Azərbaycan mədəniyyəti inkişaf yollarında

7 Yanvar 2021 19:35 (UTC+04:00)
Mədəniyyət siyasəti sahəsində qazanılan nailiyyətlər sübut edir ki, Azərbaycan dövlət müstəqilliyi getdikcə möhkəmləndirilməkdə, respublikamızda demokratik, hüquqi, dünyavi dövlət quruculuğu prosesi daha da sürətlə inkişaf etməkdədir. Dövlətçiliyin təməlinin, milli varlığın özülünün, əsasının mədəniyyətə bağlı olduğunu aydın dərk edən mərhum prezident Heydər Əliyev 13 avqust 2001-ci il tarixli bəyanatında söyləmişdir: “Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir”. Müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında baş verən dəyişikliklər, gərgin proseslər, zamanın yeni özəllikləri mədəniyyətimizə böyük təsir göstərmiş, onu yeni mövzularla zənginləşdirmişdir. Bu dövr Azərbaycan musiqisinin inkişafında ümummilli lider Heydər Əliyevin rolu böyük olmuşdur. Onun himayə və qayğısı, məqsədyönlü siyasəti nəticəsində ölkənin ağır ictimai-iqtisadi durumu şəraitində Azərbaycan mədəniyyəti və incəsənəti inkişaf etdirilmişdir.
        Hazırda ölkəmizdə həyata keçirilən ən mühüm layihələrin əksəriyyəti Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılır. Bu layihələrin sırasında mədəniyyət, incəsənət sahəsini əhatə edənlər də çoxluq təşkil edir. Son illərdə Heydər Əliyev Fondu tərəfindən mədəni sərvətlərimizin təbliği istiqamətində mühüm işlər görülmüşdür.  Azərbaycan Respublikasının müasir dövrdə yürütdüyü mədəniyyət siyasətindən yaranan imkanlar və milli mənəvi dəyərlərimizin mühafizəsinə göstərilən qayğı, gənc alimlərin və tədqiqatçıların bu sahədəki araşdırmalarına da stimul verməkdədir. Mədəni dünyaya sürətlə inteqrasiya etməkdə olan Azərbaycan Respublikasının demokratik inkişafı üçün zəruri olan təsisatlar və hüquqi baza artıq formalaşmışdır. Dövlət quruculuğu sahəsində aparılan islahatlar mədəniyyət siyasətinin səlahiyyətlərin bölünməsi prinsipi əsasında gerçəkləşməsini təmin etməkdədir.
Vəliyeva Rumiyyə
Nəsimi rayonu