Əbdürrəhim bəy Haqverdiyevə həsr olunmuş tədbir

19 Yanvar 2021 14:40 (UTC+04:00)

Bu günlərdə Masallı rayonunun Qızılavar kənd tam orta məktəbində realist Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr olunmuş videokonfrans keçirilmişdir.
Videokonfransda məktəbin direktoru Lətifə Qənbərzadə, ədəbiyyat müəllimləri M. Quliyeva, R.Hüseynova, VI, VIII sinif şagirdləri iştirak etmişlər.
Lətifə müəllimə qeyd etmişdir ki, Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev 1870-ci il may ayının 17-də Qarabağ mahalının Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində doğulub. Əsəd bəy qəza dəftərxanasında katib işləyib. Əbdürrəhim bəy üç yaşında atadan yetim qalıb və əmisi Əbdülkərim bəy onu himayəyə götürüb. İki il sonra əmisi nəsil davasında yerli bəylər tərəfindən qətlə yetirilib. Əbdürrəhim bəy əmisi arvadının ona verdiyi işgəncə və sitəmlərdən qurtulmaq üçün təzə ər evində yaşayan anasının yanına gəlib. Atalığı H.Sadıqbəyov ona oğul məhəbbəti bəsləyib, uşağın təhsil almasının qeydinə qalıb, şirindilliyi və səmimiyyəti ilə ailədə hörməti uca tutulub.
Şuşa şəhərindəki altıillik realnı məktəbi 1890-cı ildə başa vuran Əbdürrəhim bəy bir il də Tiflis realnı məktəbində oxuyub. 1891-ci ildə ali təhsil almaq məqsədilə Peterburqa gəlib və uğurla imtahan verərək Yol Mühəndisləri İnstitutuna daxil olub. Səkkiz il bu ali təhsil ocağında oxuyub və eyni zamanda universitetin şərq fakültəsində azad müdavim kimi mühazirələri dinləyib.
1908-ci ildən "Nicat" mədəni-maarif cəmiyyətində çalışıb, milyonçu Hacı Zeynalabdin Tağıyevin Kür-Xəzər gəmiçiliyi idarəsmdə işləyib. Xidməti vəzifəsi ilə bağlı Qafqazı, İranı, Volqaboyu diyarları, Orta Asiyanı dolanıb. 1911-ci ildə vəzifədən çıxan Əbdürrəhim bəy Ağdama gəlib və beş il burada yaşayıb. 1916-cı ildə Tiflisdə rus dilində nəşr olunan "Şəhərlər İttifaqının Qafqaz şöbəsi əxbarı" aylıq məcmuəsinə müdir təyin olunub. Bir il ötəndə Borçalı qəzasma müvəkkil təyin edilib. 1919-cu ildə Müsavat hökuməti onu Dağıstana Azərbaycan Demokratik Respublikasının nümayəndəsi göndərib.
Əbdürrəhim bəy Haqverdiyev 1920-ci ilin iyununda Bakıda yenicə yaranan şura teatrı komissarı seçilib. 1921-1931-ci illərdə Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxuyub. 1924-cü ildə Rusiya Elmlər Akademiyasının ölkəşünaslıq bürosuna müxbir üzv seçilib.
Əbdürrəhim bəy Haqverdiyev 1933-cü il dekabrın 11-də Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.
"Molla Nəsrəddin" jurnalında "Lağlağı", "Ceyranəli", "Xortdan", "Həkiminun-səğir", "Mozalan", "Süpürgəsaqqal" imzaları ilə felyeton, hekayə və publisist yazılar dərc etdirib. Klassik irsimizə "Marallarım" silsilə hekayələrini, "Xortdanın cəhənnəm məktubları" povestini bəxş edib.
Məktəbin fəal şagirdləri Arzu Ağayeva, Zilan Məmmədova Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığı haqqında çıxış etmişlər.
Nuray Rəhmətova ədibin “Müsibəti -Fəxrəddin”, Abdulla Lətifov “Dağılan tifaq” əsərləri barədə məlumat vermişlər. 
Gülcahan Kazımzadə “Bomba” hekayəsinin məzmununu danışmışdır.
Ədəbiyyat müəllimi R.Hüseynova Əbdürrəhim bəy Haqverdiyevin “Molla Nəsrəddin “ jurnalında dövrünün cəhalətinə qarşı müxtəlif imzalarla çap elətdirdiyi hekayə və felyetonlar haqqında məlumat vermişdir.
Mehparə Quliyeva bildirdi ki, Ə.bəy Haqverdiyev dünya klassiklərindən V.Şekspirin “Hamlet”, F.Şillerin “Qaçaqlar”, E.Zolyanın “Qazmaçılar” , F.Volterin “Sultan Osman” və bir çox başqa hekayə, povest və pyeslərini Azərbaycan dilinə tərcümə etmişdir.
Sonda məktəbin direktoru L. Qənbərzadə çıxış etmiş, müəllim və şagirdlərə bu maraqlı araşdırmalara görə təşəkkürünü bildirmişdir. 
ƏLİHÜSEYN ŞÜKÜROV