Cənubi Qafqaz yeni qonşuluq münasibətlərinə qədəm qoyur

13 Yanvar 2021 15:16 (UTC+04:00)

44 günlük Vətən müharibəsinin sonunda biz öz haqlı mübarizəmizin qalibi olduq. Bu qalibiyyətin qazanılmasında uzaqgörən siyasətçi,cənab Ali Baş Komadan İlham Əliyevin misilsiz rolu oldu. Onun “Dəmir yumruq” əməliyyatı sayəsində 30 illik həsrətə son qoymağı bacardıq. Müharibənin nəticəsində 10 (9) noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli Bəyanat Cənubi Qafqazda yeni mərhələnin başlanğıcını qoydu. Nəhayət, Ermənistan hərbi-siyasi arenada Azərbaycan qarşısında diz çökərək rəsmi Bakının şərtlərini qəbul etməli oldu. Yanvarın 11-də Moskvada üç ölkənin başçısının - Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilmişdir. Bu görüş 10 noyabr üçtərəfli Bəyanatının möhkəmləndirilməsi baxımından əhəmiyyət kəsb edirdi.  Görüşdə çıxış edən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin çıxışında Rusiyanın ölkələrimizi və xalqlarımızı bir-birinə bağlayan tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərini yüksək qiymətləndirdiyini vurğulamışdır.

Azərbaycan Rusiyanın tərəfdaşlıq və mehriban qonşuluq jestlərini qiymətləndirərək görüşdə iştiraka razılıq verib. Rusiya tərəfi isə üçtərəfli razılaşmalara əməl olunmasına görə Azərbaycan tərəfinə minnətdarlıq ifadə edib.

Ermənistan tərəfinin müxtəlif istiqamətli təxribatlarını nəzərə alsaq, Moskva görüşündə Nikol Paşinyan bir çox suallara cavab verməli idi. Moskva görüşündə Ermənistanın heç bir şərtinin qəbul edilməməsi Azərbaycanın  diplomatik uğuru sayıla bilər. Ermənistanın əksinə olaraq, Bakı Moskva görüşündə qarşısına qoyduğu mühüm məqsədlərə çatmağı bacardı. Azərbaycan hərb meydanında olduğu kimi diplomatik arenada da, müzakirələrdə də üstün mövqedədir və bu qalibiyyəti güzəştə getmək niyyəti yoxdur.

11 yanvar Bəyanatında bilavasitə 10 noyabr Bəyanatında əksini tapmış məsələlərin həlli üçün konkret addımlar müəyyənləşdirilmişdir. Eyni zamanda, Moskva görüşündə əldə edilmiş razılaşmaya əsasən, regionda tamamilə yeni geoiqtisadi mənzərə yaranacaq, yeni nəqliyyat kommunikasiyaları reallaşdırılacaq. Mehri vasitəsilə Türkiyə-Naxçıvan-Azərbaycanın əsas hissəsi, Azərbaycan vasitəsilə Ermənistan-İran və Ermənistan-Rusiya nəqliyyat xətlərinin bərpası bunun bariz nümunəsidir.

Prezidentin görüşdən sonra verdiyi bəyanatda səsləndirdiyi əsas müddəlar isə aşağıdakılardan ibarətdir: Kommunikasiyaların bərpası Azərbaycan, Ermənistan, Rusiya və digər region dövlətlərinin maraqlarına cavab verir; Beynəlxalq kommunikasiyaların bərpası regionun inkişafında dinamizm yaratmaqla bərabər, həm də etibarlı təhlükəsizliyə xidmət edəcək; Dağlıq Qarabağ konflikti keçmişdə qalıb və indi gələcək haqqında düşünmək lazımdır.

Azərbaycan  tərəfi  qapalı görüşdə istədiyinə nail olub. Ortaq bəyanatın mətni – humanitar və kommunikasiya məsələləri ilə bağlı üçtərəfli işçi qrupunun yaradılması da bunu təsdiqləyir: Bakının şərtləri qəbul edilməsəydi, üçtərəfli əməkdaşlıq formatı olmayacaqdı. Bu, Azərbaycanın növbəti diplomatik uğurudur.

Fehruzzadə Xatirə Qurban qızı