“Azərbaycan gəncliyinə ən yüksək qiymət”

18 Yanvar 2021 13:05 (UTC+04:00)
Bir dövlətin öz inkişafını həyata keçirməsi üçün yüksək potensiala malik olan gəncliyə sahib olması çox vacibdir. Çünki gənclər inkişafa təkan verməyə qadir cəmiyyətin əsas hərəkətverici qüvvəsidir.  Bu gün Azərbaycan vətənpərvər və yüksək zəkalı gəncliyə sahib olan bir ölkədir. 44 günlük Vətən Müharibəsində Azərbaycan gəncləri təmsil olunduğu sahədən asılı olmayaraq son illər ərzində formalaşan potensialını ölkənin ərazi bütövlüyünün bərpasına yönəltdi. Azərbaycan gənci döyüş meydanında böyük şücaət və qəhrəmanlıq göstərməklə yanaşı, informasiya savaşında da öz bilik və bacarıqlarından istifadə edib qələbənin reallaşmasına töhvə verdi. Əslində Vətən Müharibəsi Azərbaycan gəncliyinin dövlət qarşısında bir imtahanı idi, çünki son illər ərzində gənclərlə bağlı həyata keçirilən tədbirlər, qəbul olunan proqramlar və digər sənədlər gənclərin hərtərəfli inkişafına dəstək vermişdi. Bu imtahandan alnıaçıq çıxan Azərbaycan gənclərinə əsl qiyməti məhz Prezident İlham Əliyev Şuşaya səfəri zamanı verdi. 
Cənab Prezidentin Şuşada gənclərlə bağlı səsləndirdiyi fikirlər: “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi.” 
Bu fikirlər gənclərə verilə biləcək ən yüksək qiymət idi. Ancaq gənclərin vəzifəsi burada yekunlaşmır. Əksinə bundan sonra bizi daha da məsuliyyətli və daha əzmlə çalışmağı tələb edən bir dövr gözləyir. Artıq yeni quruculuq mərhələsi başlayır, hansı ki, bu mərhələdə gənclər öz potensiallarını ölkənin gələcək inkişafına, onun güclənməsinə yönəldəcək. Bu şərəfli və müqəddəs yolda gənclərə uğurlar arzu edirəm!
Fəsli Nəbiyev,
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri