20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi Ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir

20 Yanvar 2021 19:29 (UTC+04:00)

20 Yanvar — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və SSRİ Daxili Qoşunlarının iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.
Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarin 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.
Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Respublika rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.
        1987-ci ilin oktyabrında ermənilərin Azərbaycana qarşı torpaq iddialarının həyata keçirilməsinə mane olan Heydər Əliyev Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən uzaqlaşdırıldı. Heydər Əliyevin SSRİ rəhbərliyindən kənarlaşdırılmasından dərhal sonra ermənilər Mixail Qorbaçovun xeyir-duası ilə Qarabağ avantürasına start verdilər.
1988-ci il fevralın 20-də Er¬mənistanın bilavasitə müdaxiləsi ilə DQMV Xalq Deputatları Sovetinin iclası keçirildi. Sovetin tərkibindəki 140 deputatdan 110-u erməni, digərləri isə azərbaycanlılar idi. Azər¬baycanlı de¬putatlar yığıncağa buraxılmadılar. İclasda DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət edildi. 1988-ci il fevralın 25-də Georgi Şahnazarovun və Aleksandr Yakovlevin müşayiəti ilə Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçov Silva Kaputikyanı və Zoriy Balayanı qəbul etmişdir. Onlar M. Qorbaçova saxta xəritələr və tarixi arayışlar təqdim etmiş, onu DQMV-nin Azərbaycanın tərkibində qalmasının mümkünsüzlüyünə inandırmağa çalışmışlar.
Milli ədavətin ilk qurbanları Ermənistanda yaşayan azərbaycanlılar oldu. 1988-ci ilin yanvarında Qafan və Mehridən ilk qaçqınlar Azərbaycana pənah gətirdi. 1988-ci il fevralın 19-da İrəvanda "Ermənistan türklərdən təmizlənməli!", "Ermənistanda yalnız ermənilər yaşamalıdır" kimi mənfur şüarlarla mitinqlər keçirilirdi. Elə həmin gün Bakıda da antierməni ruhlu kütləvi mitinq təşkil olundu. 1988-1989-cu illərdə Ermənistan ərazisində azərbaycanlılara qarşı son etnik təmizləmə həyata keçirildi. Beləliklə, Ermənistandakı 185 Azərbaycan kəndindən 230 min azərbaycanlı qovuldu. Deportasiya zamanı 255 nəfər öldürüldü, 1200 adam yaralandı, 31 min ev, 165 kolxoz və sovxozun əmlakı talan edildi. Bu olaylara Moskva göz yumur, M.Qorbaçov məkrli bəyanatlar verir, Azərbaycanın o zamankı rəhbərləri isə səriştəsiz mövqe nümayiş etdirirdilər.[
Ermənistanın ərazi iddiaları və Dağlıq Qarabağda separatçılıq hərəkatı 1988-ci ildə respublikanın ərazi bütövlüyünün müdafiəsi uğrunda kütləvi xalq hərəkatının yaranmasına gətirib çıxardı. Respublikada milli mənlik şüurunun daha da güclənməsi və demokratik proseslərin inkişafı 1989-cu ilin sentyabrında Azərbaycan Ali Sovetinin "Azərbaycan SSR-in Suverenliyi Haqqında" Konstitusiya qanunu qəbul etməsi ilə əlamətdar olmuşdur.
1989-cu ilin sonu, 1990-cı ilin yanvarında Azərbaycanda ictimai-siyasi vəziyyət xeyli kəskinləşdi, qarşıdurma dərinləşdi, mövcud iqtidarın hadisələrə nəzarəti son dərəcədə zəiflədi. Hakimiyyət böhranı və respublikadakı hadisələrə nəzarətin tam itirilməsi bunda təzahür etdi ki, Dağlıq Qarabağda və Ermənistanla sərhəddə erməni yaraqlılarının qanlı əməllərinin ardınca Cəlilabad və Lənkəran rayonlarında sovet və partiya orqanları devrildi, İranla sərhəddəki istehkamlar dağıdıldı.
1990-cı il yanvarın 18-də Bakıda və Azərbaycanın on bir başqa rayonunda keçirilən izdihamlı mitinqlərdə ümumi tətilin başlandığı elan olundu. Tələb edilirdi ki, qonşu respublikanın ərazi iddialarına son qoyulsun. Bakı ətrafında cəmləşən qoşunlar çəkilib aparılsın və Dağlıq Qarabağa, Ermənistanla sərhədyanı rayonlara göndərilsin. Xəbərdarlıq edilirdi ki, qadağan saatının qoyulması ağır nəticələr verə bilər. Mitinqçilər Azərbaycan KP MK-nın binasını mühasirəyə almışdılar.
1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı.
SSRİ Müdafiə Nazirliyinin, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi “Udar” adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı “ALFA” və SSRİ DTK-nın “A” təxribat qrupları oynayırdı. Yanvar hadisələri zamanı Bakıya yeridilən hərbi qruplaşmanın tərkibinə 76, 104, 106-cı qvardiya hava-desant diviziyalarının üç polku, 295-ci motoatıcı diviziya, xüsusi təyinatlı 22-ci briqada, Qara dəniz donanması dəniz piyadalarının 882-ci batalyonu, DTK-nın 7-ci idarəsinin xüsusi təyinatlı “Alfa” qrupu və s. hərbi hissələr daxil idi.
Yanvarın 19-da gecə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutdu. Mixail Qorbaçovun fərmanı qüvvəyə minənədək (20 yanvar, saat 00:00) artıq 9 nəfər öldürülmüşdü.
Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn “təcili yardım” maşınlarını və tibb işçilərini də atəşə tuturdular.
Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Halbuki, Mixail Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır. 
Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları dağıdılmış, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.
1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə qoşunların yeridilməsi ilə əlaqədar faciəli hadisələrin təfsilatının və səbəblərinin təhqiqi üzrə Azərbaycan Respublikası Ali Sovetinin deputat-istintaq komissiyasının yaradılmasına və Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 19 yanvar 1992-ci il tarixli iclasında həmin komissiyanın işinin yekunlarının müzakirə edilməsinə baxmayaraq, 1994-cü ilə qədər bu məsələyə siyasi-hüquqi qiymət verilməmişdir.
Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli lider Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi.  
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi.
 Ulu öndər Heydər Əliyev dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu. Məhz Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı.
 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Prezidenti İlham Əliyevin dediyi kimi, “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə  "20 Yanvar Şəhidi" fəxri adı təsis edilib. Prezident  İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində  20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün etibarlı sosial müdafiə sistemi formalaşıb; 
 Ulu öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur. 
  Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün də mühüm işlər görmüşdür. Dövlətimizin başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə aylıq təqaüd verilir. Təqaüdün məbləği 2021-ci il yanvarın 1-dən 300 manatdan 500 manatadək artırıldı. Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri aparılıb. Bundan başqa, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksi inşa olunub. 
 
 Azər Hüseynov
 Nəsimi rayon sakini