Sosial-psixoloji reabilitasiyaya cəlb olunan qazilərlə görüş keçirilib

16 Yanvar 2021 14:00 (UTC+04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekpsertiza və Reabilitasiya Agentliyinin (DTSERA) sədri Cavid Əbdül-Qədirov Agentliyin Reabilitasiya Mərkəzində sosial-psixoloji reabilitasiya xidmətləri göstərilən Vətən müharibəsi qaziləri ilə görüşüb. 
Görüşdə C.Əbdül-Qədirov dövlət başçısının tapşırığı ilə Nazirlik tərəfindən postmüharibə dövründə şəhidlərin ailələri, qazilərimizlə bağlı sosial dəstək tədbirləri həyata keçirildiyini deyib. 
Qeyd edilib ki, bu dəstək tədbirləri artıq 8500 şəxsi əhatə edib və onlardan 3200-ə yaxın şəxs sosial-psixoloji dəstəklə təmin olunub. O cümlədən, DTSERA-nın reabilitasiya müəssisələrində postmüharibə dövründə 260 qaziyə, şəhidlərin, yaralı hərbçilərin 20 uşağına sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib. Bakı Sağlamlıq Mərkəzində və Sərhəd Qoşunları Hospitalında müalicə alan hərbçilərdən 28 hərbçini də Agentlik sosial-psixoloji reabilitasiyaya cəlb edib. Eləcə də 5 qazi yüksək texnologiyalı müasir protezlə, 7 qazi əlil arabası, əlavə olaraq 130-a yaxın qazi 530-dan çox reabilitasiya vasitəsi ilə təmin olunub. 
Nazirlər Kabinetinin 13 yanvar 2021-ci il tarixli Qərarı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin sədrliyi ilə yaradılan komissiya tərəfindən isə hərbçilərin tibbi-sosial ekspertizasının əyani müayinə keçirməklə, operativ, vaxtında, keyfiyyətlə və mərkəzləşmiş şəkildə aparılması üçün müvafiq işlər görülür. 
Görüş zamanı mərkəzdə sosial-psixoloji reabilitasiya kursu başa çatmaqda olan qazimiz - döyüşlərdə qəlpə yarası almış Cəfərov Samir İlham oğlunun doğum günü olduğu bildirilib və onun ad günü qeyd edilib. Agentlik sədri, mərkəzin kollektivi, qazi yoldaşları ona xoş arzularını ifadə ediblər.  
Görüşdən sonra Agentliyin sədri göstərilən sosial-psixoloji reabilitasiya xidmətlərini nəzərdən keçirib.