Möhtəşəm qərar: köçkünlük bitdi, onların evləri isə...

7 Yanvar 2021 17:03 (UTC+04:00)

Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlər üçün nəzərdə tutulan evlərin şəhid ailələrinə verilməsi ilə bağlı qərarı gözlənilən idi. Şəhid ailələrinin sayı məcburi köçkünlərin sayından çox olmadığı üçün gələcəkdə bu qərar müharibədə iştirak edən və evi olmayan hərbçilərə də şamil edilə bilər.

Bu sözləri Axar.az-a millət vəkili Fazil Mustafa Prezident İlham Əliyevin məcburi köçkünlər üçün nəzərdə tutulan evlərlə bağlı qərarını şərh edərkən deyib.

O bildirib ki, müharibədə böyük qəhrəmanlıq göstərən hərbçiləri bu məsələdə nəzərdən qaçırmaq olmaz:

“Bundan başqa, evi olmayan, müharibədə iştirak edən DTX-nın, DSX-nın əməkdaşlarına da bu evlərdən verilməsi məqsədəuyğun olar.

Hətta uzun illər ev növbəsində duran vətəndaşların, müəllim və başqa kateqoriyadan olan evsiz insanların da güzəştli şərtlərlə bu mənzillərlə təmin olunması mümkün ola bilər”.

Əmlak eksperti Ramil Osmanlı da bildirib ki, şəhid ailələrinin sayı az olduğu üçün qalan mənzillər müxtəlif istiqamətlərdə daha səmərəli istifadə edilə bilər:

“İşğaldan azad edilmiş ərazilərə sakinlərin qayıtmasından sonra məcburi köçkün statusu ləğv olunacaq. Keçmiş məcburi köçkünlər üçün respublika ərazisində tikilən evlərin daha səmərəli istifadəsi isə təbii ki, onların şəhid ailələrinə verilməsidir. Bu baxımdan Prezident İlham Əliyevin bu qərarı olduqca müsbətdir. Şükür ki, ölkəmizdə şəhid ailələrinin sayı çox deyil. Bu səbəbdən şəhid ailələrinin, müharibə iştirakçısı olan hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından sonra qanunvericilik çərçivəsində müxtəlif istiqamətlərdə həmin mənzillərdən istifadə oluna bilər. Belə ki, məcburi köçkünlər üçün nəzərdə tutulan mənzillərin sayı çoxdur və yerdə qalan mənzillərin dövlət və ya bələdiyyə fonduna keçərək sosial mənzil formasında istifadəyə verilməsi məqsəduyğun olar.

Gələcəkdə boş qalan mənzillərin hansı formada istifadəsi barədə fikir mübadiləsi aparıla bilər. Bütövlükdə isə Prezidentin bununla bağlı qərarı təqdirəlayiqdir”.