Viləş kəndindən Vətən Müharibəsi Qəhrəmanı - İntiqam Əsgərli

18 Yanvar 2021 09:37 (UTC+04:00)

İntiqam Bayram oğlu Əsgərli 16 avqust 1990-cı ildə Masallı rayonunun Kalinovka (indiki Viləş) kəndində anadan olub. 2008-ci ildə S.Hacıyev adına indiki Viləş kənd tam orta məktəbini əla qiymətlərlə bitirən İntiqam həyatını hərbi işə bağlayır və Türkiyədə kəşfiyyat kursunu bitirərək bu sahənin incəliklərini öyrənir.

Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı  İntiqam Bayram oğlu Əsgərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsində Şuşa istiqamətində gedən şiddətli döyüşlərdə iştirak edib. Gizir Şuşanı azad edən hərbçilərimizdən biridir.

Döyüşlərdə fədakarlıq göstərərək şəhid olan İntiqam Əsgərli Aprel döyüşlərində də iştirak edib. Onun qardaşı Nurlan Əsgərli Aprel döyüşlərində şəhid olub. Qardaşının cansız bədənini döyüş meydanından özü çıxaran İntiqam bir gün intiqamını alacağına and içir. Qəhrəman gizirimiz Şuşa döyüşlərində sözünü tutur, şəhid qardaşının qisasını alır. Bu yolda dönməz olan qəhrəmanımız şəhidlik zirvəsinə ucalır.

Şəhid  İntiqam Bayram oğlu Əsgərlinin nəşi doğma kəndində torpağa tapşırılıb. O ailəli idi. Nur adlı bir övladı Vətənə yadigar qaldı. Həyat yoldaşı bir neçə aydan sonra dünyaya gətirəcək ikinci övladına atasının —  Azərbaycanın Vətən müharibəsi Qəhrəmanının şərəfinə İntiqam adını verəcək.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Masallı rayonunun Viləş kəndindən olan Vətən müharibəsinin şəhidi gizir İntiqam Əsgərli ölümündən sonra “Vətən uğrunda” medalına və Azərbaycan Respublikasının Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı ilə  “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Viləş kəndinin mərkəzi küçəsi İntiqamın qardaşı, Aprel şəhidi Nurlan Əsgərlinin adını daşıyır.

Əlihüseyn ŞÜKÜROV