istiqaməti Rusiya əleyhinə davam edən erməni, əslində isə ABŞ siyasətidir. Ara Ayvazyan da “soros uşaqları” qrupundandır və Rusiya qarşısında əyilməyə məcbur olan Paşinyanın əvəzinə indi Qərb siyasətinin Ermənistanda əsas qanadı sayılır. Onun Qarabağa qanunsuz səfəri isə Kremlə göndərilən mesajdır ki, “biz sənin sözünlə oturub durmuruq”. Başqa sözlə, 10 noyabr kapitulyasiya bəyanatına da sayğısızlıq göstərmək deməkdir. İndi yeni bir sual doğur: Ermənistana “dil” verən olmasayda, bu özbaşınalığa gedərdimi? Qətiyyən! Söhbət ABŞ-da siyasətini demokratiya pərdəsi altında yürüdən hakimiyyətin gəlməsi və demokratlarla Soros fondunun eyni istiqamətdə addımlamalarıdır. Üstəlik, Amerikanın yeni prezidenti Co Baydenin Rusiyaya qarşı demarşıdır. Hadisələrin bu fonda inkişafı başqa bir sualı da gündəmə gətirir: Rusiya prezidenti Putin bu özbaşınalığı Ermənistana bağışlayacaqmı?

Mətbuatın yaydığı məlumata görə, yanvarın 11-də Rusiya paytaxtında 10 noyabr bəyanatını imzalayan Putin, Əliyev və Paşinyanın üçtərəfli görüşü olmalıdır. Bu gözlənilən görüş deyildi. Amma görünür ki, hadisələr bu görüşün keçirilməsini gündəmə gətirib. Məlumat qeyri-rəsmi olduğundan konkret nə isə söyləmək çətindir. Ancaq bir şey məlumdur ki, Paşinyan ona verilən suallar qarşısında aciz duruma düşəcək, bu bir, ikincisi Rusiya sülhməramlılarının bölgədə həyata keçirdikləri siyasətə görə Kreml mənsubları da bəzi suallara aydınlıq gətirməli olacaqlar. Axı, ermənilərə meydan açan qüvvələr arasında Rusiya siyasiləri də var. Azərbaycan Prezidenti İlham Əliyevin tam haqqı var ki, görüşdə iştirak edən 10 noyabr bəyanatının sahiblərindən imzaladıqları şərtlərin yerinə yetirilməsi üçün hesabat tələb etsin. Çünki, Ermənistan baş naziri Nikol Paşinyanın Şuşada yallı gedərək Azərbaycanı müharibəyə təhrik etməsi kimi hərəkətlər indi Ara Ayvazyan tərəfindən təkrar olunur.

N.NOVRUZ