Saray qəsəbəsində qətl hadisəsi baş verib

23 Yanvar 2021 10:39 (UTC+04:00)
Yanvarın 22-də saat 19 radələrində Abşeron rayonunun Saray qəsəbəsində 1972-ci il təvəllüdlü Bədirov Tofiq Güləli oğlunun yaşadığı evdə meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir. Aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu 2003-cü il təvəllüdlü Əliyev İsmayıl Nəvahi oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Tofiq Bədirovu boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir. İsmayıl Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.