Yaşayış binasında yanğın: 1 nəfər öldü

7 Yanvar 2021 17:11 (UTC+04:00)

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində ümumi sahəsi 30 m² olan mənzildə ev əşyaları 10 m² sahədə və pəncərə çərçivəsi qismən yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin (yataq xəstəsi) meyiti aşkar olunub.

Bu barədə Mövqe.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.