Azərbaycanın inkişafı üçün yeni bir dövr başlayıb

21 Yanvar 2021 12:35 (UTC+04:00)
Son illər Azərbaycan müharibə şəraitində olan, ərazilərinin 20%-i düşmən işğalı altında olan bir dövlət olsa da cənab prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində böyük bir inkişaf yolu keçmişdir. Ölkəmizin yerləşdiyi region coğrafi, həmçinin təbii ehtiyyatlar baxımından zəngin olsa da, hər daim öz qaynar münaqişə nöqtələri ilə seçilmişdir. 2021-ci ilə isə biz artıq qalib ölkə kimi daxil olduq, işğal olunmuş torpaqlarımızı geri qaytarmaqla regionda yeni bir dövr başlatdıq. Bütün bunlar dünyada kifaət qədər gərgin iqtisadi-siyasi proseslərin gedişatında baş verdi və nəticədə biz Qarabağımızı geri qaytardıq. Heç şübhəsiz ki, iqtisadi və siyasi gücü olmayan ölkə 44 gündə bu şərəfli tarixi yaza bilməzdi. 
Ölkə prezidenti cənab İlham Əliyev də, Sumqayıt şəhərinə səfəri zamanı bu nüanslara bir daha toxundu. Ölkəmizdə son illərdə bir sıra zavod və fabriklər istifadəyə verilir, turizm sektorunun inkişafı daha da sürətləndirilir. Bütün bunlar ölkəmizdə qeyri neft sektorunun inkişafına hesablanıb. Bir sıra sahələrdə artıq son illərdə ölkəmiz ixracı azaldıb və müxtəlif məhsulların idxalına başlayıb. Bütün bunlar ölkənin iqtisadi sabitliyinin qorunmasına,  qeyri-neft sektorunun inkişafına hesablanmış addımlardır. 2014-cü il xatırlayırsınızsa, ölkəmizdə “Sənaye ili’ elan olundu və bir sıra yeni müəssisələrin açılması, irimiqyaslı layihələrin reallaşdırılması ilə yadda qaldı. Son illər xüsusilə Sumqayıt şəhərinin ekoloji şəraitinin yaxşılaşdırılması üçün ən müasir texnologiyalardan istifadə olunur və modern müəssisələr inşa edilir. 
Qeyri-neft sənayesinin inkişafı ölkənin karbohidrogen daşıyıcılarının hasilatı və ixracından əldə edilən gəlirlərdən, həmçinin daxili istehsalın və istehlak bazarının idxaldan asılılığını azaldır, ixracın şaxələnməsinə xidmət edir. 
Son 17 il ərzində ölkədə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri, müxtəlif bölgələrdə sənaye parkları yaradılıb, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixrac imkanları genişlənib. Nəticə olaraq yerli istehsal canlanır, yeni iş yeri yaradılır və iqtisadiyyatımızın şaxələndirilməsi təmin edilir.
Yeni “sulfat turşusu istehsalı” zavodunun fəaliyyətə başlaması ilə idxal yerli istehsalla əvəz olunacaq, məhsulları Gürcüstana və Rusiyaya ixrac edilməsi də planlaşdırılır. 
 Sumqayıtda şüşə tara məhsullarının və vərəqə şüşənin istehsalı qeyri-neft sektorunun bu məhsullara tələbatını təmin edəcək, məhsulların ixrac potensialı da olacaq. 
 Prezident İlham Əliyevin də söylədiyi kimi: Yeni müəssisələrin yaradılmasının və təməlinin qoyulmasının həm ölkə, həm də Sumqayıt şəhərinin inkişafı üçün çox böyük əhəmiyyəti var.”
Təsadüfi deyil ki, Sumqayıt hazırda nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir və müasir sənaye mərkəzidir. Sovet vaxtı tikilmiş və istismar müddətini başa vurmuş çoxsaylı müəssisələrin yerində  10 il bundan əvvəl 500 hektar sahəni əhatə edən Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır. 
Qeyri-neft sektorunun inkişafı, idxaldan asılılığın azalması sayəsində Azərbaycanın  valyuta ehtiyatları az da olsa, artıb. 
2020-ci ildə Azərbaycanda qeyri-neft sənaye sahəsində artım 12,5 faiz olub.
Bir nüansı da qeyd etmək lazındır ki, ölkə prezidenti Sumqayıt səfəri zamanı bir sıra xəbərdarlıqlar da etdi və önəmli mesajlar verdi:
• Ölkəmizin müxtəlif yerlərində bəzi xoşagəlməz hallar məhz nəzarətsizlik ucbatından baş verir;
• Azərbaycanda təmizləmə prosesi gedir və gedəcək; 
• Heç kimin hansısa xüsusi imtiyazı və ya toxunulmazlığı yoxdur; 
• Bəzi yerlərdə torpaqlar və su resursları zəbt edilir, insanların əlindən alınır, qeyri-ədalətli şəkildə bölünür;
• Azad olunmuş torpaqlarda qurulacaq inkişaf modeli  bütün Azərbaycana  transfer ediləcək, mövcud qüsurlar aradan qaldırılacaq və ölkəmizin uğurlu inkişafı təmin ediləcək.
Prezidentin post-müharibə dövrü üçün müəyyən etdiyi yeni hədəfləri də ölkəmizin gələcək inkişaf xəritəsi haqqında çox nüanslara aydınlıq gətirir:
• Azad olunmuş torpaqların bərpası dövlət siyasətində xüsusi yer tutur. 
• İşğaldan azad olunmuş torpaqlarda çox böyük potensial - bərpaolunan enerji növləri, qiymətli təbii sərvətlər, qızıl yataqları, mis yataqları, çaylar, su anbarları, kənd təsərrüfatı üçün münbit torpaq, turizm imkanları var. 
• Azad olunmuş bölgələr növbəti inkişafımızın aparıcı qüvvəsinə çevriləcək. 
• Azad edilmiş torpaqların idarə edilməsi ilə bağlı Prezidendin ideyaları yaxın zamanlarda həyata keçiriləcək.  
• Azad olunmuş bölgələrdə mövcud olan vəziyyətə uyğun müasir idarəetmə sistemi qurulmalı, şəhərsalma, dövlət orqanlarının funksiyaları planlı şəkildə təmin edilməlidir.
• Azərbaycanın inkişafı üçün yeni bir dövr başlayıb. 
• Müharibənin başa çatması investisiyaların cəlb edilməsini daha asanlaşdırır.
Bütün bu sadaladığımız faktorlar yeni   2021-ci il də artıq daha böyük qələbələr qazanacağımıza və daha da güclənəcəyimizə bir işarədir. Geriyə tək birşey qalır, ölkə prezidentinin gördüyü işlərə bir vətəndaş kimi töhvə vermək və dövlətimizin daha da güclənməsində öz üzərimizə düşən işləri daha dəqiqliklə görmək!