İlin ən gözəl səfəri-Şuşa

17 Yanvar 2021 21:27 (UTC+04:00)

Şuşa- Azərbaycanın mədəniyyət paytaxtı, təmiz havası, göz oxşayan mənzərəsi ilə bizim doğma torpağımızdır. Ötən il Dağlıq Qarabağ uğrunda hərbi əməliyyatlar davam etdiyi müddətdə ölkə başçımız Prezident İlham Əliyev “Şuşasız bizim işimiz yarımçıq qalar" demişdi. 2020-ci il 8 noyabr tarixində isə böyük qüruru hissi ilə Şuşa şəhərinin azad olunması xəbərini xalqına çatdırmış, Azərbaycan xalqına verdiyi sözü yerinə yetirmişdir. Bu gün isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Şuşa şəhərinə səfər etmişdir. Ölkə başçımız Şuşa şəhərində üçrəngli Azərbaycan bayrağını qaldırıb, əsgərlərimizlə görüş keçirmişdir.Görüş zamanı çıxış edən Prezident İlham Əliyev demişdir: “ Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik. Burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq!”

Daha sonra isə Prezident İlham Əliyev,  birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Şuşa şəhərində yerləşən “Yuxarı Gövhərağa” məscidinə və “Qazançılar" kilsəsinə baş çəkiblər. Eyni zamanda Şuşa şəhəri işğal olunan vaxt güllələnmiş və sonradan Bakıya gətirilən 3 dahi şəxsiyyətin Natəvan , Üzeyir Hacıbəyli və Bülbülün heykəli aid olduğu yerə-Şuşaya qaytarılıb. 

Biz bu torpaqlara qalibiyyət yollarından keçərək birdəfəlik qayıtmışıq. Tezliklə bütün Qarabağa yenidən həyat qayıdacaq. Biz buna inanırıq. Çünki, bu ölkənin verdiyi hər sözə əməl edən dövlət başçısı və daim birlik olmağı bacaran cəsur xalqı var. Yaşasın Azərbaycan Dövləti! Qarabağ Azərbaycandır!

Məmmədova Simranə 

Nəsimi rayon gənci