Bizim qələbəmiz və Rusiyanın siyasəti

14 Yanvar 2021 11:12 (UTC+04:00)

11 yanvar üçtərəfli Moskva görüşündən əvvəl Rusiya prezidenti Vladimir Putinin Fransa prezidenti Emmanuel Makronla danışması və görüş barədə onu məlumatlandırması belə bir təsəvvür yaratmışdı ki, Rusiya Türkiyənin proseslərdəki rolunu azaltmaq istiqaməti götürüb. Amma görüş baş tutandan və birgə bəyanat veriləndən sonra Vladimir Putinin Rəcəb Tayyip Ərdoğanla görüş barədə müzakirə aparması işdə Türkiyənin nüfuzunun və təsirinin diqqətdə qalmasını təsdiqləyir. Müzakirənin mahiyəti isə sübut edir ki, Cənubi Qafqazda sülhün bərqərar olması Fransadan yox, Türkiyədən asılıdır.

“Anadolu” agentliyinin Türkiyə Prezidenti Administrasiyasının məlumatına əsasən yazır ki, Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə söhbətində Ankaranın regionda sabitliyin və sülhün təmin olunması istiqamətində səylərə dəstək verməyə hazır olduğunu vurğulayıb. Türkiyə Prezidenti qeyd edib ki, Ankara Dağlıq Qarabağda sülhməramlıların mövcudluğu və monitorinq prosesi olmadan azərbaycanlıların və ermənilərin birgə yaşaması üçün şəraitin formalaşdırılmasının tərəfdarıdır. “Bu məqsədə nail olmaq Türkiyə-Rusiya tərəfdaşlığının konstruktiv nəticələrini bir daha bütün dünyaya göstərəcək”, - deyə Ərdoğan bildirib.

Bu fikirlərdən isə belə nəticə çıxır: birincisi, Rusiya sülhməramlılarının ilkin danışıqlarda təsbit olunmuş rolu işdə şərtləri aşır. Bu haqda Azərbaycan mətbuatı da kifayət qədər informasiya yayıb. Hətta Vladimir Putin 11 yanvar görüşündə qeyd edib ki, Rusiyadan Qarabağın dağlıq hissəsində yaşayan ermənilərə 1 milyon 500 min ton humanitar yardım göndərilib. Əgər nəzərə alsaq ki, Azərbaycanın ərazisində təxminən 3 min kv.km ərazini əhatə edən həmin ərazidə təqribən 50 min erməni yaşayır, onda hər erməniyə 30 ton yardım düşür. (!?) Bu qədər yardım nədən ibarətdir? Həqiqətənmi bu yardım humanitar xarakterlidir? Olduqca şübhəli rəqəmdir və onu göstərir ki, ruslar sülh qorumaq adı altında qeyri-sülhpərvər əməllərlə məşğuldurlar.

Türkiyə isə bu cür əməllərdən ciddi narazıdır və bunu Kremlin nəzərinə çatdırıb. Bu günlərdə R.T.Ərdoğan Türkiyənin gələcəyinin Avropa Birliyinin tam hüquqlu üzvü olmasında gördüyünü söyləmişdi. Doğrudanmı Türkiyənin taleyi Aİ-dən asılıdır. Düşünürük ki, yox! Ərdoğan bu mesajla Kremlə anlatmışdı ki, üzümüzü Qərbə çevirmək imkanımız həmişə var. Bu isə indiki beynəlxalq şəraitdə Rusiyaya qətiyyən əl vermir. Üstəlik, Türkiyə, Pakistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü də bu amillə bağlı ola bilər. Yəni, Avrasiya məkanında Rusiyasız yeni bir siyasi-iqtisadi blikun yaranması ehtimalı ortaya çıxarsa, onda Rusiyanın Avrasiya planlarına ciddi zərbə dəymiş olacaq. Bu səbəbdən V.Putin R.T.Ərdoğanla situasiyanı müzakirə edərək Türkiyənin Cənubi Qafqazda oynadığı rolun əhəmiyyətini qiymətləndirdiyini bildirmək istəyib. Türkiyə prezidenti isə açıq-aydın şəkildə Putinə çatdırıb ki, Rusiya sülhməramlılarının bölgədəki fəaliyyəti destruktiv nüanslara yol açır və onsuz sülhü daha yaxşı təmin etmək olar.

N.NOVRUZ