Prezident sərəncam imzaladı: Bu ölkədə səfirliyimiz açılacaq

13 Yanvar 2021 19:12 (UTC+04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

Mövqe.az xəbər verir ki, sərəncamda qeyd olunur:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etsin;

1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etsin".