Ötən il 362 binaya təbii qaz verilib

7 Yanvar 2021 12:12 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar bir çox binanın istismara qəbulu prosesi ötən il də diqqətdə saxlanılıb.

Belə ki, Fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə “Azəriqaz” İstehsalat Birliyi 2020-ci ildə (07.01.2020-ci il tarixindən 30.12.2020-ci il tarixinə qədər) 362 yaşayış binasına təbii qaz açılışını təmin edib. Bu binalarda təbii qazla təchiz edilən mənzillərin sayı isə 28008-ə bərabərdir. Təkcə ötən ilin dekabr ayında 77 yaşayış binası üzrə 2882 mənzil təbii qaz alıb.

Bu barədə Mövqe.az-a “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov deyib.

Onun sözlərinə görə, ümumilikdə Birliyin əməkdaşları təbii qazla təmin olunmayan və ya natamam təmin olunan yaşayış binalarının tikinti şirkətləri ilə mütəmadi görüşlər keçirir:

"Yaranmış problemlərin aradan qaldırılması üçün lazımi köməkliyin göstərilməsi istiqamətində müvafiq təkliflər verilir".