Vətən Müharibəsi qazisi ilə görüş

16 Yanvar 2021 10:59 (UTC+04:00)

 

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Qarabağ müharibəsi qazisi ilə görüşərək onun qayğıları ilə tanış olub. Q.Ağayev Ojakəran kənd sakini, İkinci Qarabağ müharibəsinin iştirakçısı Şəhriyar və müharibə iştirakçısı Ağalar Mərufov qardaşları ilə onların evində görüşmüş, səhhətləri ilə maraqlanmışdır.

Mərufov Şəhriyar Xanlar oğlu 1995-ci ildə Ojakəran kəndində anadan olmuşdur. 2014-cü ildə həqiqi hərbi xidmətə yollanan Şəhriyar, 2015-ci ildən Daxili Qoşunların Xüsusi Təyinatlı dəstəsində müddətdən artıq hərbi qulluqçu kimi xidmətinə davam etmişdir. Qardaşı Ağalar Mərufov 1993-cü ildə anadan olmuş, həqiqi hərbi xidməti başa vurduqdan sonra 2018-ci ildən Daxili Qoşunların Xüsusi Təyinatlı dəstəsində müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirmişdir.

Vətən müharibəsi başlanan ilk gündən hər iki qardaş cənab Ali Baş Komandanın əmrinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması və Ermənistanın təxribatlarının qarşısını almaq üçün əks-hücum əməliyyatında iştirak etmişlər. Bir çox yaşayış məntəqələrimizin düşməndən azad edilməsində döyüş yoldaşları ilə birlikdə ən ağır əməliyyatlarda iştirak etmiş, qəhrəmanlıqlar göstərmişlər. Şəhriyar Şuşa şəhəri uğrunda döyüşlərdə ağır yaralanmış, Ağalar isə sonadək döyüşlərdə iştirak etmişdir. Qəhrəman qardaşlar Ali Baş Komandanın hər bir əmrini canla-başla yerinə yetirməyə hazır olduqlarını daim əminliklə qeyd edirlər.

Qəhrəman döyüşçülərin atası Xanlar Mərufov və anası Rəşxəndə xanım oğlanlarının tarixi qələbənin qazanılmasındakı xidmətlərindən qürur duyduqlarını bildirir, torpaqlarımızın işğaldan azad edilməsinə hədsiz sevindiklərini ifadə edirlər. Valideynlər onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq edir, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildirirlər.

Ləyaqətli, vətənpərvər övladlar böyütdüklərinə görə Mərufovlar ailəsinə minnətdarlığını bildirən RİH başçısı Qəzənfər Ağayev igid döyüşçülərə can sağlığı arzulayaraq deyimişdir: “Şanlı Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman zabit və əsgərlərimizin fədakarlığı ilə 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. Bu azadlıq mübarizəsində ordumuz sizin sayənizdə zəfər tarixi yazdı. Birinci Qarabağ müharibəsində vahid komandanlıq olmadığı üçün ölkənin idarəetməsində olduğu kimi orduda da pərakəndəlik, anarxiya var idi. Ona görə də torpaqlarımız vəhşi düşmənlər tərəfindən asanlıqla işğal edildi. Ermənilər uzun illər vandallıq edərək gözəl yaşayış məntəqələrimizi xarabazara çevirdilər. On minlərlə soydaşımız doğma yurd yuvasından qaçqın düşdülər.

Müstəqil Azərbaycanımızın ordu quruculuğu ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra başladı. Ölkə Prezidenti cənab İlham Əliyev isə ordumuzu daha da gücləndirdi və dünyanın ən nizami orduları sırasına çıxardı. Bu 44 günlük müharibədə bütün dünya bunun şahidi oldu. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığımız haqq savaşı şanlı ordumuzun qələbəsi, düşmənin acı məğlubiyyəti ilə başa çatdı. Bununla da müzəffər ordumuz 30 illik həsrətə son qoyaraq, ayrı-ayrı tarixi dövrlərdə ermənilər tərəfindən törədilən-Quba, Lənkəran, Şamaxı, Bakı,Xocalısoyqırımı qurbanlarının, həmçinin qətlə yetirilən digər soydaşlarımızın və bütün şəhidlərimizin qisasını aldılar. Hazırda Qarabağımızda quruculuq işlərinə start verilib. İnanırıq ki, bir neçə ilə cənab Prezidentin rəhbərliyi ilə bu torpaqlar yenidən cənnətə çevriləcək və ölkəmizin ən gözəl məkanlarından biri olacaq. Bir daha sizə təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə tezliklə şəfa versin, bütün əsgərlərimizin yardımçısı olsun”.


Səfail MƏMMƏDOV

Astara RİH-nin İnformasiya Təminatı və
Təhlil sektorunun müdiri