Ali baş komandanın Qarabağın baş tacı- Şuşaya səfəri

17 Yanvar 2021 20:30 (UTC+04:00)
Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlərboyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir... Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. İlham Əliyev Gözəl Şuşanın işğaldan azad olunmasından günlər keçsə də, o anların sevinci o qədər böyük, qüruru elə misilsiz idi ki, bunu ifadə etməkdə çətinlik çəkirsən. O anlarda bütün məmləkət bu fəxarətdə birləşmişdi. Hamı şuşalı idi, bir-birinə gözaydınlığı verir, "Şuşa, azadlığın mübarək!” deyirdi... 2020-ci ilin 8 noyabrı - Müzəffər Azərbaycan Ordusunun ulu yurdun qədim şəhərlərindən biri, Qarabağımızın baş tacı Şuşanı erməni işğalçılarından azad etdiyi gün bizim - bu böyük tarixi günün şahidlərinin yaddaşına beləcə, bayram əhvali-ruhiyyəsi ilə köçür. Şuşanın təcavüzkarların əllərindən xilası xəbəri hər bir azərbaycanlıya könül rahatlığı gətirir. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımızın hər qarışı - kəndi, qəsəbəsi, rayonu, şəhəri, dağı, dərəsi, təpəsi, yamacı azad edildikcə bu hissləri yaşadıq. Qürurlandıq, sevindik və kövrəldik. Şuşaya gəlincə, Prezident İlham Əliyev Türkiyənin "A Haber” televiziya kanalına müsahibəsində demişdi: "İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. 
Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar”. Bu gün prezident İlham Əliyev xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva ilə birlikdə işğaldan azad olunan Şuşa şəhərinə səfər edib. Bu işğaldan sonra prezidentin Şuşaya ilk səfəridir. Səfər çərçivəsində prezident Xan qızı Natavanın ev muzeyi, Yuxarı Gövhər Ağa məscidi də daxil olmaqla bir sıra tarixi-mədəniyyət abidəsini ziyarət edib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qalib ordunun sərkərdəsi kimi tarixi Şuşa şəhərinə səfəri Ermənistanın ürəyinə saplanan xəncərdir.Şuşa səfəri həm də Prezidentin Ermənistanda revanşizm haqqında düşünənlərə xəbərdarlıqla da müşayiət olundu. Prezident İlham Əliyev Molla Pənah Vaqifin məqbərəsi önündə çıxış edərkən Ermənistanı təxribatçı addımlardan çəkinməyə çağırıb: “Əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, Azərbaycanın dəmir yumruğunu bir daha görəcək” Azərbaycan Ordusu Şuşanı və azad edilmiş bütün torpaqları göz bəbəyi kimi qoruyur. Prezident ritorik olaraq Ermənistanın ordu qurub torpaqları geri ala biləcəyinə dair ritorik sual ünvanlayıb və Müzəffər Ordunun Ali Baş Komandanı kimi, qürurla xəbərdarlıq edib: “Gəlin, alın. Gəlin bura, siz buradasınız, yaxındasınız. Gəlin alın, görüm necə alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik”, - deyə İlham Əliyev əlavə edib. Prezident İlham Əliyev Qarabağın işğalında xüsusi rol oynamış Robert Koçaryan və Serj Sarkisyan cütlüyünə də “Dəmir yumruğ”u xatırladır. “Heç kim unutmasın bu dəmir yumruğu. Düşmənin belini qırdıq. Lazım olarsa, bir daha qırarıq. Koçaryan-Sarkisyan, Azərbaycan xalqının düşmənləri, siz buranı bu günə saldınız. 
Mən müzəffər Ordunun Baş Komandanı kimi gəlmişəm və burada durmuşam, öz torpağımda durmuşam. Sizin iziniz də, tozunuz da rədd olub buradan və bir daha olmayacaq, heç vaxt olmayacaq”. 
Aytəkin Kərimova 
Nəsimi rayon gənci