2778 şəhidin 6790 ailə üzvünə pensiya, müavinət və təqaüd təyinatı aparıldı

19 Yanvar 2021 11:44 (UTC+04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin postmüharibə dövrü üzrə sosial dəstək tədbirlərinin mühüm bir istiqaməti tarixi Zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsi  şəhidlərinin ailə üzvlərinə sosial ödənişlərin təyin olunmasıdır.
Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu  (DSMF) tərəfindən bu günədək artıq  2778 şəhidin 6790 ailə üzvünə sosial təminat növləri üzrə  ödənişlər (Prezidentin aylıq təqaüdü, pensiya və müavinət) təyin olunub. 
Təyinatların aparılması işinin operativ təşkili üçün DSMF-də əməkdaşlar səfərbər edilib və bu fəaliyyət istiqaməti üzrə xüsusi işçi qrup yaradılaraq fəaliyyətə başlayıb. 
Şəhid ailələri üzvlərinin müraciəti olmadan və təyinat aparılması üçün zəruri sənədlər Fondun əməkdaşları tərəfindən aidiyyəti qurumlardan alınaraq toplanılmaqla sosial ödənişlər təyin olunub. Elektron qaydada, proaktiv şəkildə həyata keçirilən bu proses artıq yekunlaşmaq üzrədir. 
Təyin olunmuş sosial ödənişlər barədə şəhid ailələrinə məlumatlar verilməklə, bir çox hallarda təqaüd kartları onlara elə öz ünvanlarına aparılaraq təqdim olunur.