“Gənclərimiz tarixi həqiqətləri bilməlidir”

21 Yanvar 2021 12:25 (UTC+04:00)

1990-cı ilin 20 Yanvar faciəsi qan yaddaşımıza əbədi həkk olunmuş, Azərbaycanın dönməz müstəqillik yolunda böyük mübarizə və qəhrəmanlığı ehtiva edən başlanğıc tarixidir. Bu faciə Azərbaycan xalqına, dövlətinə qarşı törədilmiş hərbi və siyasi cinayətdir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda xalq hərəkatını, müstəqillik uğrunda milli mübarizəni yatırtmaq üçün kommumist ideologiyası ilə işğalçılıq və imperiya iddialarını gizlətmiş Sovet dövləti şəxsən Mixail Qorbaçovun rəhbərliyi atlında SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələrini Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridib. Həmin qoşun hissələri tanklardan, zirehli texnikalardan, o cümlədən müxtəlif tipli silahlardan istifadə erməklə dinc əhaliyə qarşı kütləvi amansızlıqlar törədib, qətliamlar törədib. Qətliamlar nəticəsində ümumilikdə 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Lakin 20 yanvar faciəsi Sovet dövlətinin Azərbaycanda dayaqlarını möhkəmlədə bilmədi, əksinə imperiyanın bütün mənəvi və sosial varlığının yox olmasına gətirib çıxardı. Nəticədə müstəqillik ölkəni işıqlı sabaha aparmaq üçün xalqın gözündə bir amala çevirildi.  Ona görə də, 20 yanvar Azərbaycan tarixində xalqın azadlıq uğrunda əliyalın şəkildə imperiya işğalına və əsarətinə qarşı milli dirəniş günüdür. 
  Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli lider Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi. Azərbaycan müstəqillik əldə etdikdən 2 il sonra xalqın çağırışı və tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev həmin dövrdə proseslərin mürəkkəbliyinə baxmayaraq, 20 Yanvar faciəsini diqqətdən kənar qoymadı və onun təşəbbüsü əsasında 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. "20 Yanvar Şəhidi" fəxri adı təsis etdirildi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı. Ulu öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur.  Dövlətimizin başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə aylıq təqaüd verilir. Təqaüdün məbləği 2021-ci il yanvarın 1-dən 300 manatdan 500 manatadək artırıldı. 
Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Bu baxımdan gənclər bu şərəfli tarix səhifəsinin ölkəmizlə yanaşlı, xüsusilə beynəlxalq səviyyədə təbliğ olunmasında daha da fəal iştirak etməlidirlər. 
Fəsli Nəbiyev,
YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri