Moskva görüşü dünya mediasında

13 Yanvar 2021 12:07 (UTC+04:00)

Bütün dünya mediyasının izlədiyi üç tərəfli görüş yanvarın 11-də Moskvada baş tutdu.  Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilmiş, görüşün məqsədi 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək olmuşdur.

Tərəflər 10 noyabr bəyanatının regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu bəndinin həyata keçirilməsinə dair  üçtərəfli işçi qrupun yaradılması barədə razılıq əldə etmişlər.

Azərbaycan hərb meydanında olduğu kimi diplomatik arenada da, müzakirələrdə də üstün mövqedədir və bu qalibiyyəti güzəştə getmək niyyəti yoxdur.

Prezident cənab İlham Əliyevin dediyi kimi:  “Regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün görüş çox vacib idi. Biz nəticə əldə etmək, sentyabrda - noyabrda baş vermiş hadisələrə yekun vurmaq əzmindəyik.

        Artıq Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb. Azərbaycan  tərəfi  qapalı görüşdə istədiyinə nail olub. Ortaq bəyanatın mətni – humanitar və kommunikasiya məsələləri ilə bağlı üçtərəfli işçi qrupunun yaradılması da bunu təsdiqləyir: Bakının şərtləri qəbul edilməsəydi, üçtərəfli əməkdaşlıq formatı olmayacaqdı.

Azərbaycan tərəfinin görüşdən əvvəl irəli sürdüyü və yeni bəyanatla təsbit olunmuş tələblər regional sabitliyi və təhlükəsizliyi möhkəmlətməyə xidmət edir.

Bu, faktiki olaraq “Mehri dəhlizi” - Naxçıvana, daha sonra Türkiyəyə dəmir yolunun açılması üzrə işlərin başlaması deməkdir.

Açılacaq kommunikasiya xətləri “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəi olacaq.

Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası ilə, həmçinin Tükiyə ilə  əlaqələri güclənəcək, ölkəmizin geoiqtsadi əhəmiyəti artacaq.

Xüsusi qeyd etmək gərəkdir ki,  Ermənistan  müxalifəti və Rusiyadakı erməni lobbisi görüşün pozulmasına çalışır, Paşinyanı görüşə gəlməməyə çağırırdı.

Paşinyan hökuməti də erməni cəmiyyətinin itmiş nüfuzunu bərpa etmək üçün Moskva danışıqlarında maksimum nəticə əldə etmək, bu, mümkün olmadıqda danışıqları pozmaq istəyirdi.

Erməni diplomatiyası Minsk qrupu formatında danışıqların bərpasında maraqlıdır, bu məqsədlə görüş barədə Fransa prezidenti Makrona xəbər sızdırılmış, görüşün Rusiyanın yarıməxfi şəkildə keçirmək cəhdləri əngəllənmişdi.

Paşinyan administrasiyası kommunikasiya xətləri ilə bağlı Azərbaycanın təşəbbüsünün qarşısını almağa can atır, bunun əvəzinə 10 noyabrdan sonra ələ keçirilmiş erməni diversantlarının-terrorçularının azad olunması məsələsini qabardırdı.

Lakin bu cəhdlər heç bir səmərə vermədi, Azərbaycan diplomatik danışıqlarda da bir daha üstünlük qazandı, danışıqların məcrasını öz istədiyi istiqamətə yönəltdi.

Azərbaycan hərb meydanında qazandığı zəfəri diplomatik masada, danışıqlar prosesində davam etdirir.

Paşinyanın iddiaları fonunda  Moskva görüşünü Ermənistan üçün növbəti fiasko saymaq olar. 

O, mətbuata açıqlamasında erməni diversantlarını-terrorçularını azad etmək mümkün olmadığından görüşün nəticələrindən məyus olduğunu gizlətməyib.

İkinci Qarabağ müharibəsinədək 30 il ərzində aparılan danışıqlar Azərbaycan üçün nəticəsiz diplomatik prosedur idi. Qarabağ problemi hərbi yolla həllini tapdıqdan sonra artıq rollar dəyişib - Ermənistan özü üçün uğursuz və nəticəsiz danışıqlarda iştirak etməyə məcburdur.

 

  İradə Hüseynova

  Nəsimi rayon sakini