Pandemiyaya görə Niderlandda ara qarışıb

26 Yanvar 2021 10:16 (UTC+04:00)

 

Koronavirusun həmləsindən ciddi problemlərlə qarşılaşan Niderlandda hökumət ötən şənbə günü ölkədə komendant saatı tətbiq etməyə məcbur olub. Fevralın 9-na qədər axşam saat 21-dən səhər saat 4:30-a qədər evdən bayıra çıxmaq yasaq edilib. Qaydanı pozan hər bir kəs 95 avro məbləğində cərimə edilir.

Bu, ikinci dünya müharibəsindən sonra ilk dəfə olaraq tətbiq edilən komendant saatı idi. Lakin əhali bu tədbiri lüzumsuz sayıb və hökumətin qərarına asayişi pozmaqla cavab verib.

Komendant saatı barədə qərar şənbə günü verilib. Səhərisi isə ölkənin böyük şəhərlərində qərara etiraz əlaməti kimi iğtişaşlar başlayıb. Amsterdamda, Eynhovendə və liman şəhəri Rotterdamda etirazçılar mağazaların vitrinlərini sındırıb, malları qarət edib, avtomoibillərə od vurub yandırıblar. Polisin və KİV-in yaydığı məlumatlara görə Haaqa və Den Boş, habelə Maastrixtin yaxınlığındakı kiçik Helen şəhərciyi də iğtişaşlardan lərzəyə gəlib.

Etirazçılarla polis arasında başlanan qarşıdurma nəticəsində 250 nəfər saxlanılıb.

“Mövqe.az”