Qarabağın döyünən ürəyi – Şuşa

17 Yanvar 2021 14:40 (UTC+04:00)

  1992-ci il mayın 8-də Ermənistanın silahlı ordusunun hücumları nəticəsində Azərbaycanın dilbər guşəsi, Qarabağın gözəllik simvolu Şuşa şəhəri işğal olundu. Şuşanın işğalı ermənilər üçün "böyük qələbə", bizim üçün isə "ağır itki" idi. İşğal nəticəsində Şuşadakı bir sıra mədəniyyət abidələri düşmən tərəfindən talan , tarixi abidələr məhv edildi. Lakin Ali Baş Komandanın əmri ilə əks-hücuma keçən Azərbaycan Silahlı qüvvələri böyük qəhrəmanlıq və şücaət göstərərək 2020-ci il noyabrın 8-də Şuşa şəhərini düşmən işğalından azad etməklə 28 illik həsrətə son qoymuşlar. İllərlə dağlarının başı qara buludlu, meşələri dumanlı olan Şuşada, namərd tapdağı altında qalan Cıdır düzündə artıq Şanlı Azərbaycan bayrağı dalğalanır!
          2021-ci il yanvar ayının 14-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev, Mehriban xanım Əliyevə və Leyla Əliyeva Azərbaycanın mədəniyyət beşiyi hesab edilən Şuşa şəhərinə səfər etmişlər. Səfər zamanı dövlətimizin başçısı və birinci xanım Füzuli - Şuşa yolun təməlini qoydular.
            Sonra Prezident İlham Əliyev Füzuli rayonunda beynəlxalq hava limanının təməlini qoydu. Prezident çıxışında hava limanının əsas məqsədinin xarici qonaqların Şuşaya gəlişini təmin etmək olduğunu vurğulamışdır. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil.
           Ölkə başçısı Şuşaya səfəri zamanı qeyd etmişdi: "Şuşa şəhəri mənim tərəfimdən Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verildi. Bütövlükdə müharibədən cəmi iki ay vaxt keçib, ancaq böyük quruculuq işlərinə start verildi. Azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçın rayonlarının ərazisində inşa ediləcək. İndi yer seçilir və beləliklə, iki beynəlxalq hava limanının tikintisi yaxın zamanlarda təmin edilməlidir".
Erməni vandalizminin qurbanı olan, düşmən gülləsindən “yaralanan”, paytaxtda saxlanılan Bülbülün, Üzeyirin, Natəvanın büstləri Prezidentin təşəbbüsü ilə Şuşada yenidən yerlərinə qoyulmuşdur. 
Bununla bağlı keçirilən tədbirdə çıxış edən Prezident İlham Əliyev demişdi:
"Bu gün Şuşaya gələrkən 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimizin – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini gətirmişəm. Bu yerdə Şuşa Mədəniyyət Mərkəzi, Mədəniyyət Evi yerləşirdi və Üzeyir bəyin, Bülbülün büstləri məhz bu yerdə qoyulmuşdu. Mənfur düşmən Şuşa Mədəniyyət Evini dağıdıb və dahi şəxsiyyətlərimizin büstlərini gülləbaran edib".
Dövlət başçısı, birinci xanım və qızları Leyla Əliyeva Şuşadakı Aşağı Gövhərağa və Yuxarı Gövhərağa məscidlərini də ziyarət etdiblər.
Şuşaya səfər çərçivəsində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cıdır düzündə də olublar. Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşadakı Qazançı kilsəsinə də baxış keçiriblər.
2019-cu il 9 mayda Ermənistanın Baş naziri Nikol Paşinyan Şuşada şəhərin ələ keçirilməsinin 27-ci ildönümünü qeyd etmək üçün düzənlənən məclisdə yallı gedənlərə qoşuldu. Bu gün isə İlham Əliyev öz ailəsi ilə həmin yerdə armudu stəkanda paxlava ilə çay içərək " Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!" deyərək bu yerlərin artıq əsl sahibində olduğunu bütün dünyaya bəyan etmişdir.
Fehruzzadə Xatirə 
Nəsimi rayon Təhsil işçisi