Şəhid baş leytenant Əlimərdan Quluzadə

16 Yanvar 2021 14:50 (UTC+04:00)

Əlimərdan Fəttah oğlu Quluzadə 1993-cü il fevralın 14-də Masallı rayonunun Birinci Yeddioymaq kəndində anadan olub.

2000-ci ildə Birinci Yeddioymaq kənd məktəbinə daxil olub, dördüncü sinfə qədər bu məktəbdə oxuyub.

Orta təhsilini beşinci sinfi Sumqayıt şəhər 5 nömrəli tam orta məktəbdə davam etdirib, 2008-ci ilə kimi, səkkizinci sinfi qurtarana qədər həmin məktəbdə təhsil alıb.

Beləliklə, həyatını hərb sənətinə bağlayan gənc 2018-2011-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə və 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alaraq leytenant rütbəsi almışdır.

Sonra Azərbaycan Ordusunun  baş leytenantı Əlimərdan Quluzadə Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarında xidmət edib. Belə ki, 2015-2020-ci illərdə  baş leytenant kimi Bakı şəhərinin Müşfiq qəsəbəsində yerləşən N saylı hərbi hissədə Vətənə xidmət borcunu şərəflə yerinə yetirib.
2016-cı il uğurlu Aprel döyüşlərinin içtirakçısı olub.
Orduda nümunəvi zabit kimi xidməti göstərdiyinə görə 2013-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)"  və 2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medallarına layiq görülüb.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda döyüşlərdə hünər göstərən baş leytenant Əlimərdan Quluzadə oktyabrın 6-da Füzulidə gedən qanlı döyüşlər zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olub.
Şəhid Əlimərdan Fəttah oğlu Quluzadə Birinci Yeddioymaq kənd qəbiristanlığında izdihamla dəfn olundu.

Ailəli idi. 2 qız övladı yadigar qaldı. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Əlimərdan Fəttah oğlu Quluzadə ölümündən sonra «Vətən uğrunda» və 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən «Cəbrayılın azad olunmasına görə» medalları ilə təltif edildi.

ƏLİHÜSEYN ŞÜKÜROV