Mübariz Qurbanlı Komitənin Vətən müharibəsində iştirak edən əməkdaşları ilə görüşüb

15 Yanvar 2021 14:54 (UTC+04:00)

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yanvarın 15-də  Komitənin Vətən müharibəsində iştirak edərək ordudan tərxis olunan əməkdaşları ilə görüşüb.

Görüşdən əvvəl Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyulub, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın əzəli tarixi torpaqları olan Qarabağın strateji əhəmiyyəti və önəmi, 30 ildən bəri erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi, qazanılan böyük zəfər barədə danışan Komitə sədri qələbəmizin əsasında məhz Müzəffər Komandan Prezident İlham Əliyevin hərbi sərkərdəlik keyfiyyətlərinin, prinsipial və qətiyyətli mövqeyinin, ən ekstremal şəraitdə belə uğurlu diplomatiya yürütməsinin dayandığını vurğulayıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin açdığı yol ilə Azərbaycanı tarixi Zəfərə apardı. Bu gün Azərbaycan öz tarixinin ən şərəfli günlərini yaşayır. Ali Baş Komandanın müdrikliyi, Milli Ordumuzun gücü, cəmiyyətdəki vətəndaş həmrəyliyi nəticəsində əldə olunan möhtəşəm qələbə Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən biridir.

Komitə sədri ordudan tərxis olunan əməkdaşlara tarixi Zəfərimizin qazanılması uğrunda hərbi əməliyyatlarda iştirak edərək göstərdikləri şücaətlərə görə təşəkkür edib, gələcək həyatlarında uğurlar arzulayıb, hədiyyələr təqdim edib.

Ümumilikdə, Dövlət Komitəsindən 6 əməkdaş  - Raman Dadaşov, Kamal Ələkbərbəyli, Turan Həsənzadə, Orxan Axundov, Cavid Məlikzadə, Rauf Quliyev Vətən müharibəsində iştirak edərək, tarixi Zəfərimizin qazanılmasına töhfələrini verib.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamları ilə Komitənin Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Turan Həsənzadə 4 medalla - "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.