Qarabağ Azərbaycan, Qarabağın ürəyi Şuşa

17 Yanvar 2021 18:45 (UTC+04:00)

Cənab Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoyub.Cənab  Əliyev Şuşanın Mərkəzində Azərbaycan bayrağını asıb. 
O, həmçinin Bülbülün, Xurşidbanu Natəvanın və Üzeyir Hacıbəyovun Birinci Qarabağ Müharibəsi dövründə güllələnmiş büstlərinin Şuşada açılışını edib. İndiyədək həmin büstlər Bakıda saxlanılıb. 
Prezident Bülbülün dağıdılmış ev muzeyinə, Vaqifin məqbərəsinə baş çəkib, Cıdır düzündə olub. O, Şuşadakı erməni kilsəsini də ziyarət edib. İkinci Qarabağ Müharibəsi vaxtı həmin kilsə zərər görmüşdü. Daha sonra Prezident ailə üzvləri ilə birlikdə Şuşada Aşağı Gövhər Ağa məscidini ziyarət edib. 
İlham Əliyev 39 il öncə keçmiş Prezident, atası Heydər Əliyevlə birgə çəkilmiş şəklini də nümayiş etdirib. Foto Heydər Əliyevin Sovet Azərbaycanı Kommunist Partiyasının Mərkəzi Komitəsinin Birinci katibi olarkən Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışını edərkən çəkilib.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Molla Pənah Vaqifin məqbərəsinin düz 39 il bundan əvvəl - 1982-ci il yanvarın 14-də açılışı olmuşdur. Bu tarixi gün mənim yadımdadır. Çünki o vaxt atamla bərabər, bax, bu yerdə mən də durmuşdum. Bu, tarixi videokadrlar da var. Bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşada Molla Pənah Vaqifin büstünün və məqbərəsi ziyarət edərkən deyib. 
"Çox şaxtalı, qarlı bir hava idi. Möhkəm qar yağırdı. Amma buna baxmayaraq, bu tədbirə yığışmış insanlar, Azərbaycan ziyalıları heç o soyuğu hiss etmirdilər. Çünki Qarabağ xanının vəziri olan Molla Pənah Vaqifin möhtəşəm məqbərəsi açılırdı. 
Bu təşəbbüsü ulu öndər Heydər Əliyev irəli sürmüşdü, onun rəhbərliyi ilə inşaat işləri aparılmışdı və gözəl, əzəmətli məqbərə ucaldılmışdı. 
Xanın vəziri olan insanın şərəfinə o vaxt - sovet dövründə məqbərə ucaltmaq qeyri-adi bir hadisə idi. İndi buna hər kəs təbii hadisə kimi baxa bilər, amma o vaxt - sosializm dövründə xanın vəzirinin şərəfinə məqbərə ucaltmaq doğrudan da fövqəladə bir hadisə idi. Məhz Heydər Əliyevin təkidi və cəsarəti nəticəsində o vaxt Azərbaycan buna nail ola bildi və bu yer də təsadüfən seçilmədi. Molla Pənah Vaqifin qəbri buradadır. Bu məqbərənin yaradılması və açılışı bir tərəfdən Azərbaycan Respublikasının öz tarixinə, Azərbaycan xalqının öz dahi şəxsiyyətlərinə olan hörmətin əlaməti idi. Digər tərəfdən bu məqbərənin Şuşada açılması bir daha təsdiq edirdi ki, Şuşa Azərbaycan şəhəridir", -Prezident bildirib. Biz artıq Qarabağımıza qayıtmışıq və orada yenidən məskunlaşacağıq. Doğma yurdumuzda həyat yenidən canlanacaq. Qarabağ bizim idi, bizim də oldu!

İbadova Günay 
Nəsimi rayon gənci