Şuşa Türk Dünyasının mədəniyyət mərkəzidir

21 Yanvar 2021 09:30 (UTC+04:00)

 

Siyasətdə “yuyulmamış çömçə” kimi dəqiqəbaşı ortaya atılmaq heç də uğurlu taktika deyil. Necə ki, Ermənistanın bir çox rəhbərləri, o cümlədən indiki baş nazir Nikol Paşinyanın ara-sıra dəvət olunduğu beynəlxalq və regional tədbirlərdə, görüşlərdə gümdəmi zəbt etmək eşqi ilə yerli-yersiz hamı ilə selfi çəkdirib məşhurlaşmaq isyəyirdi. Lakin şan-şöhrət əvəzində onun qazançı qəhqəhə və istehza içərisində “Nə oldu, Paşinyan?” sual oldu. İndi də Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyanın sinizmi Azərbaycanda gedən prosesin hər bir anında özünü açıq şəkildə biruzə verir. Belə ki, yer üzünün almaz qaşı tək ruhları oxşayan bizim Şuşa şəhərinin Türki Dünyasının mədəniyyət mərkəzinə çevriləcəyi arzusu Ara Ayvazyanın siyasilikdən çox bambılı fiqur olduğunu üzə çıxarıb.

“Ermənistan Şuşinin Türk mədəniyyətinin mərkəzinə çevrilməsi ilə razılaşmayacaq” - deyə, erməni siyasətçilərinin başçısı, “Novosti Armeniya” saytının yazdığına görə, parlamentdə bəyan  edib: “Şuşi – erməni mədəni mərkəzidir. Bir daha demək istəyirəm, kimin nə deməsindən asılı olmayaraq, biz onunla razılaşa bilmərik ki, Şuşi türk mədəniyyətinin mərkəzi olsun. Mən əminəm ki, biz beynəlxalq ictimaiyyətin dəstəyini alacağıq”.

A.Ayvazyan 44 günlük müharibə vaxtı Ayda yaşamırdı, qədim Azərbaycan şəhəri olan İrəvanda idi və baş verən hadisələrdən çox yaxşı məlumatlıdır. Düzü, sonradan onu hansı ağlına görə xarici işlər naziri qoydular, bu, hələ də qaranlıqdır. Amma böyük ehtimala görə, onu elə bu cür mühakimələrinə görə baş siyasətçi təyin ediblər. Çünki, Ermənistanda siyasət yoxdur, siyasətçilərin dalınca sürünmək var ki, bu da Ayvazyanın lap boyuna ölçülüb. Bu adamın tarixdən elementar bilgisi yoxdur ki, Şuşanı Qarabağ xanlığının hökmdarı Pənahəli xan tikdirib, paytaxt edib və ondan sonra taxta çıxan İbrahimxəlil xan öz dövrünün ən mədəni şəhərlərindən birinə çevirib. Bəlkə də eşidib, ancaq erməniliyə xas həyasızlıq onu bu cür taktikaya sövq edir. Amma, nahaq! Belə fəaliyyətinə görə ona siyasi qulaqburma veriləndə bəlkə özünə yığışar.

Deyir, dostunu göstər, deyim necə adamsan. Ermənistanın baş naziri Nikol Paşinyan kimi birisi olanda xarici işlər naziri də Ara Ayvazyan olar. Çünki, Paşinyan da nasist baxışlarına görə hələ iki il bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ifşa ediləndə, gücü yalnız kəkələməyə çatırdı. Ancaq belə görünür ki, indi özünə gəlib və o da başlayıb sayıqlama taktikası yeritməyə. Belə ki, Azərbaycanı faşizmdə təqsirləndirmək fikrinə düşüb. Niyə? Dediyinə görə, kim tərəfindənsə marka buraxılıb və həmin markadakı şəkildə Qarabağ erməniləri dezinfeksiya edilir (yəni, xislətlərindəki zir-zibil təmizlənir). Belə bir marka həqiqətən var, ya yox, bilinmir, çünki internetdə axtarış versək də bir məlumat əldə edə bilmədik. Çox güman ki, hansısa fərd tərəfindən sərbəst şəkildə bu cür marka buraxılıb. Amma, bunun faşizmə nə dəxli? Bütün dünyanın faşist saydığı və nasist kimi lənətlədiyi Qaregin Njdenin İrəvandakı cılız təfəkkürün məhsulu olan yekə heykəlini bir kənara qoyub, bir neçə qramlıq markadan yapışmaq, yüngül düsək, baş nazir postunu tutan şəxs üçün olduqca aşağılayıcı arqumentdir. Amma, nə edəsən, ermənilər böyüklü-kiçikli buna gedirlər.  

Bu sayıqlamalar ermənilərin vəzifə sahiblərinə aiddir. Sadə ermənilərin isə dərdi başqadır. İrəvanı qar basıb. Əhali soyuqdan və acından titrəyir. Gedirlər merin yanına ki, dərdlərinə əlac eləsin. Mer də yoxa çıxıb. Çox güman ki, Erməniistanın keçmiş prezidenti Robert Koçaryan vaxtilə Afrikaya şir ovuna getdiyi kimi, İrəvan meri Ayk Marutyan da qar yağmasından istifadə edib, dağlara sürüşməyə gedib.    

Bu arada siyasi analitik Tevos Arşakyan Paşiyanın komandasının üzvü Lena Nazaryana müxalifət tərəfindən edilən abırsız hücumlara görə mətbuatda yazır: “İntiqam axtaranlar: erməni qadını danlamaq azəri türkləri ilə döyüşdə vuruşmaqdan asandır”.

Nazaryanın günahı ondan ibarətdir ki, Azərbaycanla müharibədə biabırçı məğlubiyyətə uğrayanların indi İrəvanda intiqam almaq barədə asıb-kəsmələrini tənqid edib. O deyib: “Bu gün əksər ekspertlər, müxtəlif xadimlər danışırlar ki, firavan həyatımızda güc toplayarıq, bir neçə ildən sonra silahlanıb qələbə üçün gedərik. Bağışlayın, mən bu düşüncəni tənəzzül və zərərli sayıram. Və istəyirəm, mənə barmaqla göstərsinlər ki, kimin 18 yaşlı oğlu hesabına bunu etmək istəyirlər”.

Dərhal erməni xisləti özünü göstərib və Lena Nazaryanı söyməyə başlayıblar. Tevos düz deyir, erməni qadınını danlamaq, daha doğrusu söymək, daha asandır, nəinki azərbaycanlılara qarşı döyüşmək. Aydın görünür ki, Nikol Paşinyanın və Ara Ayvazyanın sayıqlama taktikasının davamçıları Ermənistanda kifayət qədərdir.

N.NOVRUZ