HEÇ VAXT UNUDULMAYACAQ ŞƏHİD QARDAŞLAR — NURLAN VƏ İNTİQAM...

8 Yanvar 2021 10:01 (UTC+04:00)

Masallı rayon Gənclər və İdman İdarəsinin kollektivi şəhid ailələrini ziyarət edib
  7 yanvar 2021-ci il tarixində,  Masallı rayon Gənclər və İdman İdarəsinin kollektivi şəhid ailəsini — Vətən uğrunda canından keçmiş Nurlan və İntiqam Əsgərli qardaşlarının ailələrini ziyarət etmişlər.
       Nurlan Əsgərli Aprel döyüşlərində, İntiqam Əsgərli isə 44 günlük vətən müharibəsində qəhrəmancasına döyüşərək torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçərək şəhidlik zirvəsinə yüksəlmişdir.

       Əziz Nurlan və İntiqam Əsgərlilərin valideynləri — anası Ziba xanım, atası Bayram kişi dövlətin və ölkə başçısının, eləcə də rayon rəhbərinin şəhid ailələrinə göstərdiyi qayğını yüksək qiymətləndirildiyindən danışıblar. 

Qeyd edək ki, Nurlan və İntiqam qardaşları Masallı rayonunun Viləş kəndində doğulub boya-başa çatıblar. Qardaşların hər ikisi Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyat bölüyundə xidmət edib.

Nurlan Əsgərli Azərbaycanda, qardaşı İntiqam isə Türkiyədə kəşfiyyat kursunu bitirib. Nurlan Aprel döyüşlərində, İntiqam isə Vətən müharibəsində - Şuşa uğrundakı gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Beş il əvvəl - Aprel döyüşlərində Nurlan Əsgərov Talış kəndi istiqamətindəki döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini məhv edib. 21 yaşlı döyüşçü qardaşı İntiqamın gözləri önündə şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə şəhid gizir Əsgərov İntiqam Bayram oğlu ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Aprel şəhidi Nurlanın doğulub boya-başa çatdığı Masallı rayonunun Viləş kəndinin mərkəzi küçəsinə onun adı verilib.

Qeyd edək ki, hər iki qardaş Masallı Rayon Gənclər və İdman İdarəsinin nəzdində Uşaq — Gənclər İdman Məktəbinin cüdo bölməsinin yetirməsi olub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Vətən sizi heç vaxt unutmayacaq!
                                                                 ƏLİHÜSEYN ŞÜKÜROV